İqtisadçılar prezidentin dediklərini şərh edirlər
İyulun 31-də prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə süni qiymət artımından danışıb.
“Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil”, - dövlət başçısı söyləyib.
O bildirib ki, süni qiymət artımına yol verilməməlidir və “çox ciddi nəzarət mexanizmi olmalıdır”, bu sahə daim diqqət mərkəzində qalmalıdır.
İqtisadçılar prezidentin “çox ciddi nəzarət mexanizmi” haqda dediklərini müxtəlif rakurslardan dəyərləndirirlər.
Bunu antiinhisar qanunvericliyinin işləməməsi, rəqabət mühitinin olmaması ilə izah edən də var, hökumətin bazardakı qiymətləri müxtəlif yollarla tənzimləmək imkanı olduğu halda “barmaq silkələməklə” kifayətləndiyini düşünən də.
Rəqabət Məcəlləsi 11 ildir rəflərə qaldırılıb
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyir ki, süni qiymət artımı etiraf olunursa, inhisarçılıq etiraf olunur:
“Süni qiymət artımı ancaq inhisarçılığa bağlıdır, bununla da antiinhisarçılıq qanunvericiliyi çərçivəsində mübarizə aparıla bilər”.
O hesab edir ki, dövlət nə ərzağa, nə qeyri məhsullara qiymət qoya bilməz, bu, həm Azərbaycanın qanunvericiliyinə ziddir, həm də bazar iqtisadiyyatının məntiqinə:
“Qanunvericiliyə görə, bazarın 33 faizindən çoxuna nəzarət edən şirkətlərə qarşı antiinhisar qanunu işə düşməlidir. Bu da çox iri şirkətlərə aiddir, məsələn, “Azərsun”a. Müxtəlif seqmentlər üzrə bazarın bəlkə də 90 faizi onların əlindədir. Bu şirkətlərə qarşı mexanizm hazırlanmalıdır, antiinhisar qanunvericiliyi çalışmalıdır. Azərbaycandakı iri inhisarçı şirkətlər çox təəssüf ki, məmurlara bağlıdır, onlara qarşı heç bir addım atılmır. Dövlət bu halda tənzimləyici funksiya yerinə yetirə bilər. Bu halda böyük paya sahib şirkətlər azalacaq, bazar iştirakçılarının sayı artacaq və qiymət iqtisadi üsullarla tənzimlənəcək”.
İqtisadçı hesab edir ki, “normal iqtisadi sistemi, rəqabətli mühiti olan” ölkələrdə süni qiymət artımı mümkün deyil:
“Rəqabət Məcəlləsi 2008-ci ildə ilk oxunuşda qəbul edilib. Artıq 11 ildir ki, qanun rəflərə qaldırılıb. Parlament onu ikinci, üçüncü oxunuşda oxuyub qəbul etmək istəmir”.
“Hökumət ticarət şəbəkələrinə barmaq silkələyib və qiymətləri aşağı salmalarını istəyib”
Natiq Cəfərlidən fərqli olaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, iqtisadçı Nemət Əliyev hesab edir ki, dövlət bazar iqtisadiyyatı qaydalarını pozmadan bazara müxtəlif yollarla müdaxilə etməklə qiymətləri tənzimləyə bilər.
Onun sözlərinə görə, dövlət bazara əlavə mal çıxarmaqla, tələb-təklif arasındakı nisbəti dəyişməklə qiymətlərə müdaxilə edə bilər, bu halda qiymətlər aşağı düşəcək.
İqtisadçının gümanına görə, İlham Əliyev “çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır” deyəndə bu üsulu nəzərdə tutur.
Nemət Əliyev yada salır ki, dövlət başçısı buna qədər də süni qiymət artımı haqqında danışıb, nəticədə hökumət “ticarət şəbəkələrinə barmaq silkələyib və qiymətləri aşağı salmalarını istəyib”. O, bu davranışın bazar iqtisadiyyatının prinsiplərinə zidd olduğunu, ona görə qiymətlərin bu şəkildə ucuzlaşmasını yolverilməz hesab edir:
“Misal üçün unun bahalaşmasının qarşısını almaqdan ötrü hökumət zəhmət çəkib xaricdən un almalıdır və ya o yöndəki fəaliyyəti stimullaşdırmalıdır. Yaxud da buğda 28 faiz bahalaşıbsa onu xaricdən gətirən sahibkarın başından dövlət aşağı basmamalıdır ki, qiyməti aşağı sal. Bunun əvəzində ölkədə taxıl fondu yaradılır, bazarda qiymətin səviyyəsi gözlənilən səviyyədən yuxarı qalxan kimi dərhal bazara əlavə mal çıxarılır. O zaman qiymət düşür”.
İqtisadçı bir məqama diqqət çəkir - rəsmi rəqəmlərə görə taxıl istehsalının 15 faiz artdığını, xaricdən bazara taxıl gətirildiyini, ancaq bu halda belə bahalanma müşahidə olunduğunu deyir. Nemət Əliyev bunu statistik məlumatların reallığı əks etdirməməsi ilə izah edir. O, qiymət artımını idxalın kəskin artması və yerli istehsalın azalması ilə əsaslandırmağa çalışır.
Hələlik, söylənənlərə dövlət qurumlarından, adı çəkilən Azərsun şirkətindən münasibət almaq mümkün olmayıb.