Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 20:17

Qəbulda yüksək bal toplayanlar azalıb


M.Abbaszadə

Dünən, iyulun 31-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının iclası keçirilib.

Bu barədə avqustun 1-də DİM-in saytı məlumat verib.

Məlumatda yazılıb ki, iclasda 2019-cu ilin birinci yarım ilinin yekunları, ali təhsil müəssisələrinə qəbul olmaqdan ötrü keçirilmiş imtahanların nəticələri, dövlət qulluğuna qəbul və digər cari məsələlər müzakirə edilib.

DİM sədri Məleykə Abbaszadə qeyd edib ki, bakalavriat səviyyəsi üzrə bu il keçirilən yaz və yay qəbul imtahanlarının ümumi nəticələri arasında, ötən il olduğu kimi, elə də ciddi fərq yoxdur: «Abituriyentlərin nəticələri arasında orta fərq təxminən 20 bala bərabərdir. Bu da nəticələrin etibarlılığının yüksək göstəricisi kimi qiymətləndirilməlidir».

Sədrin sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələrinin bal intervalları üzrə paylanmasına baxılarsa, I-IV ixtisas qruplarında yüksək bal toplayanların sayının ötən illə müqayisədə azaldığı bəlli olacaq: «I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə azalma müşahidə etmək olur. Yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərinin sayının az olmasına təsir edən amillərdən biri ola bilər. Lakin daha yuxarı bal toplayan abituriyentlərin sayının az olması onların ali təhsil müəssisələrinə yerləşdirilməsinə hər hansı mənfi təsir göstərməyəcək».

Daha sonra abituriyentlərin ixtisas seçiminə toxunan sədr bildirib ki, I və IV ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq müsabiqəyə buraxılanların sayı 46 min 814 nəfərdir: «Hələlik təsdiq olunmuş ərizələrin sayı isə 32 min 202-dir. V ixtisas qrupu üzrə 4 min 623, subbakalavrlar üzrə isə 6 min 925 ərizə təsdiq olunub» (qeyd olunan statistik məlumatlar iyulun 31-i saat 14.00-a aiddir).

Xatırlatma

Bu il Azərbaycanda ali məktəblərə qəbul ikimərhələli aparılıb. Qəbulda buraxılış imtahanının nəticələri də qəbul imtahanında toplanan balın üzərinə gəlir. Buraxılış mərhələsində maksimum 300, qəbul imtahanında isə 400 bal toplamaq mümkündür. Bu il imtahanların məzmununa da bir sıra dəyişikliklərin edildiyi qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG