Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 21:47

Vəkilin ölkədən çıxışına qadağa götürülüb


A.Mustafayev

Vəkil Əsabəli Mustafayev ölkədən çıxışına qoyulmuş qadağanın götürüldüyünü bildirir.

Ə.Mustafayevin sözlərinə görə, qadağanı 2014-ci ildə Baş Prokurorluq qoyub, bu, qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işlərinin istintaqı çərçivəsində baş verib.

Məlumata görə, onun ölkədən çıxışı məhdudlaşdırılıb, həmçinin, vergi orqanı onun rəhbərlik etdiyi təşkilata – Demokratiya və İnsan Haqları Resurs Mərkəzinə cərimə hesablayıb: «Beş il ərzində ölkənin kənarına çıxa bilmədim. Apreldə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə müraciət etdim və səhhətimdəki problemlərlə bağlı tibbi klinikanın arayışını əlavə etdim. Lakin cavab verilmədi».

Vəkilin deməsinə görə, müraciətə cavab almadığından Ombudsman Aparatına və məhkəməyə müraciət edib.

Ə.Mustafayevin sözlərinə görə, iyulun 30-da isə İstintaq idarəsindən ona məktub gəlib. Vəkilin sözlərinə görə, məktubda bildirilib ki, ölkədən çıxışına məhdudiyyət ləğv olunub.

Ə.Mustafayevin vurğulamasına görə, buna baxmayaraq, ona qarşı digər hüquqi məhdudiyyətlər hələ də qalmaqdadır. Onun sözlərinə görə, şəxsi bank hesabına və rəhbərlik etdiyi təşkilatın hesabına qoyulmuş həbs qərarı qüvvədədir.

Vəkilin bu açıqlamasını, hələlik, Baş Prokurorluqdan dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

Ə.Mustafayev Azərbaycanda bir sıra müxalif siyasətçi və ictimai fəalın hüquqlarını müdafiə edib. 2018-ci ilin aprelində Vəkillər Kollegiyasının qərarı ilə vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb. Ə.Mustafayev bir sıra çıxdığı işləri siyasiləşdirməkdə günahlandırılıb. Amma onun özü ittihamı qəbul etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG