Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:51

'Beş ildə 90 neftçi həlak olub'-Media icmalı


Yol tikintisi
Yol tikintisi

Xarici siyasət, Azərbaycanın neft sektorunda insanın təhlükəsizliyi, Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda təmir işləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bu yol əsaslı şəkildə yenidən qurulmalıdır»

«Yeni Müsavat» qəzetində «Bakı-Quba yolunda təmir başlayır-amma günahkarlar cəzasız qalır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Bakı-Quba-Rusiya sərhədi magistral yolu təmir olunur. Müəllifin qeyd etməsinə görə, yol verilən konstruktiv səhvlər, həmçinin normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.

«Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfli qəzetə açıqlamasında bildirib ki, təmir işləri ilə bağlı xüsusi vəsait ayrılmayıb: «Yolların saxlanılması üçün dövlət büdcəsindən AAYDA-ya ayrılan vəsait hesabına bu yolun təmir-bərpa işləri həyata keçirilir. Sürücülərin müraciəti və vətəndaşların narahatlığından sonra biz bu istiqamətdə işlərə başladıq və agentlik olaraq buna biganə qala bilmərik. Orada vəziyyət həqiqətən də acınacaqlıdır… Lakin ümumilikdə hazırda aparılan işlər problemin həlli ilə bağlı çıxış yolu deyil. Bu yol əsaslı şəkildə yenidən qurulmalıdır. Hazırda aparılan işlər, sadəcə, təmir-bərpa işləridir».

Qəzet belə bir sualı gündəmə daşıyır: «Bəs, görəsən, yolun keyfiyyətsiz çəkilməsinə və baş verən yeyintiyə görə araşdırma aparılarsa, hüquqi məsuliyyət, cəza, həbslər ola bilərmi?».

Deputat Vahid Əhmədov qəzetə bildirib ki, Bakı-Quba yolunun çəkilməsinə çox böyük məbləğdə vəsait xərclənib: «O yolu beton yolu adı ilə çəkdilər, sonradan məlum oldu ki, çox keyfiyyətsizdir. Həmin yolun qorunub saxlanılmasında da problemlər oldu...».

Hüquqşünas Əkrəm Həsənov isə vurğulayıb ki, məsuliyyət mütləq olmalıdır: «Ancaq belə cinayət işlərinin başlanmasını ya həmin yolu çəkən dövlət orqanının tabe olduğu daha yuxarı orqan qaldırmalıdır, ya da Hesablama Palatası həmin dövlət orqanının fəaliyyətini yoxladıqdan sonra, bu faktları müəyyən etdikdən sonra Baş Prokurorluğa müraciət etməlidir...».

Həmin yolun təqribən 10 il əvvəl çəkildiyi deyilir.

M.Qəhrəmanlı
M.Qəhrəmanlı

«İnsan inventar deyil ki, hansısa protokolla «spisat» edəsən»

Yenisabah.az-da «Beş ildə 90 neftçi həlak olub-Heç kim məsuliyyətə cəlb olunmayıb» sərlövhəli yazı diqqət cəlb edir.

«Son beş il ərzində (2014-2018-ci illər) ölkənin neft sənayesində işəgötürənin təqsiri üzündən 90 nəfər işçi həlak olub. Bunun da 90 faizi SOCAR-ın işçiləridir».

Bunu sayta Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) sədri Mirvari Qəhrəmanlı bildirib.

M.Qəhrəmanlı iddia edir ki, bu beş il ərzində istehsalatda baş verən bədbəxt hadisələrə görə bir nəfər də olsun işəgötürən və ya digər vəzifəli şəxs məsuliyyətə cəlb olunmayıb: «Hətta əksinə, daha çox bədbəxt hadisə baş vermiş müəssisə rəhbərlərinin vəzifədə irəli çəkilmə faktı da müşahidə olunur. Məhz buna görə də istehsalatda ölüm hadisələri davam edir. İnsan isə inventar deyil ki, hansısa protokolla onu «spisat» edəsən».

M.Qəhrəmanlı deyib ki, bu il iyulun 15-də «Günəşli» yatağı ərazisində 261 saylı quyuya kimyəvi məhlul vurarkən həmin məhlul Seymur Vəlixanovun üzünə tökülüb və nəticədə o həlak olub: «Seymurun dördyaşlı övladı var. O, sağlam idi. Belə ki, bu ilin aprelində tibbi müayinədən keçmişdi...».

Komitə sədri daha sonra da insan ölümünə baxmayaraq, heç kəsin məsuliyyətə alınmamasına diqqət çəkib.

R.T.Ərdoğan və İ.Əliyev
R.T.Ərdoğan və İ.Əliyev

«Müstəqil siyasət»

«Azərbaycan» qəzetində «Müstəqil siyasət, etibarlı tərəfdaş» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan dünya birliyinin fəal aktyorlarından birinə çevrilib. Yazıda vurğulandığına görə, yerləşdiyi regionda iqtisadi və siyasi cəhətdən böyük nüfuza malik olan Azərbaycan hər keçən gün beynəlxalq birlikdəki yerini möhkəmləndirir: «Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizi dünya birliyinin etibarlı və məsuliyyətli tərəfdaşına çevirib. Azərbaycanın daha da qüdrətlənməsi üçün böyük əzmlə çalışan cənab İlham Əliyevin müstəqil siyasət yürütməsi ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirir».

Yazıda qeyd edilib ki, xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəldilir. Müəllifin fikrincə, dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir.

Müəllif sonda da yazıb ki, indi Azərbaycana baxış olduqca müsbət və nikbindir. Yazıda vurğulandığına görə, dünya ölkələri Azərbaycanın timsalında etibarlı tərəfdaş, multikultural dəyərlərə, ənənələrə sadiq, tolerantlıq nümunəsi olan bir ölkə görürlər: «...Onun regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər. Bütün bunlar əlbəttə ki, beynəlxalq birliyin Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətə verdiyi dəyərdir».

XS
SM
MD
LG