Ölkədə sənaye parklarının, məhəllələrinin yaradılması, manatın məzənnəsi, ixtisarlar, bunun mümkün təsirləri və başqa məsələlər medianın toxunduğu mövzulardandır...
«...Lazımsız strukturlar var»
Yenisabah.az saytında «Azərbaycanda bəzi vəzifələr ləğv olunmalıdır! - millət vəkilindən təklif» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirildiyinə görə, Fransanın fəaliyyət və dövlət hesabları naziri qeyd edib ki, 2022-ci ilə qədər 15 min dövlət məmuru vəzifəsinin ləğv olunacağı gözlənir. «Bəs, görəsən, Azərbaycanda da belə bir islahata ehtiyac varmı», - yazıda sual edilir
Mövzu ilə bağlı sayta açıqlama verən deputat Fazil Mustafa Azərbaycanda buna çoxdan ehtiyac olduğunu bildirib: «Bizdə ştatlar daha çoxdur. Dövlət büdcəsindən maliyyələşən artıq, lazımsız strukturlar var ki, bir-birini təkrar edir».
F.Mustafa hesab edir ki, Azərbaycanda bütün sahələrdə ixtisara getmək mümkündür: «Mən konkret deyə bilmərəm ki, hansı qurumlar, vəzifələr ixtisar olunmalıdır. Mənim öz mülahizəm, hökumətin öz mülahizəsi var...».
Deputat bu məsələ ilə bağlı bəzi addımların atıldığını da qeyd edir: «Bir sıra qurumlar ilin əvvəlində ləğv olundu. Amma bütövlükdə onların yerinə yeniləri yarandı. Əvəzolunma prinsipi bizdə daha çox üstünlük təşkil etməyə başladı. Yəni, birbaşa dövlət büdcəsindən maliyyələşməyən, öz hesabından maliyyələşən qurumlara çevrildilər. Bunun özü də müəyyən dərəcədə müsbət haldır. Amma bütövlükdə bu, yetərli deyil».
F.Mustafa deyib ki, islahat olacağı təqdirdə işsizliyin də artacağını düşünür: «...Fransa kimi ölkələrdə alternativ olaraq özəl sektor yetərincə inkişaf edib, ixtisaslaşmış imkana sahibdir, maaşlar da yüksəkdir. Bizdə özəl sektorun kifayət qədər inkişaf etmədiyinə görə buradan çıxanlar işsizlər ordusuna qatılır. Ona görə bunları da düşünməliyik. Orada çətinliklərin öhdəsindən gəlmək olur, bizdə isə bu, çox ağırdır».
«Manatda reaksiya yoxdur»
Azpolitika.info saytında «Bu sabitlik çox uzun çəkməyəcək…-iqtisadçı professor manatla bağlı xəbərdarlıq edir» sərlövhəli yazı diqqət çəkir.
Müəllif iqtisadi inkişaf və manatın məzənnəsi mövzusunda Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu ilə söhbətləşib.
Q.İbadoğlu öncə Gürcüstan, İran və başqa bəzi ölkələrin milli valyutaların dəyər itirməsi fonunda bu prosesin manata mümkün təsirlərinə dair düşüncələrini bölüşüb. O deyib ki, İran, Gürcüstan, Qazaxıstan milli valyutaları son dövrlər ucuzlaşır, Türkiyə, Rusiya milli valyutaları isə nisbətən möhkəmlənir.
Manatla bağlı duruma gəlincə isə, iqtisadçı Azərbaycanda «sabit kurs» olduğunu deyir: «Necə ki, ölüdə reaksiya yoxdur, eləcədə manatda reaksiya yoxdur. Azərbaycan manatını ölmüş vəziyyətdə saxlayırlar. Yəni, manat nə tənzimləyici funksiyasını yerinə yetirir, nə də bazarla əlaqəli şəkildə baş verənlərə reaksiya göstərir. Azərbaycan manatı sabit saxlanılmaqla, eyni zamanda, iqtisadiyyatda gedən proseslərin nə inkişafında, nə stimullaşdırılmasında, nə də təşviqində rol oynayır».
Q.İbadoğlunun fikrincə, Azərbaycanda məzənnə siyasəti ilə pul-kredit siyasəti arasında əlaqə yoxdur: «Eyni zamanda, məzənnə siyasəti ilə fiksal siyasət arasında əlaqə yoxdur. Eləcə də, məzənnə siyasəti ilə qeyri-neft sektorunun inkişafı və tənzimlənməsi arasında kontakt yoxdur. İxrac siyasəti ilə milli valyuta arasında əlaqədən də danışmağa dəyməz».
Q.İbadoğlu Azərbaycan hökumətinin iqtisadiyyatda şaxələnmə olması barədə mövqeyini də əsaslı saymır. O vurğulayıb ki, şaxələnmə baş versəydi, bu, ilk növbədə istehlak bazarında və ya ixracın strukturunda görünməli idi: «...İxracatda qeyri-neft sektorunun payı aşağı düşüb. Çünki neft-qaz, neft məhsullarının ixracatda payı 90 faizi keçib. Əvvəlki illərə nəzər salsaq görəcəyik ki, hətta qeyri-neft ixracatının göstəriciləri mütləq mənada azalıb».
Sənaye parkları, məhəllələri ...
«Azərbaycan» qəzetində «7 layihə, 20 milyon manat investisiya» sərlövhəli yazı dərc edilib.
Bu yazıda Q.İbadoğlunun fikirləri ilə üst-üstə düşməyən dəyərləndirmələr yer alır.
Müəllif yazıb ki, indi sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yazıda vurğulandığına görə, qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın azaldılmasına yeni imkanlar açır: «Bu baxımdan müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafının təmin edilməsi, bu sahəyə sahibkar marağının artırılması və daha çox investisiyanın cəlb edilməsi, istehsal sahəsində məşğulluğun yüksəldilməsi vacib amillərdir».
Yazıda qeyd edildiyinə görə, yaradılan sənaye parkları, məhəllələri kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafına, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir: «Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı Sənaye parkları, Sumqayıt Texnologiya Parkı, Yüksək Texnologiyalar Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala, Masallı Sənaye məhəllələri fəaliyyət göstərir».
Müəllifin yazmasına görə, prezident İlham Əliyevin illər öncə söylədiyi «Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə valyuta gətirəcək» fikri təsdiqini tapır: «...Yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən işlər tezliklə ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayenin sürətli inkişafına səbəb olacaq».