Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

'Rusiyanın təxribatına uyub...'-Media icmalı


«Keşikçidağ» Məbəd-Kompleksi
«Keşikçidağ» Məbəd-Kompleksi

Azərbaycan Gürcüstan sərhədində yaşanan insident, Şəki Xan Sarayı ərazisində baş verən faciəli hadisənin səbəbləri və başqa məsələlər medianın daha çox diqqət ayırdığı mövzulardandır....

Keşikçidağda olanlar...

«Yeni Müsavat» qəzetində «Keşikçidağdakı təxribat Gürcüstan və Azərbaycan rəsmilərini ayağa qaldırdı» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, iyunun 14-də bir qrup Gürcüstan vətəndaşının «Keşikçi qala» sərhəd zastavasında xidmət keçən Azərbaycan əsgərlərini təxribata çəkmək cəhdi son iki gün ərzində hər iki qonşu ölkənin rəsmi qurumlarını hərəkətə gətirib: «...Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib...».

Yazıda qeyd edilir ki, Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze də «Keşikçidağ» Məbəd-Kompleksində (Azərbaycanın Gürcüstanla sərhədində yerləşir) baş verən insidentə aydınlıq gətirib: «O, jurnalistlərə azərbaycanlı sərhədçilərin məbəddən ikonaları götürməsinin səbəbini açıqlayıb. Gürcüstan rəsmisi deyib ki, Azərbaycan tərəfi ikonaları onların zədələnməməsi üçün məbəddən götürüb».

Yazıda daha sonra baş verən olaylarla bağlı müxtəlif rəylər təqdim edilir. REAL Partiyasının sədrinin müavini Erkin Qədirli qeyd edib ki, Keşikçidağda baş verənlər təxribatdır: «Rusiyanın təxribatına uyub strateji üstünlüyümüzü itirməməliyik».

Politoloq Şahin Cəfərli də hesab edir ki, nə Gürcüstanın, nə də Azərbaycanın yeni bir münaqişəni qaldıracaq gücü və taqəti var. Onun fikrincə, Gürcüstanda radikal millətçi çevrələr var: «Bunların hamısı olmasa da, bir qismi şimaldan yönləndirilir və son illər İvanişvili hökumətinin Rusiya ilə yaxınlaşmasının təbii sonucu olaraq ciddi şəkildə fəallaşıblar. Əsgərlərimiz əgər silahsız dəstəni atəşə tutsa və qan tökülsə, həmin çevrələrin - və daha kimlərin, özünüz fikirləşin - çoxdan arzuladığı situasiya yarana və çox təhlükəli, zəncirvari reaksiyalar başlaya bilərdi...».

Ə.Həsənov
Ə.Həsənov

Ə.Həsənov: «Belə həssas məqamlardan istifadə etməyə çalışırlar»

Rəsmi AZƏRTAC saytında isə bu məsələ ilə bağlı prezidentin köməkçisi Əli Həsənovun fikirləri yer alır

Ə.Həsənov deyib ki, son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır və ona görə də hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək təsirli tədbirlər görməli idilər: «Artıq Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib».

Ə.Həsənov vurğulayıb ki, istər Gürcüstanda, istərsə də Azərbaycanda, əsasən, xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar baş vermiş insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar: «Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəflərin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar. Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı «beşinci kolon»un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda məhz belə halları nəzərdə tuturuq...».

Şəki Xan Sarayı
Şəki Xan Sarayı

Şəki Xan Sarayında effektiv üsul axtarılır

Modern.az saytında «Turizm Agentliyi Şəki Xan Sarayındakı faciə haqda: Effektiv üsul axtarılır» sərlövhəli yazı dərc edilib.

Müəllif bu il iyulun 14-də Şəki Xan Sarayı ərazisində baş vermiş bədbəxt hadisənin səbəbləri barədə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə ilə söhbət edib.

Yazıda belə bir iddiaya yer verilir ki, Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılmasına səbəb onun vaxtında budanmaması olub. Müəllifin bildirməsinə görə, ərazidə 24 xan çinarı var və onların budanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib: «Məlumata görə, ilkin olaraq nazirlik ağaclara baxıb rəy verməli, Yaşıllaşdırma idarəsi isə onların budanmasını həyata keçirməli imiş».

Agentliyin mətbuat katibi K.Quluzadə sayta bildirib ki, hazırda qoruq ərazisində araşdırmalar davam etdirilir: «Sarayın həyətindəki iki çinarın budanması texniki baxımdan qəlizdir. Çünki bunun üçün xüsusi texnika lazımdır. Bildiyiniz kimi, Şəki Xan Sarayına giriş imkanları məhduddur, qapılar dardır, qala divarları məsələsi var, yəni hər nəqliyyat vasitəsi ora daxil ola bilmir. Budanma ilə bağlı daha effektiv üsul axtarılır».

K.Quluzadənin sözlərinə görə, hadisəyə səbəb ağacların budanması və ya budanmaması olmayıb: «Bu, təbii fəlakətdir. Çünki sistemli olaraq ağaclar budanır...».

İyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid olduğu bildirilən ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. 19 nəfər xəsarət alıb, onlardan biri vəfat edib.

XS
SM
MD
LG