Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Goranboydakı insidentdə yaralanan gənc vəfat edib


Pistolet

İyulun 12-də Goranboyda baş vermiş silahlı insident zamanı xəsarət alan Təbriz Əmrahov vəfat edib. Bu barədə Baş Prokurorluqdan bildiriblər.

Verilən məlumata görə, intensiv müalicə aparılmasına baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Səhiyyə Nazirliyindən isə bildiriblər ki, T.Əmrahov güllə yarası ilə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Səhiyyə Nazirliyinin məlumatına görə, 20-yaşlı T.Əmrahov iyulun 12-də gecə saatlarında ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. «Yaralı xəstəxanaya sol göz yuvasından girib təpə nahiyəsindən keçən odlu silah yaralanması diaqnozu ilə daxil olub», - məlumatda bildirilirdi.

İyulun 12-si Goranboy Rayonun Goran qəsəbəsində baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq birgə məlumat yaymışdı. Məlumatda qeyd edilirdi ki, gecə saat 23 radələrində ərazidə xidmət aparan polis müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədilə onlara yaxınlaşıb. Açıqlamaya görə, bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb: «Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keşikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib».

Məlumatda daha sonra bildirilib ki, xəsarət almış polis əməkdaşı və T.Əmrahov Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

«Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb», - DİN və Baş Prokurorluğun birgə məlumatında bildirilir.

Mərhumun yaxınlarından, o cümlədən insidentin qalan iştirakçılarından isə, hələlik, rəsmi açıqlamaya münasibət almaq mümkün olmayıb. Amma sosial şəbəkələrdə rəsmi açıqlamaya bir çox ictimai fəallar inamsızlıqlarını ifadə ediblər. Xüsusilə də onların fikrincə, açıqlamada polisin davranışı ilə bağlı hissədə ziddiyyətli məqamlar mövcuddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG