“Donald Trump-ın Türkiyəyə qarşı sanksiyalardan imtina etmək səlahiyyəti var”.
Reutersin məlumatına görə, bunu iyulun 14-də Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib.
Erdogan qeyd edib ki, bu mübahisədə “qızıl ortanı” məhz Trump tapmalıdır.
Qeyd edək ki, söhbət Türkiyənin Rusiyadan S-400 raket kompleksləri almasından gedir. Vaşinqton qəti şəkildə bu sövdələşməyə qarşı çıxır.
Rusiya artıq iyulun 12-dən Türkiyəyə S-400 raketləri göndərməyə başlayıb.
Buna da bax: Rusiya Türkiyəyə növbəti S-400 zenit-raket kompleksləri göndərdi
“Bloomberg”-in məlumatına görə, ABŞ prezidentinin müşavirləri Türkiyəyə qarşı 3 sanksiya paketinə baxıb.
Amma məhz hansı tədbirlərə əl atılacağı hələlik açıqlanmır.
ABŞ Dövlət katibi Mike Pompeo “Washington Post”-a müsahibəsində deyib ki, “Burda qanun sanksiyalar tətbiq edilməsini tələb edir və əminəm ki, biz və prezident Donald Trump qanuna əməl edəcəyik”, Dövlət katibi deyib.
Rusiya ilə Türkiyə S-400 raketləri ilə bağlı müqaviləni 2017-ci ildə imzalayıblar. Sövdələşmənin dəyəri 2,5 milyard dollardır.
ABŞ buna görə Türkiyəyə 5-ci nəsl F-35 qırıcı təyyarələrinin satışını dayandırıb.
Amma Türkiyə prezidenti Racep Tayyip Erdogan Ankaranın bu təyyarələri , həmçinin ABŞ istehsalı olan “Patriot” raketləri almaqda hələ də maraqlı olduğunu bildirir.
Amma deyir ki, S-400 raket sistemləri ölkənin milli təhlükəsizlik məsələsi olduğundan bu sövdələşmədən vaz keçməyəcək.
ABŞ və NATO bundan əvvəl dəfələrlə deyirlər ki, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi F-35 təyyarələri barədə məxfi informasiyalar əldə edə bilər . Bundan başqa həmin kompleksləri NATO ordusuna uzlaşdırmaq mümkün deyil.
Son vaxtlar ABŞ-la Türkiyə arasındakı münasibətlərin gərginləşdiyi müşahidə olunur.