Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:38

'Saatlının başçısını Sabirabada göndərməyi də islahat adlandırırlar…'-Media-icmal


İ.İsmayılov

İqtisadiyyatın neftdən asılılığının fəsadları, kadr dəyişiklikləri, bəzi Azərbaycan məhsullarının Rusiyaya buraxılmamasının səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Hakimiyyət real islahat niyyətindən uzaqdır-iddia

Ovqat.com saytında «İlyas İsmayılov yeni təyinatları şərh etdi: Daha əzazil diktatorlar daha tez məhvə məhkumdurlar!» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə son kadr dəyişiklikləri ilə bağlı keçmiş baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovla söhbətləşib.

Yazıda qeyd edildiyinə görə İ.İsmayılov istər Daxili İşlər Nazirliyində, istərsə də Dövlət Təhlükəsizlik Xidmətində birinci şəxslərin əvəz olunmasına müsbət yanaşır və belə bir arzusunu ifadə edir: «Könül istərdi ki, istər Vilayət Eyvazov ( Daxili işlər naziri), istərsə də Əli Nağıyev ( Dövlət Təhlükəsizlik Xidmətinin sədri) cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun,..., rejimə deyil, ancaq və ancaq qanunun tələblərinə qulluq etsin».

İ.İsmayılovun fikrincə, bu təyinatların iki səbəbi var: «Biri yaşlanmış bir kadrı daha dinamik şəxslə əvəz etmək idi ki, bunu DİN-dəki dəyişikliyə şamil etmək olar. Digəri dövlətin təhlükəsizliyini daha peşəkar insanlara tapşırmaq idi...».

Dəyişikliklərin kadr islahatı adlandırılmasına gəlincə, İ.İsmayılov bunları söyləyib: «Bəzən Saatlının icra başçısını 11 km aralıda yerləşən Sabirabada, Sabirabadın icra başçısını isə Saatlıya göndərməyi belə, az qala kadr islahatı kimi təqdim edirlər».

İ.İsmayılova görə, bu, vəzifə dəyişikliyidir. Onun fikrincə, Azərbaycan hakimiyyəti hələ də real islahat aparmaq niyyətindən uzaqdır və bəzi deklarativ tədbirlərlə manipulyasiya edir.

Pomidor
Pomidor

«Rusiyanın ipinin üzərinə odun yığmaq olmaz»

«Yeni Müsavat» qəzetində «Azərbaycanın aqrar məhsullarını Rusiya sərhədindən geri qaytaran səbəblər» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) Dağıstan bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun (32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələk) ölkəyə girişinə qadağa qoyub.

Yazıda vurğulanır ki, «Rosselxoznadzor» nümayəndələri qadağaları qeyd edilən məhsullarda zərərvericilərin aşkar olunması ilə izah edib. Amma müəllifin yazmasına görə, müxtəlif ekspertlər isə Rusiya hökumətinin bu davranışında qərəz olmasını da istisna etmirlər.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib ki, aqrar məhsula tələbin həddin artıq yüksək olduğu nəzərə alınsa, Rusiyanın qərəzli addım atması ehtimalı azdır: «...Rusiyanın vəziyyəti hazırda elədir ki, qərəz etmək durumunda deyil, çünki 200 milyondan artıq vətəndaşı var. Orada aqrar məhsullara böyük tələbat var».

İqtisadçı, keçmiş maliyyə naziri Fikrət Yusifov isə bildirib ki, Rusiya bütün səhnələrdə özünün hegemonluğunu, qolunun gücünü göstərmək istəyir: «Belarus və Rusiya ittifaq dövlətidir. İttifaq dövləti olduqdan sonra dəfələrlə Belarus prezidentinin Rusiyanın siyasətini tənqid etdiyi bir çıxışa görə dərhal bu ölkədən ətin, südün və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağalar qoyub, müxtəlif bəhanələrlə dayandırıblar. Bu, ancaq təzyiqdir. Rusiya hər kəsin onunla hesablaşmaq zorunda olduğunu göstərməyə çalışır».

İqtisadçıya görə, bundan çıxış yolu Azərbaycanın ixracını şaxələndirməkdir: «...Rusiyanın ipinin üzərinə odun yığmaq olmaz, onlar istədikləri vaxt kəndiri çəkə bilərlər. Biz ilk növbədə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazarlar tapmalıyıq. İxracın şaxələndirilməsi üçün ciddi iş aparılmalıdır, Avropaya və ərəb ölkələrinə üz tutmalıyıq...».

Bakıda neft buruğu
Bakıda neft buruğu

«Neftə bel bağlayıb yola çıxmaq olmaz»

«Azərbaycan» qəzetində «Azərbaycanda «qara qızıl» dəyərini itirir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, «qara qızıl» adlandırılan neftin iqtisadi inkişafda etibarsız vasitə olduğunu sübut etməyə ehtiyac yoxdur. Yazıda vurğulandığına görə, ilk baxışda kənardakıların həsəd apardığı bu təbii sərvət indiyədək çox az ölkəyə daimi tərəqqi, xalqına əbədi xoşbəxtlik bəxş edib: «...Onun «parıltı»sı təkcə gözləri qamaşdırmayıb, həm də nəfislərə hakim kəsilib, işğalçılığa, qəsbkarlığa rəvac verib. Görmüsünüzmü, «bir həsir, bir Məmmədnəsir» olan kimsənin küməsinə oğru girsin?».

Müəllif iddia edib ki, neftin qiymətinin müəyyən olunması güclərin əlində dəfələrlə sınaqdan çıxmış iqtisadi vasitə və alətdir: «SSRİ kimi nəhəng ölkənin dünyanın siyasi xəritəsindən silinməsinin bir və əsas səbəbi bu qiymət məsələsi olmadımı?!».

Müəllif hesab edir ki, bu qiymət siyasəti müstəqil Azərbaycanın inkişafına da zərbə olub, fəsadları hələ də yaşanılır: «Bax, elə həm bu, həm də digər səbəblərdən nə neftin özünə, nə də qiymətinə bel bağlayıb yola çıxmaq olmaz. Çünki yarı yolda qalmaq ehtimalı az deyil, xüsusən də o yolun yolçusu çoxdursa...».

Müəllif daha sonra da ölkədə qeyri-neft sektorunun inkişafından bəhs edir. Yazının sonunda isə oxuyuruq: «Göründüyü kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dinamik və dönməz xarakter alıb. Tək bu səbəbdən sosial-iqtisadi inkişafımızın bu günü kimi, gələcəyindən də rahatsız olmağa əsas yoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG