Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:58

ABŞ-da 2020-ci il seçkisinə ‘fəal təhdidlər’dən danışırlar


ABŞ-da konqres seçkisi, 6 noyabr, 2019-cu il
ABŞ-da konqres seçkisi, 6 noyabr, 2019-cu il

ABŞ administrasiyasının rəsmiləri 2020-ci il prezident seçkisinə “fəal təhdidlər”lə bağlı xəbərdarlıq ediblər. Onlar Rusiyanın 2016-cı ildə seçkiyə müdaxiləsindən sonra hökumətin təhlükəsizliyi gücləndirməkdən ötrü gördüyü tədbirlər haqda konqresi bilgiləndiriblər.

Milli Kəşfiyyatın Direktoru Dan Coats, Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Christopher Wray və digər rəsmilər “fəal təhdidlərin olduğunu, onların dayandırmaqdan ötrü bacardıqlarını etdiklərini aydın şəkildə bildiriblər”. Bu haqda iyulun 9-da Nümayəndələr Palatasının Demokrat üzvü Debbie Dingell məlumat verib.

“Çox təsirli” brifinq

Dingell məxfi qapalı brifinqi “çox təsirli” olduğunu deyib. Onun sözlərinə görə, seçkilərə xarici müdaxilə “hamımızın ciddiyə almalı olduğumuz” məsələdir.

Christopher Wray (sağda) və Dan Coats, arxiv fotosu
Christopher Wray (sağda) və Dan Coats, arxiv fotosu

Coats, Wray və digər rəsmilər palata və senat liderləri ilə ayrı-ayrılıqda görüşüblər. Bu görüşlərin keçirilməsini demokratlar istəmişdi. Onlar Rusiya və digər xarici ölkələrin ABŞ siyasətinə müdaxiləsini önləyəcək qanunvericiliyin qəbuluna çalışırlar.

Demokratların bildirməsinə görə, senatda çoxluğun lideri Mitch McConnell hər iki partiyanın hazırladığı, seçki təhlükəsizliyini hədəfləyən qanun layihələrini önləyib. Onlar layihələrin qəbuluna nail olmaq üçün belə brifinqlərin keçirilməsini istəyiblər.

Xüsusi prokuror Robert Mueller-in apreldə bitirdiyi hesabatda da Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair ABŞ kəşfiyyatının gəldiyi qənaət təsdiqlənirdi.

Kəşfiyyat agentliklərinin qənaətinə görə, Moskva seçkiyə respublikaçı Donald Trump-ın xeyrinə müdaxilə edib.

Rusiya isə iddiaları rədd edir.

Mitch McConnell (solda)
Mitch McConnell (solda)

Seçkinin nəticəsini kim müəyyənləşdirsin?

Respublikaçı Steve Scalise məxfi brifinq faydalı adlandırıb, bunun ABŞ-da seçkilərə təhdidlərə qarşı sayıqlığı saxlamağın vacibliyini gücləndirdiyini söyləyib. O, keçmiş Barack Obama administrasiyasını xarici müdaxiləni önləməkdən ötrü yetərincə iş görməməkdə suçlayıb.

McConnell də brifinqləri alqışladığını söyləyib. O, 2018-ci ildə konqresə seçkilərin “rahat və təhlükəsiz” keçməsini təsadüf saymır, bunun administrasiyasının artıq gördüyü tədbirlərin uğuru adlandırıb.

Ancaq o, seçki təhlükəsizliyi ilə bağlı demokratların motivlərini sual altına alıb, onların ştat və yerli seçkilərdə federal hökumətə həddən artıq nəzarət verməyə çağırdığını vurğulayıb.

McConnell-in sözlərinə görə, demokratlar “federal hökumətdə seçki administrasiyası qərarlarını mərkəzləşdirməyi hədəfləyən qanun layihələrini iki dəfə qəbul ediblər, ümid ediblər ki, seçkilərin nəticələrini seçicilər deyil, seçki rəsmiləri müəyyənləşdirəcək”.

Senatda demokratların lideri Chuck Schumer məxfi brifinqi vacib adlandırıb, ancaq yetərli saymadığını deyib. Onun sözlərinə görə, konqres “demokratiyamızı qorumaq, seçkilərin müqəddəsliyini saxlamaqdan ötrü tədbirləri müzakirə edərək qəbul etməlidir”.

FTB direktoru Wray apreldə xəbərdarlıq edirdi ki, Rusiya ABŞ-da seçkilərə müdaxilə cəhdlərini davam etdirir.

XS
SM
MD
LG