Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

Çin ‘Qərb ideoloqları’nı suçlayır – Qərb mediası


Parlament binasının qarşısı, 2 iyul, 2019-cu il
Parlament binasının qarşısı, 2 iyul, 2019-cu il

Çinin dövlət mediası Honq Konqdakı etirazlara görə qərb hökumətlərini günahlandırır. Dövlət mediasında bu iddiaları iyulun 4-də səsləndirib. Bu arada Britaniyanın keçmiş müstəmləkəsi olmuş Honq Konqdakı etirazlara görə Çinlə Britaniya arasında diplomatik mübahisə yaşanmaqdadır.

“Qərb hökumətlərinin ideoloqları bəyənmədikləri hökumətlərə qarşı iğtişaş yaratmaq cəhdlərini heç vaxt dayandırmayıblar, baxmayaraq ki, onların hərəkətləri Latın Amerikası, Yaxın Şərq və Asiyada bir-birinin ardında fəlakət və qarışıqlıq yaradıb”, – rəsmi “China Daily” qəzetinin redaksiya məqaləsində deyilir.

“İndi isə eyni oyunu Çində oynamağa çalışırlar”, – ingilisdilli qəzet yazır.

Bazar ertəsi yüzlərlə etirazçı Honq Konq parlamentinin binasını mühasirəyə alaraq binaya daxil olub. Bundan öncə 1997-ci ildə Çin idarəçiliyinə qayıtmağın ildönümü münasibətilə nümayiş keçirilib.

Honq Konqda etiraz, arxiv fotosu
Honq Konqda etiraz, arxiv fotosu

Honq Konq sakinləri şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə etiraz edirlər. Layihə opponentlərinin fikrincə, bu, Pekin hakimiyyətinə fəalları təqib edərək məhkəmə qarşısına çıxarmağa imkan verəcək.

Honq Konq polisi indiyədək etirazlardan dolayı 20-dən artıq adamı həbs edib. Müstəntiqlər parlament binasında dəlil toplamaqla məşğuldur, əlavə həbslər gözlənir.

Parlament binasının içində törədilmiş dağıntılar hökuməti binanı iki həftəliyə bağlamağa məcbur edib. Parlament bu gün açıqlanmayan məkanda qapalı iclas keçirməlidir.

“China Daily” yazır ki, qərb qüvvələri “mərkəzi hökumətə təzyiq göstərməkdən ötrü” Honq Konq hökumətinə qarşı iğtişaşları qızışdırırlar.

Arxiv fotosu
Arxiv fotosu

Facebook “gizli” qruplara necə nəzarət edir

ABŞ Sərhəd Xidmətinin agentləri Facebook-da “gizli” qrupda yerləşdirilmiş təhqiramiz postlara görə sərt tənqid olunurlar. Söhbət ABŞ Nümayəndələr Palatasının üzvü Alexandria Ocasio-Cortez və ABŞ-da polis nəzarətində həlak olan miqrantlar barədə postlardan gedir. Gizli qrup barədə ilk dəfə ProPublica portalı yazır. “The Associated Press” agentliyi o vaxtadək çoxlarının bu qrupdan xəbərdar olmadığını qeyd edir.

Facebook nifrət çıxışı, sui-istifadə, digər kateqoriyalarla bağlı mürəkkəb qaydalar tətbiq edir. Sosial şəbəkə 400 milyonadək istifadəçisinin “mənalı” qruplara üzv olduğunu bildirir. Ancaq şirkət bu qrupların nə qədərinin açıq, qapalı, yaxud gizli olduğunu açıqlamır.

Sosial şəbəkə gizli qrupların ümumi standartlara tabe olduğunu bildirir.

“Gizli qrupda irqçi, yaxud hədələyici post barədə digər üzvlər məlumat verməyə bilərlər. Ancaq Facebook süni zəka daxil olmaqla bir sıra alətlər vasitəsilə pozuntuları üzə çıxara bilər”, – agentlik yazır.

Amma bu sistem də bitkin sayıla bilməz. Məsələn, Facebook süni zəka vasitəsilə çılpaq təsvirləri, qrafik zorakılığı, terrorçu təbliğatını aşkarlaya bilər. Di gəl, bu sistemlər incə çalarları, kontekst və satiranı üzə çıxarmağa elə də təkmil deyil.

Arxiv fotosu
Arxiv fotosu

45 min çəllək viski yanıb

ABŞ-ın Kentukki ştatında Jim Beam şirkətinin iki anbarında yanğın olub, azı 45 min çəllək (9 milyon litrə yaxın) viskinin məhv olduğu bildirilir. Şirkət təmsilçisi yanğının mümkün səbəbi kimi ildırımı göstərib.

“Bloomberg” yanğının çərşənbə gününə keçən gecə başladığını yazır. Səhərə anbarlardan biri tamamilə yanıb, yanğınsöndürənlər bir neçə saat ərzində alovu söndürə bilməyiblər.

Xəsarət alan olmayıb.

Jim Beam təmsilçisi Dan Cohen məhv olmuş viskinin “nisbətən təzə” olduğunu söyləyib. O, insidentin şirkətin pərakəndə satışına ziyan vurmayacağını vurğulayıb.

“Bloomberg” dəyən ziyanın 90-300 milyon dollar olduğunu hesablayıb.

Jim Beam-in Kentukkidə 126 anbarı var, onlarda 3 milyon çəllək viski saxlanır. 1795-ci ildə əsası qoyulmuş Jim Beam dünyada ən çox satılan burbon (qarğıdalı viskisi) brendidir.

XS
SM
MD
LG