Keçid linkləri

Təcili xəbərlər
2023, 10 İyun, şənbə, Bakı vaxtı 01:17

İran- ABŞ müharibəsi nə qədər çəkər – Qərb mediası


İranda hərbi təlimlər, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump İrana planlaşdırılmış zərbəni son anda dayandırsa da, İran liderlərinə xəbərdarlıq edib ki, hərbi variant masanın üstündədir, belə bir müharibə “çox çəkməz” və İranın “məhv edilməsi”ylə nəticələnər. “The National Interest” dərgisində Ted Galen Carpenter yazır ki, tarix siyasi liderlərin və ictimaiyyətin yanlış olaraq tez və asan başa gələcəyini düşündüyü savaşlarla doludur. Məsələn, Abraham Lincoln cənub ştatlarının ayrılmasını güclə dayandırmağa qərar verəndə ilkin olaraq 90 günlüyə hərbi qüvvə istəmişdi… Dörd il keçəndən sonra müharibədə 500 mindən çox amerikan əsgər həlak olmuşdu.

Müəllif İranın hərbi gücünün heç də kiçik olmadığını vurğulayır. İstefada olan admiral James Stavridis İranın bir sıra sahələrdə “müstəsna güclü asimmetrik müharibə qabiliyyəti”nə malik olduğunu qeyd edir. “Kiber hücumlar, kiçik kater taktikası, dizel sualtı qayıqları, xüsusi qüvvələr və yer-yer tipli qanadlı raket ehtiyatları yüksək səviyyədədir. Bunları Yaxın Şərq kimi bir tələbkar mühitdə yerləşdirməkdə də təcrübələri böyükdür”, – Stavridis bildirib.

Donald Trump İrana yeni sanksiyaları açıqlayır, 24 iyun, 2019-cu il
Donald Trump İrana yeni sanksiyaları açıqlayır, 24 iyun, 2019-cu il

Bundan başqa, İran Birləşmiş Ştatlar üçün çaxnaşma yaratmaq məqsədilə Yaxın Şərqdəki şiəməzhəb siyasi və hərbi müttəfiq şəbəkəsinə müraciət edə bilər. İranın Livanda Hezbollah və İraqda şiə yaraqlılarla çox sıx əlaqələri var. İraqdakı ABŞ qüvvələri özəlliklə hücumlara məruz qala bilər.

“Bəhreyndəki qəzəbli, istibdad altında olan şiə çoxluğunu da unutmaq olmaz. Onların Vaşinqtonun dəstəklədiyi sünni rejimindən narazılığı partlayaraq münaqişəyə çevrilsə, Trump administrasiyasının Bəhreyndəki 5-ci donanmasının saxlanması da getdikcə çətinləşər”, – müəllif yazır və İranla müharibəyə getməyin kiçik məsələ olmayacağını deyir. “İrana hücum uzun, bahalı və qanlı bir müharibəyə səbəb olar”, – o vurğulayır.

Putin liberalizmin ölümünə niyə inanmaq istəyir

Ötən həftə “Financial Times” qəzetinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putin elan edib ki, liberal ideya ölüdür, xalqın maraqlarından ayrı düşüb.

Vladimir Putin
Vladimir Putin

“The Moscow Times” qəzetində Bruno Maçães yazır ki, Putinin bu bəyanatı verməkdə iki məqsədi var. Birincisi o, liberalizmin rusiyalılar üçün daha cəlbedici ideya olmadığını demək istəyir və müəllifin fikrincə, prezident bu fikrində heç də yanılmır.

“Rusiyalıların müasir liberal dəyərlərə can atmasına bir elə dəlil görmürəm. Rusiya ictimai fikri feminizm, multikulturazlim kimi dəyərlərə ehtiyatla yanaşır. Onlar açıqlığa şübhə edir, rejimin xarici siyasətini dəstəkləyirlər. Yoxsulluğun apaydın görünməsinə baxmayaraq, onlar Rusiyanın şəhərlərinin təhlükəsiz yerə çevrilməsindən məmnunluq duyurlar”, – müəllif yazır.

Putinin postliberalizmdə maraqlı olmasının ikinci səbəbinə gəlincə, bu, Kremlin mövcud çətinliklərdən çıxış yolu axtarmasıyla bağlıdır.

“Rusiya iqtisadiyyatını modernləşdirmək planları iflas edib. Rusiya ildən ilə Qərb və Çinlə qabaqcıl texnologiya sahəsində rəqabət aparmaqda daha çox çətinlik çəkir. Problem ondadır ki, bu problemdən çıxış yolu görünmür Avropa müasir Rusiya sarıdan şübhələrini saxlayır, Çin də çox yaxınlaşası dostlardan deyil. Bu səbəbdən Putin bütün ümidləri Avropanın ürəyinin dəyişməsinə bağlayır. Avropada vüsət alan mühafizəkarlar və irticaçılar dominant qüvvəyə çevrilsələr, Rusiya və Avropa Birliyi əl-ələ verər, Moskva da heç bir tövbə eləməli olmaz”, – məqalədə vurğulanır.

İllüstrativ foto
İllüstrativ foto

Facebook dezinformasiya ilə mübarizə tədbirləri açıqlayır

Facebook sosial şəbəkəsi dezinformasiya ilə mübarizəyə yönəlik bir sıra tədbirləri açıqlayıb. Məsələn, sosial platformada səs verməyə getməməklə bağlı çağırış qadağan olunacaq.

Bu addımların məqsədi ABŞ-da 2020-ci il prezident seçkisi kampaniyası və əhalini siyahıyaalma zamanı ictimai fikirlə manipulyasiyanı önləməkdir. Ötən il sosial şəbəkə dezinformasiya olan reklam materialı və postları yasaqlayıb. Buraya seçkilərin keçirilmə yeri və qaydaları barədə yalan məlumatlar, eləcə də səsverməylə bağlı zorakılıqla hədələyən materiallar daxildir.

2016-cı ilin prezident seçkisi zamanı yol verdiyi trol fəaliyyəti və dezinformasiyaya görə Facebook kəskin tənqid olunur. ABŞ administrasiyasının təmsilçiləri oxşar taktikanın 2020-ci ildə əhalinin siyahıya almasına ziyan vura biləcəyindən narahatlıq bildiriblər.

ABŞ-da hər 10 ildən bir keçirilən siyahıyaalma vacib ictimai-siyasi hadisə sayılır. Çünki nəticələr yüzmilyardlarla dollar federal maliyyənin bölüşdürülməsinə, seçki dairələrinin sərhədlərinin müəyyənləşməsinə təsirini göstərir.

XS
SM
MD
LG