İran deyir ki, “geri çəkilməyəcək”, iyunun 27-dən uran zənginləşdirməni sürətləndirəcək. Birləşmiş Ştatlarla münasibətlərdə gərginlik yaşandığı bir dönəmdə Tehran nüvə sazişi öhdəliklərinin icrasını məhdudlaşdırır.
“ABŞ hökumətinin ən kinli rəsmiləri İranı ittiham və təhqir edir. İran xalqı təslim olmayacaq, bu təhqirlərin qarşısında geri çəkilməyəcək”, – İranın Ali dini lideri ayətulla Ali Khamenei deyib. İyunun 26-da rəsmi vebsaytı onun dediklərini yayıb.
Sabah son tarix bitir
Bundan bir neçə saat öncə İranın Atom Enerjisi Agentliyinin sözçüsü Behrouz Kamalvandi rəsmi IRIB televiziyasına deyib ki, sürətləndirmə ölkənin 300 kiloqramdan artıq uran zənginləşdirməsinə limitin müddəti bitincə başlanacaq.
“Son tarix bitincə zənginləşdirmənin sürəti artacaq”, – o vurğulayıb.
Ötən il ABŞ Prezidenti Donald Trump İranın dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxaraq Tehrana iqtisadi sanksiyaları bərpa edib.
İyunun 25-də tərəflər arasında söz savaşı başlanıb, İran Ağ evi “ruhi xəstə” adlandırıb. Trump isə İran “Amerikaya aid nəyəsə” hücum edərsə, “aşırı güc”dən istifadəylə hədələyib, bunun “məhvetmə demək olacağını” vurğulayıb.
***Buna da bax: Trump İrana cavabında 'varlığına son qoymaqdan’ danışır
Bu məktəblisayaq atmacalardan öncə isə Trump iyunun 24-də İrana yeni sanksiyalara imza atıb.
İran Prezidenti Hassan Rohani Ali dini lider Ali Khamenei daxil ölkə liderlərinə qarşı bu addım “səfehlik” adlandırıb
Rohani iyunun 26-da xəbərdarlıq edib ki, Vaşinqton yanlış yoldadır.
“Bu gün amerikalılara yanlış yol seçdiklərini deyirəm”, – IRIB agentliyi Rohani-nin belə dediyini yazır.
İran “müharibə istəmir”
Bundan öncə Rohani Fransa Prezidenti Emmanuel Macron-la telefon söhbətində İranın “heç vaxt müharibə istəmədiyini” vurğulayıb.
Trump İran rejimi “təhlükəli fəaliyyət və niyyətləri”ndən əl çəkməyincə ona “təzyiqi davam etdirəcəyini” demişdi. Təhlükəli fəaliyyət deyəndə isə nüvə silahlarının, ballistik raketlərin hazırlanması, terrorçuluğa dəstək nəzərdə tutulur.
İran ötən həftə ABŞ dronunu onun ərazi suları üzərində uçduğunu deyərək vurub. Vaşinqton isə dronun beynəlxalq sularda olduğunu bildirir. Bundan sonra tərəflərin hərbi qarşıdurmaya yönləndikləri sarıdan narahatlıqlar artıb.
Trump iyunun 21-də deyib ki, İrana zərbələr endirmək fikrindən son anda daşınıb.
Donald Trump 2016-cı il seçki kampaniyası zamanı İrana və nüvə proqramına qarşı sərt mövqe tutub. Ancaq onun nüvə sazişindən çıxmasını keçmiş ABŞ rəsmiləri və müttəfiq ölkələr qüsurlu sayıblar.
Prezident 2018-ci ildən İranın 900-dən artıq vətəndaşına və şirkətinə sanksiyalar qoyub, bu neft ölkəsini maliyyə baxımından sıxışdırıb.
Sonucda İranın iqtisadi artımı ötən il 4 faiz azalıb, bu il 6 faiz azalma proqnozlaşdırılır. Ölkənin milli valyutası ucuzlaşıb, ərzaq və dərman qıtlığı barədə xəbərlər gəlir.