Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:27

Trump İrana cavabında 'varlığına son qoymaqdan’ danışır


Donald Trump (solda) və ayətüllah Khamenei
Donald Trump (solda) və ayətüllah Khamenei

İran və Birləşmiş Ştatlar qarşılıqlı təhqiramiz bəyanatlar veriblər. Tehran Vaşinqtonu “yalançılıqda” və mümkün hərbi münaqişənin qarşısının alınması məqsədilə danışıqlar aparmaq istəməməkdə ittiham edib.

Donald Trump bu bəyanatı “çox nadan və təhqiramiz” adlandırıb.

İyunun 25-də Trump-ın İranın ali rəhbəri də daxil İran vəzifəlilərinə sərt sanksiyalar elan etməsindən sonra prezident Hassan Rohani bu addımın “ipləmə hərəkət” olduğunu deyib:

"Ağ Ev ruhi xəstədir və nə etdiyini bilmir. Onlar İranın xarici işlər nazirinə sanksiya qoymaq istədikləri bir vaxtda danışıqlardan necə söz aça bilərlər?”

Trump İran rəhbərliyinin bu bəyanatlarına Twitter-də cavab yazıb və qeyd edib ki, İran liderləri “nəzakət” və “hüsn-rəğbət” sözlərinin mənasını başa düşmürlər və “İran xalıq iztirab çəkməli olur”:

“İranın bugün verdiyi çox nadan və təhqiramiz bəyanat yalnız onu göstərir ki, onlar reallığı başa düşmürlər. İran tərəfindən Amerikaya aid hər nəyinsə üstünə hücum çox böyük və aşırı qüvvə ilə qarşılanacaq. Bəzi sahələrdə aşırı sözünün mənası varlığına son qoyulması olacaq”.

***

İran deyir ki, Birləşmiş Ştatların bu ölkənin liderlərinə qarşı sanksiyaları diplomatiyanın sonunu göstərir, Vaşinqton iki ölkəni hərbi münaqişədən uzaqlaşdırmaqdan ötrü danışıqlara hazır olması haqda “yalan danışır”.

Prezident Hassan Rohani Ali dini lider ayətulla Ali Khamenei-yə qarşı sanksiyaları rədd edib, onun xaricdə hər hansı aktivinin olmadığını deyib, bu qərarın Ağ evin cəhdlərindəki “iflas”ı üzə çıxardığını vurğulayıb.

“Onlar İranın xarici işlər nazirinə qarşı sanksiya tətbiq etmək istəyirlərsə, danışıqlardan necə danışa bilərlər”, – İranın xəbər agentlikləri Rohani-yə istinadla yazır.

Hassan Rohani
Hassan Rohani

Bundan öncə ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, Vaşinqton “real danışıqlar üçün qapını açıq saxlayıb”, ancaq “bunun cavabında İranın sükutu qulaq batırır”.

***

Maliyyə naziri Steven Mnuchin günün sonunda deyib ki, Trump ona bu həftə İranın Xarici işlər naziri Mohammad Javad Zarif-ə də sanksiyalar tətbiq etmək göstərişi verib. Bəziləri bu addımı ABŞ administrasiyasının gərginliyin azaldılmasında maraqlı olmaması kimi yozurlar.

“Bu, diplomatiyaya istənilən cəhdi dayandırmağa yönəlib”, – İsveçin keçmiş xarici işlər naziri Carl Bildt tvitində yazıb. ​

“Məncə, bu, qlobal diplomatiya və xarici işlər salnaməsində görünməmiş bir işdir”, – o, sözlərinə əlavə edib.

İranın Xarici işlər naziri Mohammad Javad Zarif Trump administrasiyasını “müharibəyə susamaqda” suçlayıb.

Mohammad Javad Zarif
Mohammad Javad Zarif

İranın BMT-dəki səfiri Majid Takht Ravanchi isə deyib ki, ölkəsi sanksiya hədəsi altında Birləşmiş Ştatlarla danışıq aparmayacaq. O, hazırkı durumu xalqına qarşı “müharibə” adlandırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi tvitində yazıb ki, Birləşmiş Ştatların Khamenei və Zarif-ə qarşı “faydasız” sanksiyaları “diplomatiya cığırının birdəfəlik bağlanması” deməkdir.

BMT-nin Təhlükəsizlik Şurası iyunun 24-də ABŞ-ın xahişiylə bağlı qapılar arxasında görüşüb. ABŞ-ın səfiri Jonathan Cohen deyib ki, Trump-ın siyasətinin məqsədi İranı danışıq masasına qaytarmaqdır.

Xarici Əlaqələr Şurasının Prezidenti Richard Haass-ın fikrincə, sanksiyaların gücləndirilməsi əks effekt verə bilər.

“Onun iqtisadi təzyiq siyasətinin məntiqi ondan ibarətdir ki, tez, ya da gec İran reaksiya verəcək və bizi hücuma məcbur edəcək addım atacaq. Müharibə yalnız Trump İrana legitim diplomatik açılım təklif edərsə qaçıla bilər”, – o, yeni sanksiyalar açıqlanmazdan öncə tvitində yazıb.

***

Trump ayətüllah Ali Khamenei-ə sanksiya qoyur

ABŞ prezidenti Donald Trump İranın ali rəhbəri ayətüllah Ali Khamenei-nin administrasiyası da daxil Tehran üzərinə yeni “sərt vuran” sanksiyalar barədə fərmanı imzalayıb.

ABŞ maliyyə naziri Steven Mnuchin iyunun 24-də deyib ki, sanksiyalar ali rəhbərin özünü, onun administrasiyasını və ya onlarla bağlı vahidləri maliyyə resurslarından və dəstəyindən məhrum edəcək.

Trump deyib ki, Birləşmiş Ştatlar İran üzərinə təzyiqləri daim davam etdirəcək və İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Prezident deyib ki, “biz dava axtarmırıq" və bu sanksiyalar günü sabah dayandırıla bilər və ya illərlə davam edə bilər.

Trump-ın fərmanı ilə yanaşı Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) 8 hərbi komandanı üzərinə sanksiyalar elan edib.

Nazirliyin bəyanatında deyilir ki, sözü gedən komandanlar İİKK-in regiondakı ziyanlı fəaliyyətlərinə, təxribatçı raket proqramına, beynəlxalq sularda ticarət gəmilərin qısnanmasına və Suriyadakı sabitliyin pozulmasına rəhbərlik edirlər.

Mnuchin deyib ki, yeni sanksiyalara müvafiq olaraq İranın milyardlarla dollarlıq aktivlərini bloklayacaq.

ABŞ-ın yeni sanksiyaları İran Amerika dronunu vurduqdan dörd gün sonraya təsadüf edir.

İran bildirir ki, ABŞ dronu onun ərazisi üzərində vurulub, lakin Vaşinqton pilotsuz təyyarənin beynəlxalq hava məkanında vurulduğunda israr edir.

Trump əvvəlcə demişdi ki, sanksiyalar dronun vurulmasına görə qoyulur, lakin sonradan bildirmişdi ki, Tehran üzərinə sanksiyalar bütün hallarda qoyulacaqdı.

Dronun vurulması az qala ABŞ-ın hərbi zərbəsinə səbəb olacaqdı.

Trump demişdi ki, o iyunun 21-də İrana cavab zərbəsi endirilməsinə əmr verməyə hazırlaşıb, lakin sonradan fikrini dəyişib.

Trump ötən il ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxarandan bəri Vaşinqton Tehran üzərinə sanksiyaları bərpa edib və çox sayda yeni sanksiyalar qoyub.

Bu ayın əvvəllərində İranın Persian Gulf Petrochemical Industries şirkəti üzərinə sanksiyalar elan edilib. Bu şirkət İranın neft-kimya ixracatının 40 faizini verir.

Ümumilikdə Trump İranın 900 vahidi və fərdi üzərinə sanksiyalar qoyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG