Dünya əhalisinin yalnız yarısı ölkəsini demokratik hesab edir. Qərbi avropalıların çoxu bankları və sosial medianı demokratiyaya təhdid kimi görürlər. İyunun 25-də Almaniyanın Dalia Research sorğu şirkəti və Demokratiyalar Alyansı Fondu 57 ölkədə 150 mindən artıq respondent arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Respondentlərin 38 faizi indiki durumdan narazılığını bildirib.
“Hal-hazırda demokratiyalara ən böyük risk ondan ibarətdir ki, ictimaiyyət daha onları demokratik saymır”, – Dalia Research rəhbəri Nico Jaspers bəyanatında deyib.
2020-ci ildə prezident seçkisinə hazırlaşan Birləşmiş Ştatlarda rəyi soruşulanlar iki cəbhəyə parçalanıblar – 46 faiz ölkəni demokratik sayır, 40 faiz yetərincə demokratik olmadığını deyir.
Rəyi soruşulan amerikalıların yarıdan çoxu Birləşmiş Ştatların dünyada demokratiyaya müsbət təsir göstərdiyini düşünür. Kanada və Avropanın böyük hissəsi isə bu təsiri mənfi hesab edir.
AB-dən narazılıq
Avropada respondentlərin 52 faizinin fikrincə, Avropa Birliyi (AB) avropalıların çoxunun maraqlarına uyğun davranmır. Tənqidlərin çoxu isə İtaliya, Fransa və Yunanıstandan qaynaqlanıb.
Bu sorğu açıqlanandan bir neçə gün sonra AB-nin 28 lideri birlikdə aparıcı vəzifələrlə bağlı səsvermə keçirməlidirlər. Bəziləri bu prosesin özünü də yetərincə demokratik saymır.
İtaliyada respondentlərin 69 faizi hesab edir ki, AB-nin qərarları əhalinin maraqlarını təmsil etmir. Bu ölkədə ötən il seçkini avroskeptik partiyalar udub və hazırda hökumətdədirlər.
Avropalıların çoxunun mövqeyincə, banklar və maliyyə sənayesi onların ölkələrində demokratiyaya mənfi təsir göstərib. Ən tənqidi mövqeni yunanıstanlılar səsləndirib. On il öncə bu ölkədə yaranmış borc böhranı yunanların çoxunu yoxsulluğa yuvarlatdı.
Qlobal səviyyədə 52 faiz ölkələrinin daha bir maliyyə böhranına hazır olmadığını düşünür.
Birləşmiş Ştatlar, Kanada və Avstriyada rəyi soruşulanların 40 faizi deyib ki, Facebook və Twitter kimi sosial media şəbəkələri demokratiyaya mənfi təsir göstərir.