Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:45

İran ABŞ-ın 'yumruqlarına' cavab verir – Qərb mediası


İran ordusuna məxsus kater
İran ordusuna məxsus kater

Vaşinqtonun “maksimum təzyiq” kampaniyası Tehranı boyun əyməyə məcbur edə bilmədi, faktiki olaraq, bunun əksinə yol açdı. “The Atlantic” portalında Kathy Gilsinan yazır ki, İranın həmişə seçimi olub və indi onlardan istifadəyə başlayıb.

“İran bir ilə yaxın çömələrək Trump administrasiyasının təkrar zərbələrini qəbul edib – nüvə sazişindən çıxmasını, sanksiyaların güclənməsini, artan hədələri. İndi isə İran geri zərbələr endirir”, – müəllif yazır.

Bazar ertəsi Tehran nüvə sazişi öhdəliklərinin icrasını məhdudlaşdırmaqla bağlı aydın və sürətli plan təqdim elədi. Bundan öncə regionda neft tankerlərinə hücumlara görə ABŞ İranı ittiham eləsə də, Tehran onlarla əlaqəsi olmadığını deyib.

Oman Körfəzində neft tankeri
Oman Körfəzində neft tankeri

“Əgər administrasiya güman edirdisə ki, ‘maksimum təzyiq’ İranı təslim olmağa məcbur edəcək və ABŞ-la müttəfiqləri buna görə heç bir bədəl ödəməyəcək, deyəsən, yanılıblar. Tərəflər müharibə istəmədiklərini desələr də, hər ikisi getdikcə qızışır”, – məqalədə vurğulanır.

Ancaq müəllif İranın daha artıq qızışdırıcı mövqe tutmağa yeri qaldığını yazır. Diplomatik cəbhədə Tehran indiyədək qarşısı alınası addımlar elan edib. Mayda avropalılara 60 gün vaxt verdi ki, sazişə imza atmış digər ölkələr onun iqtisadi mənfəətini təmin etməsələr, uran zənginləşdirmə səviyyəsini dörd dəfə artıracaq. Bu ay beynəlxalq müfəttişlər İranın həqiqətən də nüvə yanacağı istehsalını gücləndirdiyini bildirdilər. “Ancaq bu, atılması mümkün digər addımlarla müqayisədə daha mötədil görünür, məsələn, sazişdən tamamilə çıxmaq kimi”, – müəllif vurğulayır və tanker hücumlarının da İranın hərbi doktrinasına uyğun ola biləcəyini yazır. Belə ki, Tehranın amerikalılar, yaxud avropalılardan güzəşt qoparmağa təzyiq rıçağı azdır, onlar İranın nüvə silahı hazırlamamasını, regionda sabitsizlik yaratmaq fəaliyyətini dayandırmasını istəyirlər. “Bu zaman İranın məntiqi olaraq atacağı ən yaxşı addım bu hədəflərə təhdid yaratmaq, sonra güzəştlər əvəzində hədələməyi dayandırmağı təklif etməkdir”, – məqalədə deyilir.

Agnes Callamard (solda) və Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu
Agnes Callamard (solda) və Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu

Jurnalistlərə ədalət

Dünyada jurnalistlər hər gün hakimiyyətdə olanların gizlətməyə çalışdıqlarına işıq salarkən həyatlarını riskə atırlar. Sonucda ən böyük bədəli ödəyənlər ədalətə layiqdirlər, təkcə özləri üçün deyil, bütün dünyada çalışan jurnalistlər üçün. “Project-Syndicate” portalında Leon Willems Səudiyyə Ərəbistandan tanınmış jurnalist və hakimiyyətin tənqidçisi Jamal Khashoggi-nin öldürülməsindən səkkiz ay keçdiyini, ancaq aparılan təhqiqatların elə bir nəticə ortaya qoymadığını yazır. Jurnalist Səudiyyənin İstanbuldakı konsulluğunda işgəncə görüb, qətlə yetirilib və bədən üzvləri parçalanıb. Səudiyyə həqiqəti ört-basdır etməyə çalışınca Türkiyə təhqiqat başladıb.

Müəllif Türkiyəni də mətbuat azadlığı müdafiəçisi adlandırmağın çətin olduğunu, bu ölkədə 80-dən artıq jurnalistin işinə görə uzunmüddətli həbsə, yaxud cərimələrə məhkum edildiyini qeyd edir. Ancaq Türkiyə hökuməti jurnalistin ölümündən hiddətini diplomatik qazancdan ötrü şişirtməyə çalışsa belə, ədliyyə sistemi təhqiqatda beynəlxalq öhdəliklərinə əməl edib, müəllif yazır.

Səudiyyə Ərəbistanı isə bunun əksinə, öhdəliklərə sayqısızlıqla yanaşır. Beynəlxalq təzyiq altında 11 şübhəli barədə məhkəmə dinləməsi keçirilir. Ancaq BMT-nin məhkəməsiz, qanunsuz edamlar üzrə xüsusi məruzəçisi Agnes Callamard düşünür ki, qapalı keçirilən bu məhkəmə prosesinin məqsədi ədaləti təmin etməkdən çox, sifətini xilas etmək niyyəti daşıyır.

“Prosesdə təqsirləndirilənlərin kimlər olduğunu, kimlərin ölüm cəzasıyla üzləşdiyini, ittihamların nədən ibarət olduğunu bilmirik”, – Callamard bu yaxınlarda Berlində konfransda deyib. Onun fikrincə, qərb hökumətləri “bütün beynəlxalq standartların gözardı olunduğu məhkəmə prosesinin nəticələrini mexaniki qəbul etməməlidir”.

İllüstrativ foto
İllüstrativ foto

Dünyada içməli su qıtlığı qalır

Dünyada milyardlarla adam içməli su, sanitariya və gigiyenaya çıxışın bərbadlığından əziyyət çəkməkdədir. UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatında deyilir ki, dünyada 2,2 milyard adamın təhlükəsiz içməli su xidmətlərinə çıxışı yoxdur. 4,2 milyard adam təhlükəsiz sanitariya xidmətinin olmamasından, 3 milyard nəfər isə təməl əlyuma qurğularının yoxluğundan əziyyət çəkir.

Su, sanitariya və gigiyenaya universal miqyasda çıxışın əldə olunmasına doğru ciddi irəliləyişə baxmayaraq, təklif olunan xidmətlərin keyfiyyətində böyük boşluqların qaldığı vurğulanır.

“Təkcə çıxışın olması yetərli deyil. Su təmiz deyilsə, içmək üçün təhlükəsiz deyilsə, yaxud uzaqdadırsa, yaxud tualetə çıxış təhlükəli və məhduddursa, biz dünyadakı uşaqlarla bağlı gərəkəni etmirik”, – UNICEF-in təmsilçisi Kelly Ann Naylor deyib.

“Yoxsul və kənd icmalarından uşaqlar və ailələri daha çox geri qalmaq riski daşıyırlar. Əgər biz bu iqtisadi və coğrafi fərqləri doldurmaq, bu təməl insan hüququnu təmin etmək istəyiriksə, hökumətlər onların icmalarına sərmayə qoymalıdırlar”, – o əlavə edib.

XS
SM
MD
LG