Milli-mənəvi dəyərlər, kərə yağlarının tərkibi, minimum əməkhaqqının, müəllimlərin və bir sıra dövlət qurumlarında çalışanların maaşlarının artırılması medianın aparıcı mövzularındandır.
«Kərə yağı adı altında...»
Yenisabah.az saytında «Azərbaycanda istehsal olunan kərə yağı haqda sensasion iddialar» sərlövhəli yazı diqqət çəkir.
Yazıda Azərbaycanda əhaliyə satılan kərə yağlarının tərkibi, bunun insan orqanizminə təsirləri qida üzrə mütəxəssis İsa Əliyevlə müzakirə edilib.
İ.Əliyevin fikrincə, hazırda kərə yağı adı altında əslində içərisində spred yağ qarışığı olan yağların satılması ən böyük problemlərdən biridir. O hesab edir ki, bu, insan səhhətinə zərərli olmasa da, bir hiyləgərlikdir: «Bilirik ki, kərə yağı heyvan südündən hazırlanır. Amma onun içinə bitkisəl yağ qarışdıraraq (Spred) kərə yağı adı altında işbazlıq edərək, marketinq oyunu oynayaraq satırlar».
İ.Əliyevin deməsinə görə, Azərbaycanda kiloqramı 4-5 manata olan kərə yağı görmək mümkündür: «Təbii ki, bunlar kərə yağı deyil. Bəzən sosial şəbəkələrdə istehlakçıların yerləşdirdiyi fərqli videomateriallar görürsünüz. Görünür ki, yağı əridiblər, əriyəndən sonra mənşəyi bəlli olmayan fərqli cür bir hal alır. Sanki plastik əritmisiz. Bu da sırf kütlə artırmaq, həcm vermək üçün yağla heç bir əlaqəsi olmayan başqa inqrediyentləri içinə əlavə edərək əmələ gətirdikləri məhsuldur. Bunlar birbaşa insan səhhəti üçün zərərlidir».
İ.Əliyev deyib ki, əgər yağda problem varsa, böyük ehtimalla ondan istifadə ürək-damar xəstəlikləri əmələ gətirəcək. Onun sözlərinə görə, bəzən yağın alınmasında palma yağı və yaxud hidrogen bondları zəif olan başqa bitkisəl yağlardan istifadə olunur: «...Bir neçə il əvvəl mən Azərbaycanda tanınmış markanın bir məhsulunu Hollandiyadakı laboratoriyaya göndərdim. Mənim əsas qorxum yağın içərisində xərçəng xəstəliyi əmələ gətirən trans yağının mövcud olub-olmaması ilə bağlı idi. Cavab gəldi. Düzdür, tərkibində trans yağ çıxmadı, amma həmin yağın keyfiyyəti çox-çox aşağı çıxmışdı».
«Bu sosial paketlərin emissiya effekti yoxdur»
Marja.az saytında ««Maaşlar artırsa, qiymətlər qalxacaq» iddialarına cavab» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, 2019-cu ilin əvvəlindən əmək haqları, pensiyalar, təqaüdlər artırılır. Müəllifin qeyd etməsinə görə, iyunun 18-də də prezidentin imzaladığı sərəncamlar ilə müəllimlərin, hərbiçilərin, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlarda çalışanların əmək haqları artırılıb: «Bu məqsədlə büdcədən illik əlavə 1 milyard manat xərclənəcək. Bir çoxları hesab edir ki, əhalinin gəlirlərinin artması inflyasiyanı yüksəldəcək».
Saytın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iddialara cavab verib. Onun sözlərinə görə, indiki halda əhalinin gəlirlərinin artması inflyasiya təhlükəsi yarada bilməz: «…Səbəb ondan ibarətdir ki, bu sosial paketlərin emissiya effekti yoxdur (əlavə pul çap edilib dövriyyəyə buraxılmır – red.). Biz iqtisadiyyatdan qazandığımız pulu xərcləyirik. Əgər qazanılmamış pul xərcləsəydik, iqtisadi artımdan çox gəlirləri artırsaydıq, inflyasiya yüksələ bilərdi. Bu il təqdim edilən sosial paketlər 2019-cu ilin büdcəsində artıq oturub. Bu xərclərin gəlirləri təmin olunub. Gəlir təmin edilmədən xərclər artırılsa, dövlət büdcəsinin kəsiri yaranar. Bu kəsir avtomatik inflyasiyaya gətirib çıxarda bilər. İndiki halda əhalinin gəlirlərinin artması inflyasiya təhlükəsi yarada bilməz. Əksinə, inflyasiya 2.4 faizdir…».
Milli-mənəvi dəyərlər
«Azərbaycan» qəzetində «Dünyaya nümunə olan Azərbaycan reallığı» sərlövhəli yazı dərc edilib.
Müəllif yazının girişində Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən bəhs edir və onu belə çatdırır: «Azərbaycan xalqının milli-mənəvi dəyərləri dedikdə... dilimiz, dini inancımız, adət-ənənələrimiz, eyni zamanda tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərimiz nəzərdə tutulur».
Müəllifə görə, xalq yüzillər boyu bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından üzü ağ çıxıb, milli varlığını, dövlətçilik ənənələrini qoruya bilib: «Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövləti də məhz əsrlər ərzində formalaşmış həmin dəyərlər üzərində bərqərardır... Bu dəyərləri yaşatmaq, təbliğ etmək, gələcək nəsillərə sevdirmək doğma vətənin dünəni, bugünü və gələcəyinə xidmət deməkdir».
Müəllifin yazmasına görə, hazırda ölkədə milli-mənəvi dəyərlərin təbliği istiqamətində sistemli iş aparılır. Yazıda qeyd edilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirir: «...Müvafiq təhsil sistemi təkmilləşdirilir. Bütün bunların isə bir məqsədi var: dəyərlərimizi qorumaq, onları gələcək nəsillərə düzgün çatdırmaq və ölkəmizin bu dəyərlər işığında daha da möhkəmlənməsinə, inkişafına nail olmaq».