Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:06

AB-Azərbaycan biznes forumu keçirilir


Azərbaycan-AB

Bu gün, yunun 13-də Bakıda V Avropa Birliyi-Azərbaycan biznes forumu başlayıb. Forumda Azərbaycanda biznes mühiti mövzusu üzrə sessiya, hökumət rəsmiləri, şirkət nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sektorları üzrə paralel panel müzakirələr keçirilməlidir.

Biznes-forum Avropa Birliyi nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

«İndiyədək Avropa Birliyi (AB) tərəfindən Azərbaycan iqtisadiyyatına 33 milyard ABŞ dolları, Azərbaycan isə AB-yə 15 milyard dollar sərmayə yatırıb».

AZƏRTAC-ın xəbərinə görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev forumda deyib. Nazir qeyd edib ki, hazırda ölkədə AB-yə üzv ölkələrin 1600 şirkəti fəaliyyət göstərir: «Ötən il Azərbaycanla Avropa Birliyi ölkələri arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb. Azərbaycan AB-nin əsas iqtisadi və ticarət tərəfdaşlarındandır».

Avropa Birliyi (AB) Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə davam edəcək.

Bunu isə AB-nin genişlənmə danışıqları və Avropa qonşuluq siyasəti üzrə komissarı Yohannes Han forumundan əvvəl açıqlamasında deyib. Avrokomissar qeyd edib ki, Azərbaycan AB-nin mühüm ticarət tərəfdaşıdır.

«Hesab edirəm ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik», - o bildirib.

Xatırlatma

Azərbaycan AB ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

AB ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində 40 faiz paya malik olduqları bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG