Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:54

'1:5 hesabı utancvericidir'-Media icmalı


N.Yurçeviç
N.Yurçeviç

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının növbəti məğlubiyyəti, özəl provayderlərə maneələr, TANAP layihəsinin önəmi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Yurçeviç: «Qrupdakı rəqiblərimiz bizdən qat-qat güclüdürlər»

Qol.az saytımda «1:5 hesabı utancvericidir – Yurçeviç» sərlövhəli yazı oxumaq olar.

Yazıda iyunun 11-də Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına evdə 1:5 hesabı ilə uduzan Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviçin oyundan sonra keçirdiyi mətbuat konfransından bəhs edilir. O vurğulayıb ki, bu hesabdan sonra nəsə demək çətindir.

Daha sonra isə N.Yurçeviç jurnalistlərin suallarına cavab verib. Yazıda vurğulandığına görə, o, sualların birinə cavab olaraq bunları deyib: «Bəli, utancverici nəticədir. Slovakiyanın oyunçuları Avropanın aparıcı klublarında çıxış edir. Onlara qalib gəlmək üçün xüsusi günlərindən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi belə, Malta önündə çətinlik çəkmişdi. Qrupdakı rəqiblərimiz bizdən qat-qat güclüdürlər…».

Yazıda bildirildiyinə görə, Azərbaycan yığmasının baş məşqçisi əlavə edib ki, daha böyük hesablarla uduzacaqlarına inanmır: «Növbəti oyunda daha yaxşı olacağımıza və böyükhesablı məğlubiyyətlə üzləşməyəcəyimizə inanıram».

Azərbaycan Avro-2020-nin seçmə mərhələsində bundan əvvəl keçirdiyi iki oyunda da məğlub olub. Azərbaycan E qrupunda təmsil olunur. Bu qrupda Azərbaycandan başqa Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığması da yer alır.

Server
Server

«Özəl provayderlər sıxışdırılır»

«Yeni Müsavat» qəzetində «Özəl provayderlər internet bazarından sıxışdırılır – araşdırma» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, son vaxtlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və bu quruma məxsus «AzTelekom», «BakTelekom» dövlət operatorlarının inhisarçı mövqeyindən sui-istifadə etməklə özəl provayderləri sıxışdırdıqlarına dair məlumatlar geniş yayılıb: «Telefon-kabel quyularından özəl provayderlərin istifadəsi məhdudlaşdırılır».

Hətta yazıda vurğulandığına görə, özəl provayderlərdən birinin nümayəndəsi bildirib ki, onların binaları kabelləşdirməsinə əngəl yaradılır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, «AzTelekom» dövlət operatoru faktiki olaraq «müştəri oğurluğu» ilə məşğuldur: «Son günlər bu dövlət operatoru özəl provayderlərin minlərlə müştərilərini qeyri-qanuni olaraq öz şəbəkələrinə keçirib. Bu, necə baş verir? Deməli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Çindən dövlət vəsaiti hesabına balaca, kiçik tutumlu ONU tipli mini ATS-lər (köməkçi ATS-lər) gətirib. Bu ATS-lər istifadəçilərə daha yaxın ərazilərdə fiber-optik xətt üzərindən quraşdırılır. Yəni hazırda mövcud olan ATS-lərlə müştəri arasında daha bir köməkçi ATS qurulur. Lakin bundan o tərəfi, yəni müştəriyədək olan məsafə isə yenə də adi mis kabel üzərində olan, köhnə ADSL texnologiya əsasında internet xidməti olacaq».

Baş verənləri «biabırçılıq» adlandıran ekspert daha sonra da deyib: «Dünyanın inkişaf etmiş ölkələrinin lap çoxdan, qonşularımızın isə artıq 3-4 ildir ki, imtina etdiyi ADSL texnologiya ilə internet xidmətinə investisiya yatırmaq indiki anda absurd bir şeydir».

NRYTN-dən isə qeyd olunan fikirlərlə razılaşmayıblar. Nazirlikdən deyiblər ki, «Aztelekom» MMC dövlət provayderi olaraq öz fəaliyyətində «Telekommunikasiya haqqında» Qanunu və telekommunikasiya sahəsində digər normativ hüquqi sənədləri rəhbər tutaraq ölkədə bu sahədə sahibkarlığın inkişafına həmişə dəstək verib...

TANAP-ın açılış mərasimi. 12 iyun 2018
TANAP-ın açılış mərasimi. 12 iyun 2018

İ.Əliyev: «XXI əsrin enerji tarixini birlikdə yazırıq»

«Azərbaycan» qəzetində ««Cənub qaz dəhlizi»nin birləşdirici halqası» sərlövhəli yazıda TANAP qaz kəməri qiymətləndirilir.

Müəllif vurğulayır ki, 2018-ci il iyunun 12-də Əskişəhərdə (Türkiyə) TANAP-ın (Trans Anadolu Qaz Boru Kəməri) istifadəyə verilməsinin rəsmi açılışı olub. Həmin mərasimdə «Cənub qaz dəhlizi»nin tərkib hissəsi olan TANAP-ın işə düşməsi mühüm tarixi hadisə kimi dəyərləndirilib. Müəllifin düşüncəsinə görə, TANAP-ın uğuru eləcə də Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən «Cənub qaz dəhlizi»nin bütövlükdə müvəffəqiyyətlə başa çatacağına bir zəmanətdir: «TANAP Azərbaycan və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən unikal layihədir. Ona görə də Azərbaycan-Türkiyə birliyini, qardaşlığını nümayiş etdirir, iki ölkənin iqtisadi gücünü artırır. Lakin TANAP təkcə iki ölkə və region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün önəm daşıyan layihədir».

Yazıda bildirilir ki, Azərbaycan qazını Avropaya nəql edəcək «Cənub qaz dəhlizi» 7 ölkənin, layihənin ayrı-ayrı seqmentlərində tərəfdaşlıq edən çoxsaylı şirkətlərin sıx əməkdaşlığı nəticəsində gerçəkləşir.

Yazının sonunda isə bu layihə ilə bağlı prezident İlham Əliyevdən belə bir sitat gətirilib: «...Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq... Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür».

XS
SM
MD
LG