Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:03

'SOCAR kimi ən pullu bir dövlət şirkətinin bu gün...'-Media icmalı


A.Mollazadə
A.Mollazadə

Ramazan bayramı, ali məktəblərə qəbul, xarici sərmayənin azalması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Ən əsas məsələ istedadlı aztəminatlı uşaqların təhsilidir»

Yenisabah.az saytında «Azərbaycanda qəbul imtahanları ləğv olunmalıdır-millət vəkili» sərlövhəli yazı diqqət çəkir.

Müəllif ölkənin ali məktəb sistemindəki vəziyyəti deputat Asim Mollazadə ilə müzakirə edib.

«Mənə elə gəlir ki, qəbul imtahanları ilə bağlı hələ də ciddi işlər aparılmalıdır. Bizdə bu sistemin mövcudluğunun əsas səbəbi universitetlərə inamın itməsi ilə bağlıdır. Universitetlərdə xoşagəlməz hallar olurdu. Məhz ona görə bu sistem tətbiq edildi ki, istedadlı, aztəminatlı ailələrin uşaqları universitetdə təhsil ala bilsin, dövlət maliyyəsi hesabına bunu həyata keçirə bilsinlər», - Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib.

Deputat hesab edir ki, əslində universitet sistemində də islahatlar həyata keçirilməlidir: «Universitetlərdə ciddi dəyişikliklərdən sonra dünya təcrübəsinə keçə bilərik».

A.Mollazadə deyib ki, əksər dünya ölkələrində bir imtahan var, o da buraxılış imtahanıdır və bunun əsasında da universitetlər özlərinə tələbələri seçirlər, Azərbaycanda isə bu fərqlidir: «Bizdə sovet ənənələrinə son qoyulmadığına görə tələbə qəbulu ilə bağlı vahid imtahan sistemi mövcuddur. Universitetlər həm buraxılış imtahanının nəticələrinə, həm də abituriyentin məktəbdəki fəaliyyətinə, maraqlarına uyğun olaraq tələbə seçirlər».

A.Mollazadə daha sonra da deyib: «... zəngin ailələr müəyyən vəsait tapıb uşağını oxutdururlar. Cəmiyyəti maraqlandıran ən əsas məsələ istedadlı aztəminatlı uşaqların təhsilidir».

Bu ildən Azərbaycanda ali məktəblərə qəbul ikipilləli aparılır. Həm buraxılış imtahanlarının nəticələri (maksimum 300 bal), həm də qəbul imtahanında toplanan ballar (maksimum 400 bal) əsas götürülür.

N.Əliyev
N.Əliyev

«Bəs o «böyük irəliləyiş» harada gizlənib?»

Azadliq.info saytında «Xarici sərmayə 39 faiz azalıb» sərlövhəli yazı oxumaq olar.

Sayt Azərbaycana xarici investisiya yatırılmasına dair iqtisadçı Nemət Əliyevin düşüncələrinə yer verib.

N.Əliyevin qeyd etməsinə görə, bu günlərdə Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda çıxış edən dövlət başçısı İlham Əliyev deyib ki, ölkədə biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var.

Amma iqtisadçı dövlət başçısının bu dəyərləndirməsi ilə razı deyil və iddia edir ki, deyilənlər reallıqla uyğun deyil: «Bəs o «müsbət biznes mühiti», bəs o «böyük irəliləyiş» harada gizlənib, niyə açıb göstərmək mümkün olmur onu, cənab İlham Əliyev? Axı açıqlanan rəsmi məlumatlar göstərir ki, bu ilin yanvar-aprel aylarında xarici investorlar Azərbaycana sərmayələri 39 faiz azaldıb (1.163 milyarddan 0.704 milyarda düşüb)».

N.Əliyevin vurğulamasına görə, bu dörd aylıq sərmayə itkisinin həcmi 459 milyon dollar həcmində dəyərləndirilir: «SOCAR kimi ən pullu bir dövlət şirkətinin bu gün qapı-qapı gəzib əhalidən «dollar» toplamağa, dövlət büdcəsindən isə subsidiyalar çəkməyə girişdiyi bir zamanda bu yarım milyarda yaxın sərmayə itkisinin nə qədər böyük itki olmasını anlamaq, əlbəttə, elə də çətin olmamalıdır».

İqtisadçı hesab edir ki, ölkədəki bu şərait heç də biznesdən ötrü müsbət sayıla bilməz: «Elə isə biznesin ehtiyac içərisində üzüldüyü bir şəraiti necə «müsbət mühit» kimi xarakterizə eləmək olar?! Bilmək lazımdır ki, xarici sərmayələrin iqtisadiyyatımızda payı bu gün 31 faizə düşüb».

Onun qeyd etməsinə görə, halbuki, bu pay bir əvvəl 48, iki əvvəl 63, üç əvvəl isə 68 faiz olub.

Quran
Quran

Birlik və həmrəylik bayramı

«Azərbaycan» qəzetində «Birlik və həmrəylik bayramı» sərlövhəli yazıda Ramazan ayının mahiyyəti dəyərləndirilir.

Müəllif yazıb ki, bu gün (iyunun 4-də) mübarək orucluq ayı başa çatır. Yazıda vurğulandığına görə, sabah, iyunun 5-də (Bəzi müsəlman ölkələrində isə iyunun 4-də) müsəlmanlar Ramazan bayramını qeyd edəcəklər: «Ramazan bayramında oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü çimib təmizlənir, təzə və ya təmiz paltar geyirlər. Hamı bir-birini bayram münasibətilə təbrik edir, bir-biri üçün Tanrıya dua edir. Hər bir müsəlman üçün bir ay oruc tutmaq fərz olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir...».

Yazıda qeyd edilib ki, vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş və s. ərzaq məhsullarından adambaşına təxminən 3 kiloqram həcmində ödənilib: «Zaman keçdikcə kasıblara və ehtiyacı olanlara münasibətdə göstərilən bu xeyirxahlıq başqa formalar da almışdır. İndi fitrəni pul şəklində də verirlər. Əslində, bu, daha münasibdir. Belə ki, fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına uyğun şəkildə xərcləmək imkanı əldə edir. Özü də fitrə yalnız halal maldan verilməlidir».

Yazının sonunda isə oxuyuruq: «Ramazan bayramı qeyd olunarkən şəriət qaydaları hər bir müsəlman xalqının milli adət-ənənələri ilə çulğalaşır. Bu, ölkəmizdə də belədir. Bayram ərəfəsində müsəlman vətəndaşlarımız qəbiristanlıqları ziyarət edib dünyadan köçmüş əzizlərini anır...».

Bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 6-da başlayıb. İslam dinində Qurani-Kərimin məhz Ramazan ayında nazil olduğu bildirilir.

XS
SM
MD
LG