Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:44

Assange ‘psixoloji işgəncə’ görüb


Julian Assange tərəfdarı Londonda məhkəmə qarşısında
Julian Assange tərəfdarı Londonda məhkəmə qarşısında

Wikileaks saytının yaradıcısı Julian Assange “illər boyu məruz qaldığı ədavətli və özbaşına mühit” səbəbindən “psixoloji işgəncə” görüb. Bunu BMT-nin xüsusi məruzəçizi Nils Melzers deyir.

Məruzəçi mayın 31-də Cenevrədə çıxışı zamanı deyib ki, mayın 9-da o və iki tibb eksperti Britaniya həbsxanasında Assange-a baş çəkiblər.

“Cənab Assange bir neçə il ərzində məqsədli şəkildə qəddar, qeyri-insani alçaldıcı davranış, yaxud cəzaya məruz qalıb”, – Melzer söyləyib.

Assange aprelin 11-də Londondakı Ekvador səfirliyində yeddi il qalandan sonra həbs olunub. Hazırda Birləşmiş Ştatlar onun ekstradisiyasını istəyir. Assange məxfi informasıyanın dərcində, ABŞ ordusunun keçmiş kəşfiyyat analitikə məxfi informasiya əldə etməkdə yardımda suçlanır.

Julian Assange
Julian Assange

Rusiya izahat gözləyir

“2010-cu ildən bəri cənab Assange-a qarşı amansız ictimai qısnama, qorxutma, defamasiya kampaniyası aparılıb, həm də təkcə Birləşmiş Ştatlarda deyil, Britaniyada, İsveçdə və bu yaxınlarda da Ekvadorda”, – Melzer vurğulayıb.

Mayın 30-da Britaniya hakimiyyəti ABŞ-ın ekstradisiya xahişi üzrə dinləməni təxirə salıb. Assange xəstə olduğundan videolink vasitəsilə qatıla bilməyib. Vəkili Gareth Pierce jurnalistlərə deyib ki, Assange həbsxananın müalicə müəssisəsinə yerləşdirilib.

Dinləmə iyunun 12-nə təyin olunub.

Melzer-in bəyanatına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Facebook-da yazıb: “Ağırdır. Azadlıq və insan haqları fəalları ağlagəlməyini edirlər. Britaniyadan rəsmi izah gözləyirik”.

İsveç artıq 47 yaşlı avstraliyalıya qarşı zorlama iddiası üzrə istintaqı bərpa edib. Britaniya məhkəməsi isə ona zaminlik qaydalarına pozduğuna görə 50 həftəlik həbs cəzası kəsib.

Assange özü İsveçin iddialarını siyasi motivli adlandırır, onun Birləşmiş Ştatlara transferindən ötrü ssenari qurulduğundan ehtiyatlanır.

WikiLeaks saytı ABŞ hökumətinin sirlərini ortaya tökməsilə ad çıxarıb. Birləşmiş Ştatlar və müttəfiqləri Assange-ı mənbələr, kəşfiyyat texnikası, əsas infrastruktur saytları barədə informasiyanı paylaşmaqla insanların həyatı ilə oynamaqda ittiham edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG