Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 04:36

Bakıda 'Xəzər Neft və Qaz' konfransı keçirilir


İ.Əliyev «Xəzər Neft və Qaz-2019» sərgisində

Mayın 30-da Bakıda XXVI Beynəlxalq «Xəzər Neft və Qaz» konfransı başlayıb.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov neft strategiyasının əhəmiyyətindən danışıb.

Nazir 2014-cü ildən ötən müddətdə bazarda neftin qiymətindəki dəyişikliklərdən, Azərbaycanın digər hasilatçı ölkələrlə birgə «OPEC+» formatında əməkdaşlığından bəhs edib. O deyib ki, hazırda neftin bir barreli 70 dollar civarındadır və bunu qənaətbəxş hesab etmək olar.

İki gün davam edəcək konfransda 30 ölkədən 500-dək nümayəndənin iştirak etdiyi bildirilir.

Bu konfrans «Xəzər Neft və Qaz» sərgisinin tərkib hissəsidir. Mayın 29-da sərginin açılış mərasimi keçirilib. Azərbaycanda bu adda sərgi 1994-cü ildən, artıq 26-cı dəfədir ki, keçirilir.

'Xəzər Neft və Qaz-2019' sərgisi açılıb

Mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq «Xəzər Neft və Qaz-2019» sərgi və konfransının açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı tədbirdə nitq söyləyib. Sonra o, sərgi ilə tanış olub.

Birinci sərgi isə 1994-cü ildə keçirilib. Elə bundan bir az sonra, həmin ilin sentyabrında «Azəri», «Çıraq», «Günəşli» neft yataqlarının işlənməsi ilə bağlı Azərbaycan beynəlxalq şirkətlərlə saziş imzlamışdı. Həmin saziş «Əsrin müqaviləsi» adını da almışdı.

O vaxtdan etibarən «Xəzər Neft və Qaz» sərgisi bu sahələr üzrə aparıcı mütəxəssislərinin görüşdüyü, əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib.

34 ölkədən 301 şirkət

Energetika naziri Pərviz Şahbazov bildirib ki, sərgidə 34 ölkədən 301 şirkət iştirak edir. Bu şirkətlər bütün sahələri və regionları təmsil edir.

«Bu, Xəzər hövzəsində keçirilən ən böyük neft-qaz sərgisidir. Artıq 26 ildir keçirilir. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya üzrə ixtisaslaşmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Eyni zamanda, sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir», - nazir qeyd edib.

Bakı Ekspo Mərkəzində IX Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (Caspian Power 2019) sərgisi də açılıb.

Neft-qaz sərgisinin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. O bildirib ki, Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur...

Donald Trampın məktubu

ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon prezident Donald Trampın sərgiyə təbrik məktubunu təqdim edib.

Məktubda yazılıb ki, Cənub Qaz Dəhlizi (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur-A.R) layihəsi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.

Məktubda habelə yazılıb: «Mən Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram».

Prezident İ.Əliyev sərgi ilə tanış olarkən ABŞ-ın «Halliburton» şirkətinin pavilyonuna da baş çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG