Cənub Qaz Dəhlizi layihəsi, kölgə iqtisadiyyatı, ixracda neft və qazın payının artması medianın diqqət ayırdığı mövzulardandır...
Kölgə iqtisadiyyatı
«Yeni Müsavat» qəzetində «Pərviz Heydərov: Dövlətin vergi siyasətinin təkmilləşdirilməsi 3 tərəfə xidmət etməlidir» sərlövhəli yazı oxumaq olar.
Yazıda ölkədə kölgə iqtisadiyyatı barədə iqtisadçı-ekspertlər Pərviz Heydərov və Rəşad Həsənovun düşüncələrinə yer verilib.
Müəllif qeyd edib ki, Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsi barədə müstəqil ekspertlər, xarici təşkilatlar və rəsmi qurumlar fərqli rəqəmlər açıqlayır: «Dövlət Statistika Komitəsi qeyri-şəffaf iqtisadiyyatın ümumi iqtisadiyyatda payını 8-9 faiz, yerli ekspertlər 70 faizdən yuxarı, beynəlxalq təşkilatlar isə, bir qayda olaraq, 50-60 faiz civarında hesablayırlar».
P.Heydərovun fikrincə, elə etmək lazımdır ki, vergi dərəcələri iqtisadi aktivliyi, kölgə iqtisadiyyatının leqallaşmasını stimullaşdırsın: «Pərdəarxası qazanc əldə etmək istəyinin rüşeym halında da olsa belə, mövcudluğuna zəmin saxlamasın».
P.Heydərov deyib ki, vergi siyasəti dövlət büdcəsinə, işəgötürənə və işçiyə xidmət etməlidir.
İqtisadçı-ekspert R.Həsənovun fikrincə də, kölgə iqtisadiyyatı, gizli məşğulluq Azərbaycanda ən ciddi problemlərdən biridir: «Bu amil böyük iqtisadi itkilərə gətirib çıxarmaqla yanaşı, ədalətsiz rəqabət mühitinin də formalaşmasına səbəb olub. Çünki mövcud şərtlər daxilində leqal fəaliyyət göstərən biznesin xərcləri daha yüksəkdir, nəinki uçotdan yayınaraq fəaliyyət göstərənlərin».
Ekspert hesab edir ki, kölgə iqtisadiyyatına qarşı atılan addımlardan qısa müddətə yüksək effekt gözləmək doğru deyil: «Son 25 ildə biznesin, sahibkarlıq subyektlərinin uyğunlaşdıqları bir sistemdən uçot və şəffaflığın olduğu tamamilə yeni sistemə keçid heç də asan iş deyil...».
«Qeyri-neft sektoruna dəyən zərbə»
Yenisabah.az saytında «Ölkəni idarə edənlər papaqlarını qarşılarına qoyub... – Nemət Əliyev» sərlövhəli yazı yer alır.
Sayt ölkədə qeyri-neft sektorunun vəziyyəti barədə iqtisadçı N.Əliyevin təhlilini təqdim edib.
«Qeyri-neft sektorunun sağdan, soldan, yuxarıdan, aşağıdan, arxadan, öndən almadığı zərbə qalmayıb...», - N.Əliyev vurğulayıb.
İqtisadçi bildirib ki, Dövlət Gömrük Komitəsindən əldə olunan ən son məlumatlara görə, 2019-cu ilin yanvar-aprel aylarında neft sektorunun ümumi ixracda payı 92 faizə yüksəlib: «7.1 milyard dollarlıq ixracın 6.5 milyard dolları xam neft, neft məhsulları və təbii qazdan ibarət olub, ümumi ixracda qeyri-neft mallarının payı vur-tut 8 faiz təşkil edib. Halbuki, bu pay bir il əvvəl 9 faiz, iki il əvvəl 12 faiz, dörd il əvvəl isə 14 faiz olub. Bu göstərici son 4 ildə 6 faiz azalaraq 8 faizə enib. Amma qeyri-neft sektoruna dəyən zərbə bununla bitməyib».
N.Əliyev deyib ki, bu ilin ilk 4 ayında idxal 50.3 faiz artıb: «İdxalda yaşanan bu artım tempini son illərin ən yüksək göstəricisi saymaq olar. İdxalın bu səviyyədə artması özlüyündə daxili istehsalın nə dərəcədə zəif olması haqqında ilk baxışdan çox şey ifadə eləyir. Pərakəndə ticarət dövriyyəsinə dair məlumatların təhlili konkret şəkildə göstərir ki, hazırda xarici malların ümumi daxili tələbatın ödənilməsində rolu 68 faizə yüksəlib».
N.Əliyev sual edir: «2004-2018-ci illərdə ölkə iqtisadiyyatına yatırılan 245 milyard dollarlıq sərmayələrin izlərinə buralarda niyə rast gəlinmir? Fikrimcə, bunun xalqa ağlabatan izahatı açıqlanmalıdır. Ölkəni idarə edənlər papaqlarını qarşılarına qoyub neftdən kənar istehsal sahələrinin rolunun niyə bu dərəcədə zəifləməsinin gerçək səbəbləri və bunun hansı ağır nəticələr doğura biləcəyi haqqında yaxşı-yaxşı fikirləşməlidirlər».
Cənub Qaz Dəhlizi
«Azərbaycan» qəzetində dərc edilən «Xəzərdən Adriatik sahillərinə uzanan əməkdaşlıq körpüsü» sərlövhəli yazıda Cənub Qaz Dəhlizi layihəsindən bəhs olunur.
Müəllif xatırladıb ki, 2018-ci il mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Yazıda vurğulanıb ki, Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropa qitəsinə nəqlini həyata keçirəcək nəhəng bir layihədir: «Bunlar «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP-ın (Trans Anadolu Qaz Boru Kəməri) və TAP-ın (Trans Adriatik Qaz Boru Kəməri) çəkilişidir. «Şahdəniz-2»dən qazın əldə olunması və CQBK-nın genişləndirilməsinin başa çatdırılması bir il əvvəl layihənin rəsmi açılışını etməyə imkan vermişdir».
Müəllif hesab edir ki, artıq bir ildir üç seqmenti müvəffəqiyyətlə fəaliyyət göstərən Cənub Qaz Dəhlizi ilə «Şahdəniz» qazı nəql edilir: «Sonuncu seqment olan TAP-ın çəkilişi uğurla yekunlaşmaqdadır. Gələn il bu kəmər də işə düşərək Azərbaycan qazını Avropaya çatdıracaq».
Yazının sonunda da oxuyuruq: «Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafında mühüm faktor kimi çıxış edəcək. Bütün iştirakçı ölkələrə və şirkətlərə gəlir gətirəcək. Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi amil olacaq. Dövlətlər və xalqlar arasında əməkdaşlığı, işgüzar əlaqələri inkişaf etdirməklə yanaşı, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına müsbət təsir göstərəcək».