Bu gün – mayın 29-da Bakıda Avropa Liqasının final qarşılaşmasında İngiltərənin Arsenal və Çelsi klubları üz-üzə gələcək. Artıq bir neçə gündür Qərb agentlikləri, müxtəlif nəşrlər diqqəti Bakıya yönəldib, müxbirlər burada gördüklərini bölüşürlər. Əsas müzakirə mövzuları biletlərin bahalığı üzündən bir çox ingilis azarkeşlərin Bakıya gələ bilməməsi, Arsenal klubunun erməni yarımmüdafiəçisi Henrikh Mkhitaryan-ın təhlükəsizliyini əsas gətirərək yarışdan imtina etməsidir. Ancaq Azərbaycan tərəfi erməni futbolçunun təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verib, bunu UEFA da təsdiqləyib.
“Avropa tərəfindən sıxışdırıldığını düşünən bir ölkə üçün idman tamaşası sayqını satın almağın sonuncu, ən yaxşı yollarından biri sayıla bilər. Yoxsa Azərbaycanın Avropa yarışmalarına ev sahibliyi etmək həvəsini nəylə izah etmək olar? İnsan haqlarının durumunun kəskin tənqid olunmasına, Avropanın bir çox ölkələri ilə mürəkkəb münasibətlərinə baxmayaraq, 2012-ci ildə Avroviziya, 2015-ci ildə Avropa Oyunları, bu il Avropa ritmik gimnastika çempionatı bu ölkədə keçirilib”. Bunu “The Guardian” qəzetində Andrew Roth yazır.
Müxbir Bakının əslində, gəzməli, görməli bir şəhər olduğunu vurğulayır. İçərişəhərin qəmbərli küçələri yaxınlığında şüşə pəncərəli göydələnlər salınmış bu şəhər təsəvvür edin...
Müəllif infrastrukturun əsasən 2015-ci il Avropa Oyunları üçün qurulduğunu vurğulayır. Final oyunu 600 milyon dollara başa gəldiyi deyilən Bakı Olimpiya Stadionunda keçiriləcək. Məqalədə futuristik Heydər Əliyev Mərkəzindən ayrıca söz açılır. Digər prestijli layihələr kimi bu binanın tikintisinin də qalmaqalsız keçmədiyi, yaxınlıqda yaşayanların zorla köçürüldüyü yada salınır. “Binanın tikintisindən ötrü 250 ev sökülüb, hüquq mühafizə orqanları oxşar söküntülərə etirazlar edənlərlə sərt davranıb”, – məqalədə deyilir.
Azarkeşlər gileylidir
“Reuters” agentliyi isə Arsenal və Çelsinin çoxsaylı azarkeşlərinin Bakıya uzun və bahalı səfəri təxirə saldığını yazır. Agentlik Bakıya yeddi günə gəlmiş bir ata-oğulla danışıb.
Jake Ralph atası Kevin Cobb ilə ötən həftənin çərşənbə axşamı Londondan İstanbula uçub. Türkiyədən Gürcüstana, bazar ertəsi isə Bakıya çatıblar.
“İstədik bunu bir macəraya çevirək, başqa cür bu yerlərə heç vaxt gedib çıxmazdıq. Həm pula qənaət etmək, həm də macəra yaşamaq istədik”, – 28 yaşlı Ralph deyib.
Çelsi fanatlarına 1240 dollarlıq bilet təklif olunurdu. Ata-bala isə həmin pula qalmaq və yol xərci daxil səfərlərini bütünlükdə maliyyələşdirir.
Final oyunu üçün Bakını seçdiyinə görə UEFA sərt tənqid olunub. Agentlik Arsenal və Çelsinin hətta onlara ayrılmış 6 min bileti tam sata bilmədiyini yazır.
“Çelsinin bir çox azarkeşləri buraya gələ bilmirlər, bu, həqiqətən kədərlidir”, – Ralph vurğulayıb.
O, atasıyla Azərbaycanın turizm rəsmilərinin diqqətini çəkib. Onları vağzalda rəqqaslar, yemək dolu zənbillərlə qarşılayıblar. Bakıda VIP nömrəyə yerləşdiriliblər, sürücü ayrılıb. “Bizi stadion turuna aparıblar, köynəklərimizin ölçüsünü soruşublar. Nəsə başgicəlləndirici oldu”, – Ralph deyib.
“Niyə Bakı?”
AzadlıqRadiosu-nun (RFE/RL) ingilisdilli saytı da Avropa Liqasının final oyunu öncəsi məqalə dərc edib.
Hamburqda mənzillənən Avropanın Futbol Azarkeşləri təşkilatının rəhbəri Ronan Evain deyir ki, final oyununun Bakıda keçiriləcəyi açıqlanan kimi onlar narahat olmağa başlayıblar.
“Elə ilk gündən bu ölkədəki insan haqlarının durumu, aeroport tutumu və hakimiyyətin ümumi siyasətindən narahat idik”, – o vurğulayıb.
Azərbaycan gələn ilin Avro 2010 çempionatının dörd oyununa ev sahibliyi edəcək. Ancaq Evain deyir ki, UEFA-nın iştirakıyla belə bir problemli durumun sonuncu dəfə yaşandığına ümid edir.
“Final oyununa ev sahibliyi iki il qabaq verilib; ancaq indi durum bir az fərqli olacaq, çünki UEFA-nın yarışların keçirilməsilə bağlı insan haqları tələbləri var. Yəni Avropa Liqasının finalına, yaxud Avropa çempionatının oyununa ev sahibliyi edən ölkə müəyyən insan haqları tələblərinə uyğun gəlməlidir. İnanıram ki, Azərbaycan bu tələblərə uyğun gəlməz”, – o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan rəsmiləri beynəlxalq qurumların insan haqlarının durumunu tənqid etməsini qəbul eləmir, bu tənqidləri ölkəyə qarşı qərəzli kampaniya sayır. Hakimiyyət ölkədə insan hüquqlarının tam təmin olunduğunu bildirir.