Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Stalinin cinayətlərini araşdıran alimə 9 il həbs kəsildi


Sergei Koltyrin
Sergei Koltyrin

Rusiyada keçmiş muzey direktoru azyaşlı ilə cinsi əlaqədə təqsirli bilinərək 9 il həbsə məhkum edilib. Sergei Koltyrin sovet diktatoru Josef Stalinin hakimiyyəti dövründə güllələnmiş minlərlə adamın basdırıldığı kütləvi məzarlıqda tədqiqat aparırdı.

O, mayın 27-də digər təqsirləndirilən Yury Nosov ilə birlikdə Rusiyanın şimal-qərbindəki Kareliya regionunun Medvejqorsk şəhər məhkəməsində təqsirli bilinib.

Koltyrin Sandarmox kütləvi məzarlığında tədqiqat aparan, azyaşlılarla cinsi əlaqədə ittiham olunan ikinci tarixçidir. Bu məhkəmələr Stalinin cinayətlərinə dair dəlil tapmağa çalışan rusiyalıları hakimiyyətin susdurmaq istəməsi sarıdan şübhələrə yol açıb.

Oktyabrda həbs olunmuş, məhkəməsi qapalı keçirilən Koltyrin və Nosov azyaşlı oğlanı yoldan çıxarmaqda, onunla cinsi əlaqədə təqsirli biliniblər. Nosova 11 il həbs cəzası kəsilib.

Digər tarixçi Yury Dmitriyev-in məhkəməsi isə Kareliyanın paytaxtı Petrozavodskda qapalı şəraitdə keçirilir. O, Sandarmox məzarlığını 1990-cı illərdə aşkarlayıb, orada tədqiqata başlayıb.

Moskvada parkda Stalinin abidəsi
Moskvada parkda Stalinin abidəsi

Dmitriyev Moskvada mənzillənən Memorial insan haqları qrupunun Kareliya filialının rəhbəridir. Bu təşkilat onillərdir Stalinin cinayətlərinin miqyasını müəyyənləşdirməyə çalışır, Prezident Vladimir Putin hakimiyyəti isə buna müqavimət göstərir.

Dmitriyev-ə daha ağır ittiham irəli sürülüb

Dmitriyev 2016-cı ildə uşaq pornoqrafiyası ittihamları ilə saxlanıb, onun kompüterində övladlığa götürdüyü qızın fotolarının tapıldığı bildirilib. Ancaq özü fotoların pornoqrafik olmadığını, ittihamlarda məqsədin onun Stalin dövrü cinayətləri üzrə tədqiqatını dayandırmaq olduğunu deyib.

Petrozavodsk Şəhər Məhkəməsi 2018-ci ilin sentyabrında Dmitriyev-ə bəraət versə də, Kareliya Ali Məhkəməsi prokurorların şikayətini təmin edib, yeni təhqiqatın başladılmasına göstəriş verib. İyunda yenidən həbs olunan tarixçiyə daha ağır ittiham irəli sürülüb.

Koltyrin ötən il Sandarmoxda aparılan qazıntı işlərini açıq tənqid edib. Qazıntıları Mədəniyyət naziri Vladimir Medinsky-nin rəhbərlik etdiyi Rusiya Hərbi-Tarixi Cəmiyyəti aparırdı.

Koltyrin və digər tənqidçilərin fikrincə, qazıntıların məqsədi Stalinin öz xalqına qarşı törətdiyi cinayətləri ört-basdır etməkdir. Rəsmilər ərazidə 2-ci Dünya Müharibəsi zamanı guya Finlandiya ordusu tərəfindən hərbi əsir kimi edam olunmuş Qırmızı Ordu əsgərlərinin qəbirlərini axtardırdıqlarını deyirdilər.

Putinin hakimiyyəti dövründə Stalinin imici nisbətən bərpa olunub, onun ölkənin sənayeləşdirilməsi, nasist Almaniyası üzərində qələbədə rolu önə çəkilib. Siyasi təqiblər, məcburi kollektivləşdirmə, kütləvi siyasi repressiyalar, deportasiyalar, əmək düşərgələrindən daha az danışılır.

Putin Rusiyanın tənqidçilərini Stalini “aşırı qaralamaqda” suçlayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG