Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:07

Əkrəm Həsənov istefa verir


Ə.Həsənov

«İyunun 11-də keçirilməsi nəzərdə tutulan «Bank Standard» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kreditorlar Komitəsinin növbəti iclasında komitə sədrliyindən istefa verəcəyəm».

Bunu komitə sədri Əkrəm Həsənov bildirib.

Ə.Həsənov istefanın səbəblərinə toxunaraq deyib ki, bu, daha çox komitə üzvlərinin fəaliyyətsizliyi ilə bağlıdır: «Mən iki ildir ki, Komitənin sədriyəm və bunu da deyim ki, bu, ictimai vəzifədir. Mən bir il müddətinə seçilmişdim. Keçən il vaxt çatanda istefa vermək istədim, amma Komitə üzvləri buna razılaşmadılar. Odur ki, daha bir il də qalmalı oldum».

Ə.Həsənov deyib ki, daha bir səbəb kreditorlar arasında ziddiyyətlərin artması ilə bağlıdır: «Əmanətçilər bankdakı pullarını əldə etmək barədə fərqli düşüncələrə malikdirlər. Mitinqlər keçirmək, kimlərdənsə xahiş etmək və s. kimi düşüncələr var. Amma mən də izah edirəm ki, bunlar hüquqi yollar deyil və ondan ötrü Kreditorlar Komitəsinə ehtiyac yoxdur».

O vurğulayıb ki, Komitə üzvləri ləğvedici olaraq Əmanətlərin Sığortalanması Fondunun bankla bağlı fəaliyyətinə lazımı şəkildə nəzarət etmirlər: «Mən deyirəm ki, bankla bağlı məhkəmə prosesləri keçirilir, hərraclar keçirilir, iştirak edin ki, proses nəzarətinizdə olsun. Bunda da iştirak etmirlər. Həm də hesab edirəm ki, müəyyən qurumlar əmanətçilər arasında belə vəziyyət yaranmasında maraqlıdırlar. Əmanətçilər arasında ziddiyyətlər olması birliyi pozur, bu isə bəzi qurumlara ləğvetmə prosesini uzatmağa imkan verir».

Bank Standard
Bank Standard

«Arada itmiş pullar...»

Ə.Həsənov deyib ki, «Bank Standard» QÇS-də ləğvetmə prosesi dövründə 1 milyard 200 milyon manat vəsait olub. Onun qeyd etməsinə görə, bu vəsaitin 450 milyon manatı ləğvedici olaraq Əmanətlərin Sığortalanması Fonduna (ƏSF), 150 milyon manatı Mərkəzi Banka, 400 milyon manatı banka əmanət qoyan hüquqi şəxslərə (kommersiya təşkilatlarına), 157 milyon manatı fiziki şəxslərə aiddir.

Ə.Həsənov vurğulayıb ki, ilk olaraq ləğvedici kimi Fond sərf etdiyi vəsaitləri götürməlidir, bundan ötrü bankın daşınmaz əmlakları satılmalıdır, amma qurum bunu etməyə tələsmir.

Ə.Həsənov ləğvetmə ilə bağlı əvvəlki dönəmdə bəzi mətbu orqanlarda Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən yer alan rəqəmlərə də münasibət bildirib. Həmin açıqlamalarda vurğulanıb ki, «Bank Standard»ın cəmi 520 milyon manat cəlb olunmuş əmanəti olub və bunun da 460 milyon manata yaxını qorunan əmanətlərdir. Ə.Həsənovun sözlərinə görə, bu rəqəmlər gerçəkliyi əks etdirmir: «Biz bu barədə Prezident Administrasiyasına, aidiyyəti qurumlara müraciətlər etmişik ki, məsələ araşdırılsın. Amma indiyə kimi araşdırılmayıb. Çünki məlum oldu ki, fiziki şəxslərin cəlb edilən vəsaiti 520 milyon manat yox, 600 milyon manatdır. Amma mən hətta bunu da əsaslı saymıram, məbləğ daha yüksək ola bilər. İndiki halda arada «itmiş» pullar arasında fərq 80 milyon manatdır. Həm də belə vəziyyət yaranmasına səbəb odur ki, bəzi aidiyyəti qurumlar məsələnin olduğu kimi üzə çıxmasında maraqlı deyildirlər. Mənim haqqında danışdığım 157 milyon manat isə fiziki şəxslərin əmanətlərinin qorunmayan hissəsidir».

Bu fikirlərə, hələlik, Kreditorlar Komitəsinin başqa üzvlərindən və Əmanətlərin Sığortalanması Fondundan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

«Bank Standard» QSC-nin fəaliyyəti 2016-cı ildə dayandırılıb.

2015-ci ildə ölkədə iki devalvasiya baş verib. Bunların nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib.

Ardınca ölkədə 10-dan çox bankın lisenziyası ləğv edilib. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Həmin banklardakı qorunan əmanətlərin 99 faizə qədərinin qaytarıldığı açıqlanıb. Amma qorunmayan əmanətlərin qaytarılmasından, hələlik, söhbət getmir.

Son vaxtlar bu bankların əmanətçiləri tez-tez Prezident Administrasiyasının önünə toplanaraq pullarını tələb edirlər. Onlara şikayətlərinin araşdırıldığı bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG