Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 04:09

Baş prokurorun qəbulundan narazılar var


Z.Qaralov. Foto arxiv

Bu gün, mayın 24-də Gəncədə Baş prokuror Zakir Qaralovun qəbulu olub.

Amma Gəncə Şəhər Prokurorluğunun binasında keçirilən qəbula onlarla sakinin düşə bilmədiyi söylənir.

Bu barədə həmin şikayətçilərdən bəziləri «Turan» agentliyinə danışıblar.

Həmin şikayətçilərin verdikləri məlumata görə, prokurorluğun binası 200 metr radiusda mühasirəyə alınıb və Z.Qaralovla görüşə bəzi şəxslər buraxılmayıb. Polislər vətəndaşları prokurorluğun binasından uzaq salmaq məqsədilə başqa küçəyə sıxışdırıblar.

Qəbuldan narazı qalanların arasında 2018-ci ilin iyulunda Gəncədə baş vermiş hadisələrdə həbs edilənlərdən bəzilərinin valideynləri də olub. Onlar son aylar Bakı və Gəncədə bir neçə dəfə aksiya keçirərək, istintaqın gedişindən narazılıq ediblər. Həmin şəxslərin demələrinə görə, saxlandıqdan sonra yaxınlarına ağır işgəncə tətbiq edilib.

Amma rəsmi qurumlar belə iddialara, hələlik, münasibət bildirməyiblər. Rəsmi qurumlar, bir qayda olaraq, polis və təcridxanada işgəncə şikayətlərini əsaslı saymırlar. Bununla belə, Gəncə hadisələrində həbs edilənlərdən bir qrupunun məhkəmə prosesində işgəncə şikayəti ilə bağlı məhkəmə-tibbi ekspertizasinin keçirilməsi haqqında vəsatət qəbul edilib.

Z.Qaralovun qəbuluna düşə bilməyənlərin narazılığına isə, hələlik, Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir. Y.Səfərov ittihamla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə də bağlı məlumatlar yayılmışdı. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Həmin hadisələrlə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir. Onlardan təqribən 50-dən çox şəxsin ( 6 qrup) işi məhkəməyə göndərilib. Bəzi qrupların məhkəməsi başa çatıb. Onlar iğtişaş salmaq və başqa əməllərdə ittiham edilərək 5-9 il arası həbs cəzaları alıblar. Həbs edilənlərin çoxu tam olaraq ittihamı qəbul etmir.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG