Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:43

ABŞ-Çin sanksiyaları ‘səmərəsiz’ olacaq – Qərb mediası


Pekində karnaval, 15 may, 2019-cu il
Pekində karnaval, 15 may, 2019-cu il

Embarqolar nadir hallarda diplomatik davranışda dəyişikliyə səbəb olur. Çünki qadağalar ticarətin yönünü dəyişərək blokadadan yan keçməyə, yerli qabiliyyəti gücləndirməyə, texnologiyanı dəyişməyə əsaslı stimul yaradır. Bunu “Reuters” agentliyinin bazar təhlilçisi John Kemp yazır.

Birləşmiş Ştatlar Çinin Huawei şirkətinə qarşı sanksiyalar elan edib. Şərhçilər Çinin bunu cavabsız qoymayacağını düşünür. Müəllifin fikrincə, strategiyaların heç biri uzun müddətə faydalı olmayacaq, ölkələrə və şirkətlərinə qısamüddətli ziyan vuracaq, ta ki onlar təchizat zəncirinin marşrutunu dəyişənədək.

Məsələn, 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində tikinti ağacı çox vacib xammal sayılırdı, taxta hərbi gəmilərin tikintisində əvəzedilməz idi. Britaniya donanması Yeni İngiltərə, Prussiya və Rusiya meşələrindən gətirilən xammaldan asılı idi. Ancaq Amerika İnqilabı və daha sonra Fransa ilə Napoleon müharibələri hər iki regiondan təchizatı dayandırdı.

Donanma sonradan Kanada, Adriatik, hətta Hindistanda alternativ təchizat mənbələri əldə etdi.

Apple vs Huawei
Apple vs Huawei

Yaxud 1990-cı illərdə İraqdan neft ixracına sanksiya qoyulsa da, bu, Saddam Hussein-in yaratdığı təhlükəni aradan qaldıra bilmədi və 2003-cü ildə Birləşmiş Ştatlara İraqa girdi.

ABŞ və AB-nin sanksiyaları Rusiyanı Ukraynanın Krım yarımadasından, yaxud ölkənin şərqindəki ərazilərdən çıxara bilməyib.

Eyni şeyi ABŞ-Çin münasibətlərinə də aid etmək olar. Müəllif yazır ki, yəqin, ABŞ istehsalçıları təchizat zəncirini Cənub-şərqi Asiyaya və Meksikaya yönəldəcəklər.

Yaxud Çin kompüter və telekommunikasiya sistemlərinin təchizatını yerliləşdirəcək, özünün mikrosxem avadanlığını və əməliyyat sistemlərini yaradacaq.

Elə Huawei şirkəti də bildirib ki, öz əməliyyat sistemini bu il buraxa bilər.

***Buna da bax: Huawei öz əməliyyat sistemini bu il ‘buraxa bilər’

ABŞ və AB-nin bayraqları
ABŞ və AB-nin bayraqları

Trump və Putin Avropanı ‘zəiflətməyə çalışırlar’

ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putin Avropa Birliyini zəiflətməyə çalışırlar. Belə bir xəbərdarlıqla Avropanın aparıcı rəsmisi çıxış edib.

“Rusiya, Çin, həmçinin Birləşmiş Ştatlar kimi ölkələr bizə həmişəkindən çox meydan oxuyurlar”, – Finlandiyanın keçmiş baş naziri və Avropa Komissiyasının Vitse-prezidenti Jyrki Katainen CNBC-yə müsahibəsində deyib.

“Tarixdə ilk dəfə olaraq elə bir vəziyyətə düşmüşük ki, Birləşmiş Ştatların və Rusiyanın prezidenti Avropaya dair eyni baxışı paylaşır: onun daha zəif olmasını istəyirlər, çünki bunu öz ölkələri üçün daha yaxşı hesab edirlər”, – Katainen vurğulayıb.

Trump ötən il AB-ni sərt tənqid edib, iddia edib ki, “heç kəs bizimlə Avropa Birliyi kimi pis davranmır”. O, AB-ni ticarətdə “düşmən” adlandırıb, bu birliyin Birləşmiş Ştatlardan faydalanmaqdan ötrü yarandığını deyib.

Bir çox ekspertlər isə Rusiyanı Avropa Birliyini zəiflətməyə çalışmaqda ittiham edir, bu məqsədlə avroskeptik siyasi hərəkatları maliyyələşdirdiyini, ölkələr içinə nifaq saldığını iddia edir.

Donald Trump (solda) və William Barr (sağda)
Donald Trump (solda) və William Barr (sağda)

Trump kəşfiyyat agentliklərinin təhqiqatını gücləndirir

ABŞ Prezidenti Donald Trump Baş prokuror William Barr-a Rusiya istintaqının mənbəyilə bağlı məxfi informasiyanı nəzərdən keçirərək yaya bilmək səlahiyyəti verib. “The Associated Press” agentliyi bunun Barr-ın təhqiqatını sürətləndirmək məqsədi güddüyünü yazır. Hazırda prokurorluq ABŞ rəsmilərinin Trump-ın 2016-cı il seçki kampaniyasını izləməsinin qanuni olub-olmadığını araşdırır.

Trump kəşfiyyat cameəsinə Barr-ın istintaqı ilə “sürətlə və tam şəkildə əməkdaşlıq etmək” göstərişi verib.

Xüsusi prokuror Robert Mueller prezidentin seçki kampaniyasının Rusiyayla mümkün əməkdaşlıq iddialarını, Rusiyanın seçkiyə müdaxilə cəhdlərini araşdırmışdı. Rusiyayla əlbirliyə yetərincə dəlil aşkarlanmadığı bildirilmişdi.

Agentlik yazır ki, Trump bu hesabatın tapıntılarını gözdən salmağa çalışır. Bu arada Demokratlar impiçment prosedurlarının başladılmasına çağırırlar.

Barr isə prokuror John Durham-dan xahiş edib ki, Rusiya istintaqının mənbəyini araşdırsın, istintaq zamanı istifadə olunmuş kəşfiyyat və nəzarət metodlarının qanuni olub-olmadığını müəyyənləşdirsin. Mənbənin bildirməsinə görə, Barr prosesdə birbaşa iştirak edir, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Gina Haspel, Milli Kəşfiyyatın direktoru Dan Coats və Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Christopher Wray ilə birlikdə işləyir.

XS
SM
MD
LG