Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:13

Yeni saxlananların olduğu deyilir


Polis

Mayın 22-də Azərbaycan Xalq Hərəkatının (AXH) bəzi üzvlərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin önündə aksiya keçirməyə cəhd etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Gələcək Azərbaycan Partiyasının sədri, AXH İdarə Heyətinin üzvü Ağasif Şakiroğlu məlumat verib. Onun sözlərinə görə, aksiya iştirakçıları idarə önündə toplaşaraq son günlərdə həbs olunduğu güman edilən, lakin yeri bilinməyən fəalların məsələsinə aydınlıq gətirilməsini istəyiblər.

«İdarə binasından çıxan əməkdaşlar insanları saxlayaraq aparıblar», - GAP sədri bildirib.

Partiya sədrinin bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən aydınlıq gətirmək mümkün olmayıb.

AXH təmsilçisinin saxlandığı deyilir

Azərbaycan Xalq Hərəkatının (AXH) Bərdə rayon təmsilçisi, Gələcək Azərbaycan Partiyasının (GAP) sözügedən rayon şöbəsinin sədri Tahir Allahverdiyevin mayın 21-də saxlanaraq Bakıya gətirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna GAP sədri Ağasif Şakiroğlu danışıb: «Bir neçə gün idi ki, onu Bərdə Rayon Polis Şöbəsinə çağırıb, sorğu-sual edirmişlər. Daha çox AXH-də, eləcə də partiyadakı fəaliyyəti barədə sorğu-suala tutulub. Mayın 21-də də polisə çağrılıb, telefonu əlindən alınıb, şifrəsi öyrənilərək telefona daxil olaraq partiya üzvlərinin siyahısı götürülüb. Axşamüstü Bərdədən Bakıya gətiriblər. Ailəsinin dediyinə görə, T.Allahverdiyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib».

A.Şakiroğlu deyib ki, T.Allahverdiyevin rəsmi olaraq hansı cinayət əməlində və ya qanun pozuntusunda ittiham edildiyi onlara bəlli deyil: «Amma fəalların yerlərdən bizə verdikləri məlumatlara görə, guya Xalq Hərəkatının Bakıda iğtişaşlar törədilməsinə hazırlıq görməsi barədə şayiələr yayılır. Yəqin ki, mayın sonlarında keçirilməsi nəzərdə tutulan mitinq qərarımızla bağlı belə danışırlar. Amma mitinqlə bağlı rəsmi olaraq bizə hər hansı cavab verilməyib».

Bu deyilənlərə, hələlik, DİN və Bərdə Rayon Polis Şöbəsindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmi qurumlar, bir qayda olaraq, ölkədə dinc siyasi fəaliyyətə görə insanların həbs və təzyiqlərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Başqa fəallardan da xəbər yoxdur...

Azərbaycan Xalq Hərəkatına (AXH) daxil olan partiyaların son günlər daha bir neçə fəalının da saxlandığı və onların yerinin bilinmədiyi ilə bağlı məlumatlar yayılıb. Söhbət Milliyyətçi Demokrat Partiyasının (MDP) qurultaya hazırlıq üzrə Təşkilat komitəsinin sədri İlyas Abdullayev və GAP üzvü Yavər Mikayılovdan gedir.

Vəkil məhkəməyə üz tutub

«Vəkil kimi hüquqlarını müdafiə etdiyim İlyas Abdullayev və Yavər Mikayılovla hələ də görüşümə icazə verməyiblər».

Bunu mayın 22-də AzadlıqRadiosuna hər iki şəxsin vəkili Yavər Hüseyn bildirib.

Vəkil deyib ki, hər iki şəxsin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmaları barədə şübhələr var: «Amma bütün bunlara baxmayaraq, mənə qeyri-rəsmi deyirlər ki, burada elə adamlar saxlanmır. Mən də vəkil olaraq hüquqlarımın müdafiəsi üçün Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa məktubla müraciət etmişəm. Amma, hələ ki, nəticə yoxdur».

Y.Hüseyn söyləyib ki, bu gün, mayın 22-də məhkəmə qaydasında hüquqlarının bərpasından ötrü Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Vəlilin bu dediklərinə Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan münasibət almaq cəhdləri nəticə verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG