Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

'Qramı bir barel neftdən dəfələrlə baha...'-Media icmalı


İlan
İlan

İcbari tibbi sığorta, ilan zəhəri istehsalı, Gəncə Avtomobil Zavodunda elektrobus yığılması və başqa məsələlər medianın yer ayırdığı mövzulardandır...

«İlan zəhəri» adlı xəzinə

«Yeni Müsavat» qəzetində «İlan mələyən çöllərimizdəki «ilan zəhəri» adlı xəzinə» sərlövhəli yazı oxumaq olar.

Yazıda Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərovun fikirlərinə yer verilib. O, əvvəlcə İlanların fəal dövrünün başlaması ilə əlaqədar insanlara diqqətli olmalarını tövsiyə edib.

Yazıda qeyd edilib ki, Azərbaycanda 29 növdə ilan olduğu bildirilir. Bunun da 17 növü zəhərsiz, 5 növü yarızəhərli, 7 növü isə zəhərlidir.

Müəllif mütəxəssislərə istinadən əlavə edib ki, ilan zəhəri çox böyük müalicəvi əhəmiyyətə malikdir: «...Dünyada qurudulmuş ilan zəhərinin bir qramı təxminən 300-800 dollardır. Zəhər təmizlənib sertifikatlaşdırıldıqda isə qiymət 2 dəfəyə qədər artır. Beləliklə, 1 qram ilan zəhəri bir barel neftin qiymətindən dəfələrlə bahadır... Bu məhsulu dünya bazarına əsasən Cənubi Koreya, Çin, Vyetnam, Hindistan kimi Asiya ölkələri, eləcə də isti iqlimə malik digər ölkələr çıxarır».

Müəllif bildirib ki, Azərbaycanda da vaxtilə sovet dövründə ilan zəhəri istehsal olunub: «Həmin dövrdə ilan zəhəri istehsalı Zirə qəsəbəsi və Ağsudakı herpetoloji kombinatlarda aparılıb...».

İqtisadçı Natiq Cəfərli də mövzu ilə bağlı qəzetə deyib ki, bu, kifayət qədər gəlirli sahədir: «Ona görə də düşünürəm ki, bu məsələyə iqtisadi məntiqlə yanaşmaq daha doğru olar. Əgər hazırda Azərbaycanda bununla bağlı mütəxəssis yoxdursa, digər ölkələrdən mütəxəssislər cəlb edilə, xarici şirkətlərlə əməkdaşlıq etmək olar».

Belarus avtobusu
Belarus avtobusu

Gəncə zavoduna elektrobuslar hazır gəlir?

Yenisabah.az saytında «Gəncə zavodu hazır elektrobusları istehsal adı ilə təqdim edir? – Açıqlama» sərlövhəli yazı yer alıb.

Sayt bildirilir ki, E-321 markalı elektrobusun yığılmasının Gəncədə həyata keçirilmədiyi haqqında məlumatlarla bağlı əvvəllər xəbər veriblər: «Qeyd edilirdi ki, elektrobuslar hazır şəkildə Belarusdan Azərbaycana gətirilib və yerli istehsal kimi ictimaiyyətə təqdim olunub. Hətta həmin elektrobusun qatar vasitəsi ilə Gəncəyə gətirilməsini özündə əks etdirən fotolar da yayılıb».

Məsələ ilə bağlı «Gəncə Avtomobil Zavodu» İstehsalat Birliyinin mətbuat katibi Məqsəd Rəhimov «Yeni Sabah»a açıqlama verib. O bildirib ki, həmin elektrobuslar ilkin mərhələdə gətirilib: «Elektrobuslar təbii ki, bizdə yığılır, istehsal edilmir. Bu, ilk, yəni eksperimental versiyadır. O fotolarda göründüyü kimi, avtobusların yalnız korpusları gətirilib. Bu korpuslar Azərbaycanda qaynaq olunmur, rənglənmir. Bizim sifarişimizlə bu işlər Belarusda görülür. Biz hazırda bu elektrobusların bazarını öyrənməyə çalışırıq. Təbii ki, bazar tam şəkildə Azərbaycanda formalaşandan sonra digər vacib yığım işlərinin hamısı zavodumuzda görüləcək».

M.Rəhimov qeyd edib ki, elektrobusların ehtiyat hissələrinin 30-40 faizinin yerli istehsalı nəzərdə tutulub: «Bu da onun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Amma çəkilənlər karkasın şəklidir. Ban da, ehtiyat hissələri də, mühərriklər də - bunlar hamısı dəmiryol vasitəsilə ölkəmizə gətirilir. Kimsə həmin zaman banın şəklini çəkib. Banın içərisində olan yığımların hamısı zavodun öz mütəxəssisləri tərəfindən həyata keçirilir...».

Rəsmilər hələ ötən il 2019-cu ildən Gəncə Avtomobil Zavodunda elektrobuslar istehsal ediləcəyini açıqlamışdılar.

İ.Əliyev Zərdabda xəstəxanada
İ.Əliyev Zərdabda xəstəxanada

«Səhiyyədə inkişafın yeni mərhələsi»

«Azərbaycan» qəzetində «Azərbaycan səhiyyəsi inkişafında yeni mərhələyə keçəcək» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığorta tətbiq ediləcək. Yazıda qeyd edilir ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə rəhbəri də bu məsələyə toxunub: «Azərbaycan əhalisinin bütün təbəqələri, həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunmuş şərtlər daxilində bütün ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər. Səhiyyə xidmətlərinin icbari tibbi sığorta ilə inkişaf etdirilməsi dünyada sınaqdan keçirilən uğurlu bir nümunə kimi təbliğ olunmalıdır».

Yazıda qeyd edilir ki, artıq iki ildir icbari tibbi sığorta bəzi bölgələrdə pilot layihə kimi yerinə yetirilir: «Pilot layihə ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunun ərazilərini əhatə etmişdir. Ötən ildən Ağdaş rayonunun ərazisində də pilot layihə tətbiq edilmişdir. Layihənin icrası zamanı əhalisi 340 min nəfər təşkil edən ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün ödənişsiz tibbi xidmətlərlə təmin edilmişdir. Tibb müəssisələrinin fəaliyyətində məhsuldarlıq artırılmışdır...».

Müəllif sonda da yazıb ki, əsas məsələ, prezidentin vurğuladığı kimi, tibbi xidmətin hər kəs üçün əlçatanlığını təmin etməkdir: «Bütün bunlar həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir».

XS
SM
MD
LG