Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:53

Putin etiraz doğuran kilsə tikintisini dayandırdı


Etirazçılar tikinti ərazisində
Etirazçılar tikinti ərazisində

Rusiyanın böyüklüyünə görə dördüncü şəhəri Yekaterinburqda kilsə tikintisinə üçüncü gündür ki, davam edən qızğın etirazlardan sonra şəhər meri Aleksandr Vysokinsky tikinti işinin müvəqqəti dayandırıldığını bəyan edib.

Bundan az əvvəl prezident Vladimir Putin demişdi ki, kilsə tikintisinə dair ictimai rəyin müəyyənləşdirilməsi üçün sorğu keçirilməlidir.

Ural regionunda yerləşən şəhərdə kilsənin tikintisinə etiraz edən minlərlə nümayişçiyə Rusiyanın başqa yerlərindən güclü dəstək ifadə olunur.

Yekaterinburq bələdiyyəsinin planına görə şəhərin populyar mərkəzi parkında sovet hökuməti tərəfindən uçurulmuş qədim kilsənin layihəsi əsasında bənzərinin tikintisi nəzərdə tutulub.

Etirazçılar bildirirlər ki, sözü gedən park şəhərin azsaylı yaşıllıq məkanlarından biridir və kilsə tikintisi üçün başqa yer seçilməli idi.

Son üç gündə polislə toqquşmalarla müşayiət olunan etirazların gedişində 100-dən çox həbs olunan var.

Yekaterinburqda iğtişaş polisi və etirazçılar toqquşub
Yekaterinburqda iğtişaş polisi və etirazçılar toqquşub

İğtişaş polisi və Milli Qvardiya mayın 15-də etirazçıları parkdan çıxarmışdı. Onlar yeni etirazların qarşısının alınması üçün mayın 16-da tikinti yerini hasara alıblar.

Buna baxmayaraq etirazların qarşısını almaq mümkün olmurdu.

Nəhayət mayın 16-da Putin ilk dəfə olaraq insidentə şəxsən müdaxilə edib və deyib ki, o tikintiyə dair ictimai rəy sorğusunun keçirilməsinin tərəfdarıdır:

"Əgər adamlar bunun əleyhinədirsə, ictimai rəy nəzərə alınmalıdır. Orada sorğu keçirilməli və azlıq çoxluğun rəyi ilə razılaşmalıdır. Demokratiya elə belə olur”.

Soçidə çıxış edən prezident deyib ki, “kilsələr adamları ayırmalı yox, birləşdirməlidir”.

Bundan bir neçə saat sonra Vysokinsky Yekaterinburqda etirazçıların yenidən toplaşdığı parka gəlib. O etirazçılara bildirib ki, özü də rəy sorğusu keçirilməsini dəstəkləyir:

"Biz tikintini bugündən dayandırmışıq. Tikinti icrtimai rəy sorğusu keçirilənədək aparılmayacaq. Bundan sonra isə biz bu parkda nəyin baş verəcəyindən asılı olmayaraq şəhərin başqa park və bağları barədə razılaşmaya gəlməliyik”.

Bu arada mayın 16-da paytaxt Moskvada patriarxlıq idarəsinin binasından böyük plakat asılıb. Plakatda “Ykb-yə görə üzr istə” yazılmışdı. Belə düşünmək olar ki, plakatdakı Ykb – Yekaterinburq şəhərinin adını bildirir. Binanın yanında tüstü fişəngləri yandırılıb.

Xəbər verilir ki, aksiyanı “Xalq Müqaviməti Assosiasiyası” təşkil edib.

Təşkilatçılarının dediyinə görə onlar bu aksiya ilə Yekaterinburq şəhərindəki dram teatrının qarşısında kilsə tikintisinə etiraz edənlərə dəstək bildiriblər.

***

Rusiyanın Yekaterinburq şəhərində icazəsiz aksiyada iştiraka görə 20-dən çox kişi və qadın həbsə məhkum edilib.

Son üç gündə Ural regionunda yerləşən bu şəhərdə minlərlə adam yerli hakimiyyətin populyar parkın ərazisində kilsə binası tikintisinə etiraz aksiyaları keçirirdilər.

Mayın 16-də məhkəmə iki gün öncə saxlanmış 21 nəfərin iki gündən 10 günədək həbsə məhkum edildiyini açıqlayıb. Onlar ictimai asayişi və ictimai toplantı qaydalarını pozmaqda təqsirləndiriliblər.

Məhkəmə mayın 15-dəki nümayiş zamanı 33 nəfərin saxlandığını bildirib.

Ancaq Rusiyada nümayişlərdə polis təzyiqini araşdıran OVD-Info müstəqil təşkilatı saxlananların sayının 70-ə yaxın olduğunu bildirib.

Fəalların fikrincə, kilsə tikintisi şəhərdə azsaylı yaşıl məkanların sayını daha da azaldacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG