Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:42

Rusiyadan qaz ‘gedişi’ gözləmək olarmı – Qərb mediası


Almaniyada Şimal axını-2 kəmərinin tikintisi
Almaniyada Şimal axını-2 kəmərinin tikintisi

“Forbes” dərgisinin saytında Paul Gregory yazır ki, indiki məqamda Rusiyanın Avropadakı qaz bazarında hərəkətə keçməsi üçün ən pis vaxtdır. Ancaq Prezident Vladimir Putinin gözlənilməz gedişlər etdiyini nəzərə alanda ehtiyatlı olmaq gərəkir.

Rusiyanın Gazprom şirkəti Avropanın demək olar, yekdilliklə qarşı çıxdığı Şimal axını-2 layihəsini xilas edə bilib. Bu kəmər birbaşa Almaniyaya gedir. Di gəl, Gazprom yeni qeyri-əlverişli qaydalarla üzləşib. 2019-cu il aprelin 5-də Avropa Parlamenti və Avropa Komissiyasının qəbul etdiyi yeni qaydaya görə, Gazprom çatdırılma xərcini istehsaldan ayırmalıdır. Digər tərəfdən, Almaniyanın Kansleri Angela Merkel Ukraynaya söz verib ki, Şimal axını-2 olsa da, olmasa, da Rusiya qazı Ukraynadan axacaq. Hələ bu hamısı deyil: Amerikanın mayeləşdirilmiş qazı (LNG) ilə rəqabəti nəzərə alanda Rusiya nəhəng Avropa bazarına çatdırmalarının etibarlılığını təmin etməlidir.

Şimal axını-2 ilə Aİ-yə planlaşdırılan qaz axını
Şimal axını-2 ilə Aİ-yə planlaşdırılan qaz axını

Gazprom-un öz məlumatlarında deyilir ki, Şimal axını-2 planlaşdırıldığı kimi, 2020-ci ilin əvvəlində hazır olmayacaq. Danimarka tikintiyə icazə verməyib, marşrutun dəyişməsini istəyib. Müəllif yazır ki, bu layihə gecikərsə, Rusiyanın Ukrayna kəmərlərindən istifadə etməkdən başqa yolu qalmır.

Ancaq Ukraynanın Naftogaz qaz şirkətinin mövqeyincə, Putin “aşırı qaz variantına” əl atmağa hazırlaşır, bu halda Ukrayna iqtisadiyyatında azalma yaranar, Avropada isə qaz kəsintiləri. Onların fikrincə, Rusiya bu addımı 2020-ci il yanvarın 1-dən ata bilər.

Ukraynanın qaz ekspertləri Gazprom-un Avropadakı anbarlarda qaz yığmasına diqqət çəkirlər. Onlar dolunca Gazprom icarəyə yeni obyektlər götürür. Ukraynalılar fikirləşirlər ki, bu qaz Rusiyanın Avropaya minimum kontrakt öhdəliklərini ödəməsi üçün yığılır, yəni Rusiya bu halda Ukrayna kəmərlərindən heç istifadə etməyə bilər.

İran qadınları
İran qadınları

İranı ‘diskriminativ’ qanuna islahata çağırırlar

Human Rights Watch (HRW) insan haqları qrupu İranın nüfuzlu Mühaffizlər Şurasını yeni qanunvericilik dəyişikliyini təsdiqləməyə çağırır. Söhbət iranlı qadınların öz övladlarına vətəndaşlıq ötürməsinə icazə verməkdən gedir.

Nyu Yorkda mənzillənən qurum mayın 14-də bəyanatla çıxış edib. Bir gün öncə isə İranda deputatlar vətəndaşlıq qanununa islahatı təsdiqləyiblər. Qanuna çevrilməkdən ötrü layihəyə şura dəstək verməlidir.

“Bu qanun minlərlə uşağın, sənədsiz miqrantlarla ailə qurmuş iranlı anaların övladlarının həyatını yaxşılaşdıra bilər”, – HRW-nın Yaxın Şərq üzrə direktor müavini Michael Page bəyanatında deyib.

İranda nə qədər uşağın anasının iranlı, atasının əcnəbi olduğu bəlli deyil. HRW son illər məsələnin kəskinləşdiyini bildirir. Bu, iranlı qadınlarla əfqan miqrant kişilərin daha çox nikaha girməsilə bağlıdır.

Parlamentin qəbul etdiyi qanun layihəsinə görə, əcnəbi kişilərə ərə getmiş iranlı qadınlar yaşı 18-dən aşağı övladları üçün İran vətəndaşlığı istəyə biləcək. 18 yaşı tamam olanlar isə birbaşa İran vətəndaşlığı üçün müraciət edə bilir.

İllüstrativ foto
İllüstrativ foto

Facebook Canlı funksiyasını məhdudlaşdırır

Facebook Inc mayın 14-də bildirib ki, canlı yayım funksiyası (Live) ilə bağlı qaydaları sərtləşdirir.

Martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində bir silahlı iki məsciddə 51 nəfəri öldürən zaman Facebook-da canlı yayım da aparmışdı.

Sosial şəbəkə bildirir ki, Facebook Live-dan istifadəni daha öncə sosial şəbəkənin qaydalarını pozmuş adamlar üçün məhdudlaşdırır.

Qaydaları birinci dəfə pozanlar Live-dan müəyyən müddət istifadə edə bilməyəcəklər.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern bu dəyişikliyi alqışlayıb. O, internetdə zorakılığın yayılmasını önləmək məqsədilə “Kraystçerç Çağırışı” adlı təşəbbüs gerçəkləşdirir.

Ardern bu gün Parisdə Fransa Prezidenti Emmanuel Macron-la görüşəcək. Məqsəd dünya liderləri və texnologiya şirkətləri rəhbərlərinin onlayn zorakılığın ləğvi üzrə öhdəliyi imzalamasıdır.

Toplantıda Facebook, Alphabet Inc’s Google, Twitter və digər texnologiya şirkətlərinin təmsilçiləri də qatılacaq. Facebook rəhbəri Mark Zuckerberg-in iştirakı gözlənilmir.

XS
SM
MD
LG