Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 13:05

Azərbaycana pul köçürmələri azalıb


Pul

Bu ilin I rübündə (yanvar, fevral, mart) Azərbaycana xaricdən 215 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının «Pul siyasəti icmalı»nda bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azdır. 2018-ci ilin I rübündə ölkəyə daxil olan pul baratları 291.6 mln. ABŞ dolları təşkil etmişdi.

İqtisadçı pul köçürməsinin azalmasından danışır

«Bu ilin ilk rübündə xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin 36 faizə yaxın azalması artıq həmin ölkələrin iqtisadiyyatında problemin yarandığını göstərir».

Bunu AzadlıqRadiosuna iqtisadçı Nemət Əliyev bildirib.

N.Əliyev deyib ki, Azərbaycana pul köçürmələri əsasən Rusiya və Türkiyədən həyata keçirilir: «ABŞ-ın Rusiya iqtisadiyyatına sanksiyaları məlumdur. Bu sanksiyalar bütünlükdə Rusiya iqtisadiyyatına zərər vurur, bütünlükdə gəlirləri azaldır, o cümlədən də şəxslərin gəlirləri azalır. İndi bunu arxayın demək olar ki, gəlirlərin və eləcə də Rusiyada işləyən azərbaycanlıların gəlirlərinin azalması həmin sanksiyaların nəticəsidir».

N.Əliyev Türkiyədə də iqtisadi vəziyyətin pisləşməsinə diqqət çəkir: «Təbii ki, nəticə etibarilə hər şey özünü gəlirlərin azalmasında göstərir, bu isə müəyyən nəticələr çıxarmağa əsas verir».

N.Əliyev Azərbaycan hökumətinin bir sıra addımlar atmasını zəruri sayır: «Hökumət iş yerlərini artırmalıdır ki, sabah vəziyyət kritik həddə çatanda ölkəyə qayıdan vətəndaşlar işsizlik problemi yaşamasınlar. Belə məsələlər indidən həllini tapmalıdır».

Azərbaycandan milyondan çox insanın iş ardıyca Rusiya və Türkiyəyə getdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG