Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:27

Çinə gəlin köçən pakistanlı qızlar – Qərb mediası


Lahorda pakistanlı qız
Lahorda pakistanlı qız

Muqadas Ashraf-ı valideynləri çinliyə ərə verəndə cəmi 16 yaşı vardı. Üstündən beş ay keçib, hamilə Muqadas Pakistana qayıdıb, ərinin onunla pis rəftar etdiyini deyir.

“The Associated Press” agentliyi Çinə ərə verilən yüzlərlə yoxsul xristian qızdan yazır. Fəallar Pakistanda azyaşlıların “gəlin bazarı”nın son bir ildə sürətlə böyüdüyünü deyirlər. Araçılar çinli kişilərə qız axtarır, hətta bəzən bunu kilsələrin ətrafında edir. Xristian ruhaniləri satın alırlar, onlar da yoxsul valideynlərə qızları əvəzində var-dövlət vəd edirlər.

Valideynlərə bir neçə min dollar verilir, kürəkənlərinin varlı xristianlar olduğu deyilir. Ancaq sonucda kürəkənlərin iç üzü ortaya çıxır. İradəsi əleyhinə ərə verilən qızlar Çində kənd yerlərinə aparılır, pis rəftara məruz qalır, hətta bir stəkan su üçün belə mobil tərcümə tətbiqlərindən yararlanırlar.

Bu, insan alveridir”, – Pakistanın Puncab vilayətində insan haqları və azlıqlar üzrə naziri Ijaz Alam Augustine agentliyə müsahibəsində deyib. “Bu nikahlara görə məsuliyyəti tamah, acgözlük daşıyır... Bu qızların bəziləri ilə görüşmüşəm, çox yoxsuldurlar”, – o, sözlərinə əlavə edib.

Pakistanlı qız
Pakistanlı qız

Augustine Çin hökumətini və Pakistandakı səfirliyini viza və sənədləri sorğu-sualsız verdiyinə görə tənqid edib. Çinin Xarici İşlər Nazirliyi isə ittihamı rədd edib, Çinin qanunsuz transmilli nikah agentliklərinə dözümsüz yanaşdığını vurğulayıb.

Human Rights Watch Çini və Pakistanı gəlin qaçaqçılığına qarşı tədbir görməyə çağırıb. Qurum aprelin 26-da yaydığı bəyanatında “pakistanlı qadın və qızlara Çində cinsi köləlik riski barədə dəlilin artması” xəbərdarlığını edib.

Bazar ertəsi Pakistanın Federal Təhqiqat Agentliyi Puncab vilayətində səkkiz çinlini və dörd pakistanlını insan alveri ilə əlaqədar saxlayıb. Geo TV-nin məlumatına görə, gizli əməliyyatçılar nikah mərasimində iştirak ediblər, reydlər də bundan sonra keçirilib.

Qızılca
Qızılca

ÜST-dən daha bir qızılca xəbərdarlığı

Bu ilin ilk iki ayı ərzində Avropada 34 mindən artıq adam qızılca xəstəliyinə yoluxub. Daha çox yoluxma halları Ukraynada baş verib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 7-də hökumətləri zəif qrupları vaksinasiya etməyə çağırıb.

Hazırda qızılca Ukraynada epidemiya halına çatıb, Rumıniya və Albaniyada da eyni durumdur. ÜST epidemiyanın yayıla biləcəyini deyir.

“Vaxtında və hərtərəfli reaksiya verilməsə, virus daha çox fərdə, əlavə ölkələrə yayılacaq”, – bəyanatda vurğulanır.

“Uşaqların, gənclərin və böyüklərin peyvənd olunması üçün hər bir imkandan istifadə olunmalıdır”, – qurum bildirir.

Yüksək səviyyədə yoluxucu olan qızılca hazırda Birləşmiş Ştatların, Filippin, Tailand kimi ölkələrdə də yayılmaqdadır.

Avropada isə bu ili qızılca hallarının 25 mini Ukraynanın payına düşür.

Plovdivdə tədbir, yanvar, 2019-cu il
Plovdivdə tədbir, yanvar, 2019-cu il

Bolqarların vətənə qayıdışı

“The Guardian” qəzeti xariclə həyatla bağlı xülyaları puça çıxan gənc bolqarların vətənə dönüşündən yazır.

25 yaşlı Maria Stancheva vaxtilə anasıyla birlikdə daha yaxşı həyat naminə Britaniyaya köçüb. On il öncə xaricdə yaşayan bolqarıstanlılar ailələrini bircə maaşla saxlaya bilirdilər. İndi isə Breksit (Britaniyanın Avropa İttifaqından çıxması) kimi siyasi təlatümlər, maliyyə bazarlarının dəyişməsi xarici ölkələrin paytaxtlarının cazibəsini azaldır, qəzet yazır.

Dörd il Kardifdə beynəlxalq münasibətlər və insan resursları üzrə təhsil alan Stancheva təhsilini bitirəndən sonra sahəsi üzrə iş tapmayıb.

Britaniyada bolqarıstanlara ünvanlı keçirilən karyera yarmarkasında isə o, bacarıqlarına öz ölkəsində ehtiyac olduğunu anlayır. Hazırda Plovdiv şəhərində 60K şirkətində çalışan Stancheva deyir ki, maaşı az olsa da, öz ölkəsində daha yaxşı dolanır.

Stancheva başqa ölkədə şərtlərin heç də həmişə yaxşı olmadığını vurğulayır. “Problemlər və qeyri-müəyyənliklə üzləşirik. Breksit baş verərsə, Britaniyadakı bolqarıstanlılar üçün durum daha da pisləşər”, – o deyib.

Son 20 ildə Bolqarıstanda əhali azalıb, 9 milyondan 2017-ci ilin sonunda 7 milyona düşüb. Bunu Milli Statistika İnstitutu bildirir. Proqnozlara görə, 2050-ci ilədək əhali daha 25 faiz azala bilər. Bu itkinin üçdə ikisi isə mühacirət hesabına baş verir.

XS
SM
MD
LG