Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:35

'Taxta, odun və karton yandırmaqla evlərini qızdırırlar' -Media icmalı


V.Əhmədov
V.Əhmədov

V Dünya Mədəniyyətlərarası Dialoq Forumu, süni qiymət artımı, Bakının qəsəbəsində qaz problemi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bazarda inhisarçılıq var»

Modern.az saytında «Əhalinin narazılığını prezident də deyirsə, bundan böyük nə şikayət istəyirlər» sərlövhəli yazı yer alır.

Müəllif ölkədə qiymət artımı və bunun qarşısının alınması yollarını deputat Vahid Əhmədovla müzakirə edib.

Yazıda bildirilir ki, bu il aprelin 30-da 2019-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetində keçirilən iclasda dövlət başçısı bir çox məsələlərlə yanaşı, süni qiymət artımına da toxunub . «...Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar», - prezident vurğulayıb.

Yazıda qeyd edilir ki, ölkə rəhbəri hər müşavirədə süni qiymət artımına etirazını bildirsə də, problem həll olunmur. «Bəs səbəb nədir»,-deyə müəllif sual edir.

Deputat V.Əhmədov isə düşünür ki, problem kökündən həll edilməlidir: «Prezident bu problemi havadan demir. Problem çox ciddidir, aidiyyəti qurumlar bununla məşğul olmalıdırlar. Əgər sən xammalı xaricdən dollarla alırsansa, obyektiv bahalaşma başadüşüləndir. Yox, öz ölkəndə istehsal etdiyin məhsulu durmadan bahalaşdırırsansa, deməli, subyektiv maraqlardan çıxış edirsən. Xüsusilə də bayramqabağı bahalaşma daha sürətli olur, insanlar ürəyi istəyəni alıb yeyə də bilmir».

V.Əhmədov hesab edir ki, bazarda inhisarçılıq var, bunun qarşısı alınmalıdır: «Digər tərəfdən baxırsan ki, kim hansı qiyməti istəyir, onu da oxuyur. Bunun qarşısı alınmalıdır».

Soba
Soba

Zabratda odun sobası

«Yeni Müsavat» qəzetində «Bakının bu qəsəbəsində sakinlər qaz əvəzinə hələ də odun yandırırlar» sərlövhəli yazı oxumaq olar.

Müəllifin yazmasına görə, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Məhəllə 20A ünvanında yaşayan 150-ə yaxın sakin illərdir ki, qaz problemi yaşayırlar.

Yazıda sakinlərə istinadən vurğulandığına görə, əraziyə qaz çəkilmədiyindən evlər elektrik enerjisi ilə qızdırılır, belədə də borclar fantastik həddə çatır: «Bu səbəbdən də sakinlər taxta, odun və karton parçaları yandırmaqla evlərini qızdırırlar. Bir neçə sakinin evinə baş çəkib, acınacaqlı vəziyyətin şahidi olduq, Evlərdə yanan odun sobası otaqlarda dözülməz durum yaradıb, tüstüdən , hisdən durmaq olmur».

Sakinlərin qəzetə bildirməsinə görə, dəfələrlə qaz çəkilməsindən ötrü «Azəriqaz» İstehsalat Birliyinə müraciət ediblər, lakin heç bir nəticəsi olmayıb: «Sakinlərin dediyinə görə, ana qaz xətti bir addımlıqdan keçsə də, qaz üzünə həsrət qalıblar. 1, 2, 3, 4-cü küçələrin sakinləri öz vəsaitləri hesabına qaz xətti çəksələr də, digər küçənin sakinlərinin maddi durumu buna imkan vermir. 5, 6, 7, 8 və 9-cu küçədə ümumiyyətlə, qaz xətti yoxdur».

Sakinlərin deməsinə görə, bəzi küçənin sakinləri adambaşına 1000 manat pul verərək qaz xətti çəkdiriblər, amma qazın təzyiqi çox aşağıdır.

«Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə qəzetə bildirib ki, həmin sakinlər dövlət proqramını gözləməlidir: «Siz dediyiniz Zabrat-1 və Zabrat-2 qazlaşdırılıb, Bilirsiniz ki, əhali sayı durmadan artır, yeni yaşayış evləri tikilir. Həmin yaşayış evlərinin qazlaşdırılması üçün dövlət proqramının icrası davam etdirilir».

İ.Kərbalayevin deməsinə görə, yaxud da qazlaşdırılmanın tezləşdirilməsindən ötrü fərdi qaydada müraciət edib, «ASAN xidmət»in «ASAN kommunal» mərkəzlərində qazlaşma şərtləri barəsində ətraflı məlumat ala bilərlər: «Vətəndaşlar ərizə formasını doldurub, razılaşma protokolu ilə tanış olub, öz vəsaitləri hesabına lisenziyası olan tikinti podratçı şirkət tərəfindən qaz xəttini çəkdirə bilərlər. Sayğac qoyulması isə «Azəriqaz» İstehsalat Birliyi tərəfindən təmin olunur. Həmin sakinlər əgər ərizə ilə müraciət ediblərsə, tərəfimizdən baxılıb, lazımı cavab verilir».

İ.Əliyev
İ.Əliyev

Bakıda beynəlxalq dialoq

«Azərbaycan» qəzetində «Bakıda bəşəriyyəti narahat edən problemlərin həlli yolları müzakirə olundu» sərlövhəli yazı dərc edilib.

Yazı mayın 2-də Bakıda «Ayrıseçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq» şüarı altında öz işinə başlayan V Dünya Mədəniyyətlərarası Dialoq Forumundan bəhs edir.

Müəllif yazıb ki, çoxmədəniyyətli cəmiyyətin nümunəsi sayılan Azərbaycan müstəqil dövlət olaraq səmərəli təşəbbüslərlə yerləşdiyi regionda və dünyada gedən proseslərə özünün müsbət təsirini göstərməkdədir. Yazıda vurğulandığına görə, dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər daim yeni imkanlar yaradır.

Müəllifin fikrincə, indi dünyadakı narahatedici situasiyalar beynəlxalq dialoqu aktual edir və Bakının belə beynəlxalq tədbirlərə evsahibliyi isə təsadüfi sayılmaz.

Yazıda vurğulanır ki, elə hazırda Bakıda davam edən Forum da Azərbaycan hökumətinin təşkilatçılığı, bir sıra beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutub.

Müəllif dövlət başçısının Forumun açılış mərasimindəki çıxışına da toxunub. Yazıda qeyd edildiyinə görə, prezident İ.Əliyev deyib ki, Azərbaycanda dini tolerantlıq əsrlər boyu hökm sürür, multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir. Dövlət başçısı əlavə edib ki, multikulturalizmin dünyada tendensiya halını alması beynəlxalq sülhə, tərəfdaşlığa vacib töhfə olardı. «Bu baxımdan multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir», - dövlət başçısı vurğulayıb.

XS
SM
MD
LG