İran iqtisadiyyatı və əhalisi Birləşmiş Ştatların maliyyə təzyiqinin ağrısını demək olar, hər gün hiss edir. İran bank və şirkətlərinin xariclə istənilən iqtisadi əməkdaşlığını önləməyi hədəfləyən sanksiyaların siyasi məqsədi İran hökumətinin idarəçiliyini, siyasi, hərbi vəiqtisadi ambisiyalarına çatmasını çətinləşdirməkdir. Ancaq Atlantik Şurasının saytında Mohsen Tavakol yazır ki, reallıqda sanksiyalar daha çox çaba içində olan özəl sektora ziyan vurur. İranda işçi qüvvəsinin böyük hissəsi bu sektorda çalışır və deməli, ziyanı ortabab iranlılar çəkir.
82 milyon əhalisi olan İran dünya iqtisadiyyatları içində 18-cidir. Belə böyük əhalinin istehlakını ödəməyə təkmil biznes infrastrukturu lazımdır. Qədim ticarət və azad bazar tarixçəsi olan İranda özəl sektor vacib rol oynayır. Di gəl, bu sektor 1979-cu il islam inqilabından bəri yaxşı idarə olunmayan hökumət, zəif dövlət administrasiyası və ədliyyə sistemi, tənzimləyici qurumların olduğu mühitdə mücadilə aparır.
Müəllif İranın indiyədək heç vaxt qlobal iqtisadiyyatdan təcrid olunmadığını yazır. Bu səbəbdən indiki sanksiya və embarqolar özəl sektorun durumunu daha da çətinləşdirib. Özəl şirkətlərin böyük hissəsi xarici ticarətdən asılıdır. Məsələn, dərman istehsalı üçün xammal, yüksək texnologiya sənayeləri üçün proqram modulları, daha öncə idxal olunmuş məhsullara ehtiyat hissələr lazımdır. İxraca gəlincə, İran ərzaq məhsulları, keramika, tikinti materialları, neft və kimya məhsulları ixrac edir.
Beynəlxalq ticarətdən ötrü beynəlxalq banklara, sığortaya, karqo xidmətlərinə çıxış lazımdır. İran şirkətləri həmçinin İran Mərkəzi Bankından valyuta ala bilməlidir.
Di gəl, beynəlxalq maliyyə sistemlərinə çıxışın məhdudlaşdırılması İrandakı özəl şirkətlərə ciddi ziyan vurur, onlar xaricdən pul ala, yaxud ödəniş də bilmirlər. Üstəlik, beynəlxalq daşıma və kuryer xidmətlərinə çıxışın olmaması da məhsul və xidmət əldə etməyi əngəlləyir.
Son bir neçə ayda Mərkəzi Bank İranın özəl şirkətlərinə avro verə bilmir. Əvəzində İranın neft satışına görə Çində yığılmış renminbi ayırıb. Problem ondadır ki, şirkətlər Çin pulunu avroya çevirib avropalılar və digərləri ilə biznes qura bilmirlər. Renminbi gərək Çində xərclənə. Bu pulun qeyri-rəsmi yollarla Avropaya transferi isə köçürülən məbləğin 20 faizi qədər əlavə xərcə başa gəlir.
Floridada müəllimlər silah gəzdirə biləcək
Floridada qanunvericilər müəllimlərin məktəbdə silah gəzdirməsinə icazə verən qanun qəbul ediblər. Bu həftə qəbul olunmuş sənəd imzalanmaq üçün qubernator Ron DeSantis-ə göndərilib və onun da layihəni imzalayacağı gözlənir.
“The Associated Press” yazır ki, qanunla yerli məktəb dairəsi təsdiqləyəcəyi halda, silah gəzdirmək istəyən müəllimlərə bunu etməyə icazə veriləcək.
“Bu, yaxşı adamların pislərin qarşısını kəsməsinə icazə verir. Pis adamlar yaxşıların onların atəşinə cavab verəcəyini heç vaxt bilməyəcəklər”, – respublikaçı Chuck Brannan deyib.
Qoruma proqramına qoşulmaq istəyən müəllimlərə polis təlimi keçiləcək, psixiatrik yoxlamadan, narkotik maddə yoxlamasından keçəcəklər.
2018-ci ilin fevralında Parklenddə orta məktəbdə bir silahlı 17 nəfəri öldürmüşdü. 20 yaşlı Nikolas Cruz həmin qətlləri törətməkdə təqsirli bilinərsə, onu ölüm cəzası gözləyir.
Həmin hadisədən dərhal sonra qəbul olunmuş qanunla həm də idman məşqçisi olan müəllimlərə şəhərcikdə silah gəzdirməyə icazə verilmişdi.
Assange yenə məhkəmə qarşısında
WikiLeaks saytının yaradıcısı Julian Assange dünən – mayın 2-də Londonda yenidən məhkəmə qarşısına çıxarılıb. Onun Birləşmiş Ştatlara mümkün ekstradisiyası üzrə hazırlıq iclası keçirilib.
Bir gün öncə Assange zamin qaydalarını pozmaqda təqsirli bilinərək 50 həftəlik həbsə məhkum edilib.
Birləşmiş Ştatlar avstraliyalının ekstradisiyasını istəyir, onun ABŞ ordusunun keçmiş kəşfiyyat analitiki Chelsea Manning ilə əlbir olaraq “konspirasiya”da ittiham edir.
Assange Londondakı Ekvador səfirliyində 7 illik sığınacaqdan sonra aprelin 11-də həbs olunub.
ABŞ ittihamnaməni onun dramatik həbsindən sonra açıqlayıb. Assange 2010-cu ilin martına Müdafiə Nazirliyinin kompüterlərində saxlanan parolun qırılmasına yardımda ittiham edir.
Bu ittihama görə maksimum beş il həbs cəzası kəsilə bilər.
Manning WikiLeaks-ə yüzminlərlə məxfi sənədi ötürüb, ABŞ ordusunun İraq müharibəsində yol verdiyi yanlışlar, onlarla ölkə barədə diplomatik sirlər ortalığa tökülüb.
WikiLeaks-in baş redaktoru Kristinn Hrafnsson deyib ki, indi bütün cəhdlər Assange-nın Birləşmiş Ştatlara ekstradisiyasını önləməyə yönələcək.
“Bu, ölüm-dirim məsələsi olacaq”, – o xəbərdarlıq edib.
Assange tərəfdarları inanırlar ki, o, Birləşmiş Ştatlara verilərsə, daha ciddi ittihamlar irəli sürülə, ona ölüm cəzası kəsilə bilər.