Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Ali Məhkəmə keçmiş MTN-çinin xeyrinə qərar çıxarıb


Ali Məhkəmə

Mayın 1-də Ali Məhkəmə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin keçmiş rəisi Vüsal Ələkbərov barəsində Apellyasiya Məhkəməsinin verdiyi qərarın əmlakın müsadirə olunması ilə bağlı hissəsini ləğv edib.

Prosesə sədrlik edən hakim Fərhad Əliyevin qərarı ilə V.Ələkbərovun verdiyi kassasiya şikayəti təmin edilib və onun barəsində olan hökmdən əmlakın müsadirə edilməsi hissəsi çıxarılıb.

V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma )maddəsi ilə ittiham olunurdu.

Bununla yanaşı, o, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.

2017-ci ilin iyulunda V.Ələkbərov Bakı Hərbi Məhkəməsinin qərarı ilə 12 il həbs cəzası alıb, polkovnik rütbəsindən məhrum olunub və əmlakı müsadirə edilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi V.Ələkbərovun cəzasını 5 ilə endirmişdi.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini işləmiş, polkovnik İlqar Əliyevin həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar etdiyi bildirilir. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. M.Əsgərova 3 il cəza verilib.

Keçmiş MTN-çilər mütəşəkkil dəstə yaradaraq özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki, psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə və başqa əməllərdə ittiham olunublar.

Onlar özlərini əsasən təqsirli bilməyiblər.

2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG