Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:31

'Fiziki şəxslərin müflisləşmə hüququ ləğv olunur'-Media icmalı


Ə.Həsənov
Ə.Həsənov

Beynəlxalq tranzit daşımalarında Azərbaycanın rolu, «Müflisləşmə və iflas haqqında» Qanun ətrafında müzakirələr, imtahanlarda nəzarətçi müəllimlərin fəaliyyətində neqativ hallar və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

«Qanun 2015-ci ilin oktyabrınadək olan vəziyyətə qaytarılır»

«Yeni Müsavat» qəzetində «SOS: Fiziki şəxslərin müflisləşmə hüququ ləğv olunur» sərlövhəli yazı oxumaq olar.

Müəllif bu il aprelin 23-də Milli Məclisin müzakirə etdiyi «Müflisləşmə və iflas haqqında» Qanununa dəyişiklik layihəsini hüquqşünas və bank sahəsi üzrə ekspert Əkrəm Həsənovla dəyərləndirib.

Ə.Həsənov hesab edir ki, layihə bütövlükdə müflisləşmə prosesini sadələşdirməklə yanaşı, fiziki şəxslərə münasibətdə mürtəce xarakter daşıyır. Onun fikrincə, dəyişikliklər fiziki şəxslərin müflisləşmə hüququnu ləğv edir: «Başqa sözlə, qanun 2015-ci ilin oktyabrınadək olan vəziyyətə qaytarılır. O zaman da yalnız fərdi sahibkarların və hüquqi şəxslərin müflisləşmə hüququ tanınırdı. Lakin 2015-ci ildə qanuna müvafiq düzəlişdən sonra «borclu» anlayışı bütün fiziki və hüquqi şəxslərə aid edilmişdi. Düzdür, 2015-ci ilin oktyabrından sonra da məhkəmələrimiz fiziki şəxslərin müflislik barədə ərizələrini qanunsuz olaraq rədd edib».

Ə.Həsənova görə, parlament müflisləşmə prosesini sadələşdirmək kontekstində fiziki şəxslərin müflisləşmə prosedurunu dəqiqləşdirməlidir: «Əks halda əcaib vəziyyət yaranacaq: vətəndaş özünü müflis elan etmək üçün fərdi sahibkar olmalıdır. Yəni, dövlət sanki fərdi sahibkar statusundan sui-istifadə üçün zəmin yaratmış olur».

Ekspert vurğulayır ki, fiziki şəxsin müflisləşmə hüququ təbii hüquqdur və buna görə şəxsə cəza verilə bilməz.

Ə.Həsənov vurğulayır ki, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt da buna görə cəza verilməsinə qadağa qoyur: «Avropanın heç bir dövlətində (Azərbaycandan başqa) borca görə heç kəsi azadlıqdan məhrum etmirlər. Hazırda Avropa İnsan Hüquqları Məhkəməsi tarixində ilk dəfə olaraq borca görə həbs üzrə üç şikayətə baxır. Hər üç şikayət də Azərbaycana aiddir».

K.Əsədov
K.Əsədov

İmtahan nəzarətçiləri...

Yeni Sabah.az saytında «İmtahan nəzarətçiləri hər il dəyişməməlidir– ekspert» sərlövhəli yazı yer alır.

Müəllif buraxılış-qəbul imtahanlarında nəzarətçilərin fəaliyyətini təhsil sahəsi üzrə ekspert Kamran Əsədovla müzakirə edib. «Son vaxtlar Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda nəzarətçilərin vəzifə funksiyalarını yerinə yetirməkdə problem yaşadıqlarını görürük. Məhz onların səhlənkarlığı nəticəsində imtahan prosesində təhlükəsizlik və texniki xidmətlə bağlı qüsurlar yarandı və şagirdlər sual kitabçasını imtahandan gizlicə çıxarmağa nail oldular», - K.Əsədov vurğulayıb.

Ekspertin iddiasına görə, bu onu göstərir ki, nəzarətçi müəllimlərin seçimi zamanı səhlənkarlıq olub və bu kateqoriya müəllimlərin müəyyən olunmasında hansısa faktor rol oynayıb. K.Əsədov deyib ki, DİM-in prinsiplərinə zidd olan şəxslərin sistemə daxil edilməsi seçim zamanı səhlənkarlığın göstəricisidir.

Ekspertin fikrincə, Dövlət İmtahan Mərkəzi ölkədə əhatə dairəsi və kütləviliyinə görə ən böyük prosesi həyata keçirir, bu qədər geniş prosesdə təhlükəsizlik və texniki xidmətlə bağlı qüsurlar olacaq, amma bu, kütləvi hal almamalıdır.

K.Əsədova görə, belə neqativlərdən qurtuluşun yolu Azərbaycanda imtahanların təşkilinin sadələşdirilməsi ola bilər: «İştirakçılar imtahana son imkan kimi baxırlar. Düşünürəm ki, imtahan prosesi sadələşdirilməlidir. Hesab edirəm ki, bu qədər ciddi imtahanlar ancaq iştirakçıları stressə salır. 2013-cü ildə ölkə prezidenti İlham Əliyev tərəfindən təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul edildi. Strategiyada qeyd olunur ki, təhsilin əlçatımlılığı təmin olunmalıdır».

Ekspertin fikrincə, hazırkı çoxsaylı imtahanlarla iştirakçıların ali təhsil almaq hüququnu əllərindən alınır.

İ.Əliyev və S.Cinpin
İ.Əliyev və S.Cinpin

«Bir kəmər, bir yol»

«Azərbaycan» qəzetində «Azərbaycan «Bir kəmər, bir yol» layihəsinin cazibə mərkəzinə çevrilib» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, prezident İlham Əliyev bu günlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Pekində keçirilən «Bir kəmər, bir yol» II Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.

Müəllifin qeyd etməsinə görə, Çin tərəfi Azərbaycana yüksək qiymət verib. Bu isə, onun fikrincə, Azərbaycanın layihəyə verdiyi siyasi və logistik dəstəklə bağlıdır: «Belə ki, Çindən gələn malların Avropaya daşınması üçün Azərbaycanda mükəmməl infrastruktur yaradılıb. Ölkəmizin Qazaxıstanın Aktau limanından yükləri daşımaq üçün 260 gəmidən ibarət güclü donanması var. Eyni zamanda, bu yüklərin boşaldılması və yola salınması üçün Ələtdə beynəlxalq əhəmiyyətli liman tikilib. Limandan yüklərin Avropa ölkələrinə daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir».

Müəllif iddia edir ki, layihənin icrası dünya ölkələrinin diqqət mərkəzindədir, çünki Çin hazırda dünyada ABŞ-dan sonra ən çox məhsul istehsal edən ölkədir. Yazıda daha sonra da oxuyuruq: «Azərbaycan regionda yeganə ölkədir ki, onun İpək yolu üzərindən keçən yükləri daşımaq üçün mükəmməl infrastrukturu var. Əvvəlcədən qeyd etdiyimiz kimi, prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan bu işləri artıq həyata keçirmişdir. Türkiyə də bu işdə bizə böyük dəstəkçidir...».

XS
SM
MD
LG