Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 05:27

QMİ: Mayın 6-da Ramazan başlayır


Təzəpir Məscidi

İslam təqvimi ilə bu il Ramazan ayının başlanması mayın 6-na təsadüf edir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün, aprelin 29-da verdiyi fətvada bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına istinad edən qurum qeyd edir ki, Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

«İnşallah, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcəkdir», - açıqlamada yazılıb.

Qeyd edilir ki, orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. «Fitrə zəkatı Yaradana şükürün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür», - açıqlamada vurğulanıb.

Xatırlatma

İslam dininə görə, «Qurani-Kərim» Ramazan ayında nazil olduğundan, bu ay müqəddəs sayılır. «Qurani-Kərim»də həmin ayda oruc tutmaq vacib sayılır.

Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla bütün müsəlmanlara tövsiyə edilib.

Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

Multimedia

XS
SM
MD
LG