Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:27

Sabiq icra başçısı məhkəmə zalından azadlığa buraxıldı


Həbs

Ağcabədinin keçmiş icra başçısı, dələduzluqda suçlanaraq həbs olunan Münsif Səfərov azadlığa buraxılıb. Aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, M.Səfərov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib. Amma dələduzluq nəticəsində zərərçəkənə dəymiş ziyan ödənildiyi üçün sabiq icra başçısına münasibətdə CM-nin 70-ci maddəsi tətbiq olunub. M.Səfərov şərti cəza ilə elə məhkəmə zalından buraxılıb.

M.Səfərov haqqında cinayət işi 2 il öncə başlansa da, o, bir neçə ay qabaq həbs olunmuşdu. Çünki istintaq və məhkəmə dövrü üçün onun haqqında həbs yox, başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilmişdi. Amma ötən ilin iyulunda məhkəmədə prokuror ona 8 il həbs cəzası istəyəndən sonra o, məhkəməyə gəlməkdən yayındı. Buna görə də onun haqqında həbsli axtarış qərarı çıxarıldı.

Sabiq icra başçısı məhkəmə qarşısında tək deyildi, Rüstəm Bayramov adlı şəxslə birlikdə mühakimə olunurdu. İttihama görə, onlar «Anari MMC»nin sahibi Şərabi Mənsuru aldadıblar, ona 60 min ziyan vurublar. İddia olunur ki, təqsirləndirilən şəxslər Ş.Mənsura tikinti işi üzrə tenderdə qalib elan etdirəcəklərinə söz veriblər, onu aldadıb evini əlindən alıb, banka girov qoyublar.

M.Səfərovdan fərqli olaraq, digər təqsirləndirilən R.Bayramov əvvəldən həbsdə idi. Keçmiş icra başçısı məhkəmədən yayındığına görə haqqında həbsli axtarış qərarı çıxarıldığı vaxtda R.Bayramovun məhkəməsi davam etdirildi. Bu ilin yanvarında onun haqqında ayrıca hökm çıxarıldı. O da şərti cəza ilə azadlığa buraxılmışdı.

Ancaq onların heç biri özlərini təqsirli bilmirlər.

M.Səfərov 1992-ci ilin avqustunda mərhum prezident Əbülfəz Elçibəyin sərəncamı ilə icra başçısı vəzifəsindən azad olunub. Ondan sonra uzun illər Nazirlər Kabinetində işləyib.

Bir müddət öncə «Dəmirbank» da M.Səfərovu mülki qaydada məhkəməyə verib.

Multimedia

XS
SM
MD
LG