Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

'Küçələrin fəthi'-Media icmalı


R.Ağayev
R.Ağayev

Bakıda Formula-1 yarışlarının başlaması, regionlarda vəziyyət, havaların kənd təsərrüfatında məhsuldarlığa təsirləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Regionlarda vəziyyət

«Yeni Müsavat» qəzetində «Rövşən Ağayev: Hər region üçün ayrıca proqram işlənməlidir» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkədə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2018-ci illərdə icra edilmiş üç dövlət proqramının nəticələri və 2019-23-cü illəri əhatə edən dördüncü proqramın başlanması iqtisadçılar Qubad İbadoğlu və Rövşən Ağayevlə müzakirə edilib.

Müəllif bəzi müsbət statistik göstəriciləri sadaladıqdan sonra vurğulayıb ki, ölkədə cəmi 34 rayon mərkəzi büdcədən dotasiya almadan yaşaya bilir: «2019-cu ildə yerli xərclərin məbləği 840 milyon manat olacaq ki, bu da ötən illə müqayisədə 16.1 faiz artım deməkdir. Eyni zamanda, yerli xərclərin 12.4 faizi mərkəzi büdcədən dotasiya hesabına qarşılanacaq, bu isə 2018-ci illə müqayisədə 2.6 faiz artım deməkdir».

Q.İbadoğlu deyib ki, regionların Bakıya nisbətən geri qalmasının bir sıra səbəbləri var. Onun fikrincə, ölkədə regionlar arasında rəqabət mühiti yaradan bir inzibati sistem, iqtisadi quruluş formalaşmayıb. Q.İbadoğluna görə, idarəetmənin mərkəzdən təmin olunması regionların inkişafını əngəlləyən əsas səbəblərdən biridir: «Regionlar mərkəzdən təyin olunan bir icra başçısı tərəfindən idarə olunur. Bu isə investorların regionlarda azad fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırır. İcra başçılarının regionlarda sahibkarların fəaliyyətinə haqsız müdaxilələri bu istiqamətdə irəliləyişə nail olmağa imkan vermir».

R.Ağayev də hesab edir ki, mövcud regional disbalans aradan qaldırılmazsa, ölkədə dayanıqlı iqtisadi inkişafa nail olunması qeyri-mümkündür: «Bugün Azərbaycanda istehsal olunan milli gəlirin 80 faizi Bakı və Abşeron yarımadasının payına düşür. Regionların ixracatdakı yeri ən yaxşı halda 3-4 faizə güclə çatır. Bütün bunlar göstərir ki, iqtisadi inkişaf baxımından Azərbaycanın regionları arasında çox ciddi disbalans var. İqtisadi inkişafda varsa, deməli, sosial inkişafda da belə disbalans var».

Ərik
Ərik

«Ərik od tutub yanacaq»

Modern.az saytında «Bu il bazarda ərik «od tutub yanacaq» - Yağıntılar fermerlərə ziyan vurub» sərlövhəli yazı diqqət cəlb edir.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli sayta bildirib ki, qeyri-sabit hava təsərrüfatlara təsirsiz ötüşməyəcək: «Suvarılan ərazilərin bəzilərində arxlarda suyun həcmi artdığına görə əksər taxıl sahələrini su basıb, yağıntıların çoxluğundan bəzi sahələrdə taxıl yatıb».

Meyvəçiliyə gəlincə, N.Nəsirli deyib ki, yağıntılar ərik sahələrinə mənfi təsir göstərib: «Yalnız çəyirdəkli meyvələrdə, konkret olaraq ərikdə çiçəkləmə baş vermişdi. Yağıntılar bilavasitə ərik ağaclarına təsir göstərəcək. Çünki ərik çiçəkləmişdi və tozlanma prosesi gedirdi. Yağıntılar ərikdəki tozlanma prosesini iki həftə ləngitdi. Bu o deməkdir ki, ağacların 50 faizinin məhsuldarlığına təsir edəcək. Bunu danmaq olmaz. Məhsuldarlığın aşağı olması da bu meyvənin qiymətində özünü büruzə verəcək».

Ekspert hesab edir ki, əgər ərikdə ağacbaşına məhsuldarlıq 50-60 kiloqram olacaqdısa, yağıntılardan sonra bu, yarıbayarı azalacaq: «Hazırda Quba, Qəbələ, Zaqatalada ərik bağlarının zərər gördüyü məlumdur».

N.Nəsirli qeyd edib ki, yağıntı səbəbindən yaranan nəmişlik zərərvericilərin sayını artıracaq, fermerlər zərərvericilərlə mübarizəni gücləndirməlidir. Onun fikrincə, bu il ən azı beş dəfə mexaniki dərmanlamaya ehtiyac yaranacaq.

N.Nəsirli hesab edir ki, havaların qeyri-sabit keçməsi pambıq və qarğıdalı sahələrinə də təsirsiz ötüşməyəcək: «Toxumlar cücərdilmişdi, iki həftə əvvəl əkilməliydi. Artıq fermerlərdən daxil olan məlumatlardan bəlli olur ki, toxumlar çürüyür. Deməli, bu məhsul hələ əkilməmiş 50 faizi itirilib. Pambıq və qarğıdalı sahələrində risk faktoru var».

Formula-1 Bakıda
Formula-1 Bakıda

Formula-1 yarışları başlayır

«Azərbaycan» qəzetində «Küçələrin fəthi başladı» sərlövhəli yazıda bu gün, aprelin 26-da Bakıda start veriləcək Formula-1 yarışları dəyərləndirilir.

«Bu gün Bakı sayca 4-cü dəfə möhtəşəm tədbirə - Formula-1 Azərbaycan Qran-prisinə evsahibliyi edir. Sürətsevərlər planetin ən güclü 10 komandası və 21 pilotun əzmkar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər Formula-1 treklərindən seçilir», - müəllif yazıb.

Yazıda vurğulanır ki, müasirlik ilə tarixiliyi özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin qeydə alınacağı gözlənilir: «Pilotların yarışacağı avtomobillər - bolidlər də starta tam hazır vəziyyətdədir. Pilotların trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri şübhəsizdir».

Yazıda bildirilir ki, Qran-pri reqlamentinə əsasən, komandaların hər biri aprelin 26-da 90 dəqiqə davam edəcək iki sərbəst yürüş ərzində trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər. Şənbə günü səhər sürücülər bir saatlıq məşq keçəcəklər, bazar günü isə yarış başlayacaq.

Yazıda o da qeyd edilir ki, Bakı trası şəhər traslarından ən sürətlisidir.

«O, uzunluğuna görə yalnız Spadan, döngələrinin sayına görə isə Sinqapurdan və Abu-Dabidən geri qalır. O da saat əqrəbinin əks istiqamətində burulur...», - müəllif yazıb.

XS
SM
MD
LG