Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

'Biçarə şəhər' –Media icmalı


İçərişəhər
İçərişəhər

Gənclərin məşğulluğu, İçərişəhərdə mövcud durum, Bakıda bugünlərdə açılışı olan parkda problemlər və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

«İçərişəhərdə Qala divarlarının bir hissəsini söküb kafe tikirlər»

Modern.az saytında «Biçarə şəhər... İçəri şəhər... Bir azdan da Köçəri şəhər» sərlövhəli yazı dərc edilib.

İçərişəhərdəki mövcud vəziyyətdən bəhs edən yazı deputat Fazil Mustafanındır. «İçərişəhərdə Qala divarlarının bir hissəsini söküb kafe tikirlər. Keçmiş «Sovetski»də tarixi abidələrin bəzilərini uçurdurlar. Tanınmış şəxsiyyətlərin yaşadığı evləri ortadan qaldırırlar...», - yazıda oxuyuruq.

Deputatın fikrincə, burada ən acınacaqlısı da odur ki, ictimai qınağı nəzərə almaq barədə bu işi görənlərin heç biri düşünmək istəmir: ​«Mərhum Vaqif Səmədoğlu 50 il öncənin sökasökünə məruz qalan İçərişəhəri «Biçarə şəhər» adlandırırdı. İndisə yalnız biçarə qalan İçərişəhər deyil, bizlər hamımızıq. Yəni hər hansı bir zərərli tendensiyanı dayandırmaq imkanımız yox. Çünki Qanundan öncə Qaydalar işləyir və Qanun Qaydanı özünə tabe etdirə bilmir».

Deputat xatırladıb ki, keçən il Yasamal rayonunda metronun «20 Yanvar» stansiyasına yaxın ərazidə ağacların dibinə kimyəvi turşu tökmüşdülər, onların hamısı bir neçə günün içində məhv oldu: «Başqa yerlərdə də baş verən ağac qətliamına son qoymaq imkanımız yox. Yəni İçərişəhər də təqribən ağaclara bənzər formada əridilir. Halbuki, bu tarixin nadir incisinə toxunmaq olmaz, bir daşını da cızmaq, sındırmaq olmaz. Biçarə şəhər... İçəri şəhər... Bir azdan da Köçəri şəhər...».

Neftçilər parkı
Neftçilər parkı

«6 gün əvvəl prezident açılışında iştirak etmişdi...»

Azpolitika.info saytında «Qaraçuxurdakı «Neftçilər parkı» zülmətə qərq olub- 6 gün əvvəl Prezident açılışında iştirak etmişdi (FOTO)» sərlövhəli yazı () yer alır.

Yazıda bildirilir ki, bu il aprelin 18-də dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanın açılışını etdiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki «Neftçilər parkı»nın işıqlanmasında problem var.

Sakinlərin şikayəti əsasında parkda olduğunu bildirən müəllif yazıb ki, axşam saatlarında cəmi 6 gün əvvəl açılmış parka üz tutan insanlar kor-peşman geri qayıdırlar.

Yazıda sakinlərə istinadən habelə qeyd edilənə görə, ölkə başçısının gəlişi gözlənildiyindən, parkın açılışından bir neçə gün əvvəl yollarda və yol kənarlarında tez-tələsik abadlıq işləri aparılıb. Müəllifin vurğulamasına görə, parkın özündə isə 3-4 ədəd kiçik karusel quraşdırılıb: «Ancaq sakinlər bildirirlər ki, hətta o qədər də müasir olmayan bu karusellər belə, park açılandan bu günə qədər hələ düz-əməlli işləməyiblər. Səbəb olaraq isə sakinlərə elektrik təminatında problemlərin olması göstərilib».

Yazıda daha sonra da sakinlərə istinadən bildirilir ki, açılışdan sonrakı ilk günlərdə ərazi elektrik enerjisi ilə təmin olunsa da, son 2-3 gündə bu məsələdə problem yaşanıb.

Müəllifin qeyd etməsinə görə, parkın açılışında prezidentə hesabat verən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov isə nəinki parkın, ümumiyyətlə Suraxanı rayonunun heç bir kommunal probleminin qalmadığını deyib. «Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir», - yazıda qeyd edildiyinə görə, icra başçısı deyib.

Müəllif isə «hamısı gözəldir» deyiminə inamsız yanaşır: «Məsələn, elə həmin Qaraçuxur qəsəbəsinin Şərq Massivi adlanan ərazisində hər il hələ yay gəlməmişdən içməli su problemi başlayır və bütün yay boyu bu problem heç cür həll olunmur ki, olunmur. Və ümumiyyətlə, rayonda hər şeyin «gözəl olduğunu» elə ölkə başçısının cəmi 6 gün əvvəl açılışını etdiyi parkın 2 gündən sonra işıqsız qalması, qaranlığa qərq olması və heç kimin də bununla maraqlanmaması da sübut edir…».

Amma sayt bütün bu vəziyyətlə bağlı rayon rəsmilərinin mövqeyini öyrənə bilməyib.

Bakıda, yoxsa regionda iş tapmaq daha asandır
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Gənclərin məşğulluğu

«Azərbaycan» qəzetində «Azərbaycan gənclərin məşğulluğunun dəstəklənməsində çox ölkələrə nümunədir» sərlövhəli yazı dərc edilib.

Müəllif hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin ölkənin dinamik və uzunmüddətli inkişafını təmin edən uğurlu islahatlar proqramı işsizliyin kəskin şəkildə azalmasına, əmək bazarında sabitliyin əldə olunmasına imkan verib. Yazıda vurğulandığına görə, üstəlik, bu, gənclərin əmək bazarına çıxışının və məşğulluğunun artırılmasına, iqtisadiyyatın dayanıqlı inkişafında gənclərin iştirakının təmin edilməsində şərait yaradıb: «Bunun nəticəsidir ki, ölkədə gənclər arasında işsizlik səviyyəsi kəskin şəkildə azalmaqdadır. Azərbaycan gəncliyi ictimai həyatın və iqtisadiyyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilir. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər».

Müəllifin qeyd etməsinə görə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) Azərbaycana gənclərin məşğulluq problemlərinin həllinə görə dünyada 10 lider ölkə sırasında yer verib. Yazının sonuna doğru da qeyd edilir ki, yeni təşəbbüslər əsasında ölkədə gənclərin məşğulluğu sahəsində dövlət siyasəti daim təkmilləşdirilir.

XS
SM
MD
LG