Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

'Maşına qızıldan disk qoyurlar? Bəlkə, brilyant qaşlarla...' -Media icmalı


Maşın bazarı 'ölür' - Yeni qaydalara görə
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Maşın bazarı 'ölür' - Yeni qaydalara görə

Sosial layihələr, avtomobil idxalındakı vəziyyət, ABŞ-ın İrana tam neft sanksiyasının Azərbaycana mümkün təsiri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bu maşın niyə Azərbaycana 8-12 minə gəlib çıxır?»

YeniSabah.az saytında «İki maşının pulunu verirsən, amma biri sənin olur-«Qızıldan disk qoyurlar?»» sərlövhəli yazı yer alır.

Müəllif ölkəyə avtomobil idxalındakı vəziyyəti ekspertlərlə müzakirə edib.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı «Yeni Sabah»a deyib ki, gömrük rüsumlarına yenidən baxılmasının tərəfdarıdır. O vurğulayıb ki, gömrük rüsumları reallığı əks etdirmir: «Nə qədər şəffaflıqdan danışılsa belə, avtomobil idxalı ilə bağlı hələ də problemlər qalır».

Ekspert bu ilin əvvəlində gömrük rüsumunun artırılmasına da diqqət çəkib: «Gürcüstandan borcla-xərclə 3000 manata maşın alan vətəndaş onu Azərbaycana gətirəndə 5000 manat da Gömrük Komitəsinə verib qeydiyyatdan keçirmək məcburiyyətində qalacaq».

Ekspert Gürcüstanda ucuz alınan maşının Azərbaycanda baha başa gəlməsi ilə bağlı düşüncələrini bölüşərkən satiradan da istifadə edib: «Təsəvvür edin, bu, Avropadan, Asiyadan, digər ölkələrdən gəlib. Hələ gürcü bunun üstünə pul qoyub satır. Yaxşı, bu maşın niyə Azərbaycana 8-12 minə gəlib çıxır? Maşına qızıldan disk təkər qoyurlar, bəlkə sükanı dəyişib brilyant qaşlarla bəzəyirlər? Nə edirlər ki, bu maşın bu qədər bahalaşır? Gömrük Komitəsinin səlahiyyətli şəxsləri bunu fikirləşsinlər».

Müəllif xatırladıb ki, bu günlərdə mediada ölkəyə gətirilən avtomobillərin rəsmiləşdirilməsindən ötrü rüşvət tələb olunması ilə bağlı məlumatlar yayılmışdı. Yazıda vurğulandığına görə, bu barədə şikayət edən şəxs bildirib ki, onun Gürcüstandan 8160 manata aldığı maşının rəsmiləşməsinə 7500 manat pul tələb olunub.

Dövlət Gömrük Komitəsi isə bu mövzuda yazılanları «iftira və böhtan, həqiqətə uyğun olmayan məqalə» kimi qiymətləndirib.

Neft buruğu
Neft buruğu

«10 dollarlıq artıma görə illik 2-2.5 milyard dollar...»

Trend.az saytında «Rövşən Ağayev: Trampın qərarı neftin bahalaşmasına səbəb ola bilər» sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif İrana neft sanksiyalarından bəzi ölkələrin kənarda saxlanması ilə bağlı müddətin uzadılmayacağına dair ABŞ prezidenti Donald Trampın mövqeyini iqtisadçı-ekspert Rövşən Ağayevlə müzakirə edib.

R.Ağayev bunun dünya bazarında «qara qızıl»ın qiymətinin artmasına səbəb ola biləcəyini istisna etməyib. Ekspertin sözlərinə görə, bu məsələdə istisna təşkil edən ölkələr İranın neft ixracatında böyük paya malikdirlər. Söhbət Hindistan, Türkiyə, Çin, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandan gedir: «Gözlənilir ki, mayın 2-də bu güzəşt başa çatacaq. Hazırda güzəşt müddətinin uzadılıb-uzadılmayacağı müzakirə olunur. Hələlik, ABŞ bu müddəti uzatmaq fikrində deyil».

İqtisadçı düşünür ki, əgər neft bazarından kənarlaşdırılacaq İranı hansısa digər tədarükçü əvəzləyəcəksə, «qara qızıl»ın qiyməti stabil qalacaq: «Səudiyyə Ərəbistanı bazardakı boşluğu doldurmağı öz üzərinə götürüb. Lakin bu, baş verməsə, yenidən neft bazarında 2007-2008-ci illərdəki qiymət artımı olacaq».

R.Ağayev hesab edir ki, «qara qızıl» ətrafında baş verən proseslər Azərbaycana da təsir edəcək: «Neftin qiymətinin bahalaşması Azərbaycanın maliyyə vəsaitlərini artıracaq. Azərbaycan faktiki olaraq hər 10 dollarlıq artıma görə illik 2-2.5 milyard dollarlıq neft mənfəəti əldə edəcək».

İ.Əliyev Sumqayıtda
İ.Əliyev Sumqayıtda

Sosial islahatlar paketi

«Azərbaycan» qəzetində «Sosial islahatlar paketi - yüksək rifahın təminatı» sərlövhəli yazı dərc edilib.

Müəllifin yazmasına görə, dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, son 4 ayda elə bir sahə yoxdur ki, maaşlar, sosial müavinətlər və təqaüdlərdə artımlar edilməsin.

Yazıda qeyd edilir ki, xalqın sosial vəziyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atan prezident İ.Əliyev aprelin 18-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki Neftçilər parkında vətəndaşlarla səmimi söhbəti zamanı imzalanan sənədləri böyük sosial islahatlar paketinin bir hissəsi adlandırıb: «Eyni zamanda vurğuladı ki, bu artım böyük olsa da, dövləti qane edə bilməz və ona görə də maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq. Bununla bağlı artıq müvafiq göstəriş də verilib».

Müəllifin vurğulamasına görə, Neftçilər parkında söhbət zamanı prezident bütün sahələrdə artımların davamlı olacağını deyib.

«İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə ilk növbədə vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına...», - prezident deyib.

Müəllifin qeyd etməsinə görə, dövlət başçısı bəyan edib ki, bu istiqamətdə işlər davam etdiriləcək. Yazının sonunda isə oxuyuruq: «Dövlət başçısının bu fikirlərindən aydın olur ki, həyata keçirilən uğurlu siyasət, iqtisadi islahatlar və görülən işlərin şəffaflaşdırılması prinsipi nəticəsində artan büdcə gəlirlərinin, maliyyə imkanlarının böyük hissəsi bundan sonra da məhz sosial sferaya yönəldiləcək...».

XS
SM
MD
LG