Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:36

Trump-ın impiçment məsələsində fikirlər haçalanır – Qərb mediası


Donald Trump
Donald Trump

Demokratlar partiyasından prezidentliyə namizədlər respublikaçı Prezident Donald Trump-ın impiçment məsələsinə fərqli yanaşırlar. “Reuters” agentliyi yazır ki, Xüsusi prokuror Robert Mueller-in Rusiyanın seçkiyə müdaxiləsinə dair hesabatına partiyadakı fərqli münasibət getdikcə daha da dərinləşir.

CNN televiziyasının efirində izləyicilərin suallarını cavablandıran üç namizəd Trump-ın impiçmentinə çağırmayıblar.

Daha bir namizəd, Kaliforniyadan olan senator Kamala Harris isə deyib ki, Konqres “impiçmentlə bağlı addımlar atmalıdır”. O eyni zamanda belə bir cəhdin alınmayacağını da dilə gətirib.

Elizabeth Warren
Elizabeth Warren

Yalnız bir namizəd, Massaçusetsdən senator Elizabeth Warren Konqresi Trump-ı vəzifədən kənarlaşdırmağa cəhd göstərməyə səsləyib.

“Bu ölkədə hər hansı bir insan Mueller-in hesabatında sənədləşdiriləni etsəydi, onu həbs edərdilər”, – Warren vurğulayıb.

San Antonionun keçmiş meri, prezidentliyə daha bir iddialı Julian Castro da Trump-ın impiçmentinə çağırıb.

Mueller hesabatında prezidenti Rusiya istintaqını dayandırmağa meylli kimi təsvir edir, ancaq cinayətin törədildiyini demir, Trump-ın ədalətə mane olub-olmasını müəyyənləşdirməyi Konqresin öhdəsinə buraxır.

Nümayəndələr Palatasının Demokrat spikeri Nancy Pelosi, eləcə də partiyanın digər liderləri gələn il keçiriləcək prezident seçkisi öncəsi bu məsələyə ehtiyatlı yanaşırlar.

Onların fikrincə, Trump-ı vəzifədən kənarlaşdırmaq üçün respublikaçıların nəzarətində olan Senatda yetərincə səs əldə etmək mümkün deyil. Onlar həmçinin 1990-cı illərdə respublikaçıların demokrat prezident Bill Clinton-u impiç etmək cəhdlərini yada salırlar. O zaman bunun siyasi əks-təsiri oldu.

Kiyevdə feministlərin yürüşü, 8 mart, 2019-cu il
Kiyevdə feministlərin yürüşü, 8 mart, 2019-cu il

Dünyada gender bərabərliyi, ailə həyatı, dinə baxışlar dəyişibmi

Dünyada müxtəliflik artırmı? Gender bərabərliyi möhkəmlənibmi? Din keçmişlə müqayisədə daha çox, yoxsa daha az rol oynayır? Ailə bağları möhkəmlənib, yoxsa zəifləyib? Pew Araşdırma Mərkəzi bu sualları 27 ölkədə 30 mindən çox ünvanlayıb.

Əsas baxış belədir – müxtəliflik və gender bərabərliyi güclənib, ailə bağları və din zəifləyib.

Ortalama hər 10 nəfərdən yeddisi deyir ki, ölkələri son 20 ildə daha da şaxələnib, gender bərabərliyi artıb. Hər 10 nəfərdən altısı isə ailə bağlarının zəiflədiyini düşünür.

Dinin əhəmiyyətinə dair mövqelər daha çox fərqlənir. Ortalama 37 faiz deyir ki, 20 il öncəyə baxanda din ölkələrində daha az əhəmiyyətli rol oynayır. 27 faiz isə daha vacib rol oynadığını vurğulayır.

Hər dörd sual üzrə əhalinin gözəçarpan hissəsi (hər beş nəfərdən biri) son 20 ildə heç bir dəyişiklik olmadığını bildirib.

Bu suallar adamların dəyişikliyi görüb-görmədiyini ölçmək üçün verilib.

Tesla-nın yeni modelinin təqdimatı
Tesla-nın yeni modelinin təqdimatı

Tesla özüyeriyən avtomobil buraxacağını deyir

Tesla şirkətinin rəhbəri Elon Musk gələn ildən şirkətin buraxdığı elektriklə işləyən avtomobilləri özüyeriyən maşınlara çevirmək niyyətindədir. Bu plan Uber kimi xidmətlərlə rəqabət aparacaq robot taksilər yaradılmasını nəzərdə tutur.

Dünən – aprelin 22-də Tesla San Fransiskodakı Silikon Vadisində qərargahında tədbir keçirib. “The Associated Press” yazır ki, plan əslində bir neçə mərhələdə inam və risk tələb edir, Musk-ı texnologiya dahisi hesab edən investorlar və müştərilər isə adətən belə risklərə hazır olurlar.

Di gəl, özüyeriyən avtomobillər üzrə ekspertləri narahat edən məqam var – Musk-ın niyyəti ola bilsin, Teslanın səhmlərini bahalandırmaq, daha çox elektromobil satmaqdır və ictimai təhlükəsizliyi vecinə almır.

“Bu, onun adamlara sırımağa çalışdığı boş arzuya oxşayır. Məncə, bu aşırı bir vəddir və Elon Musk üçün tipik addımdır”, – Carnegie Mellon Universitetindən elektrik və kompüter mühəndisliyi professoru Raj Rajkumar deyib.

Agentlik yazır ki skeptiklərin yanlış düşündüyünü sübut etməkdən ötrü Musk nizamlayıcı qurumları inandırmalıdır ki, yüzminlərlə elektromobili özüyeriyən maşınlara çevirəcək Tesla texnologiyası insanlar üçün daha təhlükəsiz və daha etibarlı robotlar buraxa biləcək.

Bu arada Birləşmiş Ştatlarda 60-dan artıq şirkət özüyeriyən avtomobil buraxmağa çalışır. Onlardan bəziləri artıq bu ildən kiçik coğrafi ərazilərdə sərnişin daşıyacaq tam avtonom maşınları işə salmağı hədəfləyir. Ancaq bir çox ekspertlər belə maşınların azı on il ərzində geniş istifadə olunacağına inanmır.

XS
SM
MD
LG