Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

'Vətəndaşın müdafiə imkanları sıfıra enib'-deputat (Media icmalı)


Dollar
Dollar

Kreditlərə görə kompensasiyaların verilməsinə başlanması, islahatlar, infrastruktur və sosial layihələrin icrası medianın diqqət ayırdığı mövzulardandır...

Kreditlərə görə kompensasiyaların verilməsinə başlanır

«Yeni Müsavat» qəzetində «Bu gündən problemli kreditlərə görə ödənişlər başlayır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, prezident İlham Əliyevin fevralın 28-də imzaladığı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının icrası ilə bağlı hazırlıq işləri başa çatdırılıb: «Bu gündən (aprelin 22-dən) etibarən problemli dollar kreditlərinə görə kompensasiyaların ödənilməsinə başlanılır».

Yazıda qeyd edilir ki, kompensasiya alacaq şəxslərin sayı 602 min 347 nəfər təşkil edir (Söhbət banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəşt edilməsindən gedir).

İqtisadçı Natiq Cəfərli qəzetə deyib ki, bu məsələdə sualların cavabları verilməyib: «Məsələn, bağlanan banklarla bağlı problemli kredit məsələsinin həlli yolları necə olacaq? Bu günə qədər həmin banklarda krediti olmuş insanlar necə kompensasiya alacaqlar? Bununla bağlı bəlli bir məlumat yoxdur. Hələ də prosedur qaydalarının hansı formada həyata keçirilməsi ilə bağlı müxtəlif suallar var. Hesablama qaydaları ilə bağlı da suallar mövcuddur».

N.Cəfərlinin deməsinə görə, əsasən də, birinci və ikinci devalvasiya arasında olan problemli kreditlərlə bağlı məsələlər fərqlidir: «Sonradan həmin kreditlərin manata çevrilməsini də görmüşük. Birinci devalvasiyadan sonra bəzi banklar müştərilərinə kredit borcunu manata çevirməyi də təklif etdilər. Bəs orada hesablama qaydası hansı məzənnə ilə aparılacaq? Bununla da bağlı suallar mövcuddur».

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Sözügedən fərmanda devalvasiyalara görə fiziki şəxsə dəyən ziyanın əsasən dövlətin üzərinə qoyulması nəzərdə tutulur.

F.Mustafa
F.Mustafa

Deputat: «Problemlərin çoxu inhisarçılıqla, korrupsiya ilə bağlıdır»

Unikal.org saytında «Məhkəmələrdə korrupsiya problemləri özünü qabarıq şəkildə göstərir – Fazil Mustafa» sərlövhəli yazı yer alır.

Müəllif islahatlar mövzusunda deputat Fazil Mustafa ilə söhbətləşib.

Deputat hesab edir ki, prezident gerçək bir islahat niyyəti ortaya qoyub. Amma o bu niyyəti hamının anladığına şübhə edir: «...Gəlin görək, bu niyyət hamı tərəfindən anlaşılıbmı? Bunu söyləmək çətindir. Xüsusilə hakimiyyət komandasında xeyli qüvvələr var ki, bu islahatların həyata keçirilməsinə maneçilik törədir».

F.Mustafa diqqəti prezidentin Novruz bayramı (martın 21-i) ilə bağlı çıxışında məhkəmə-hüquq sahəsində islahatlara aid dediklərinə çəkir: «Amma məhkəmə hüquq islahatlarını həyata keçirəcək şəxslərin özləri məhkəmə sistemini bu vəziyyətə salan qüvvələrdir. Ona görə də bunun necə həyata keçiriləcəyi, açığı, sual altındadır».

Deputat şübhələrini belə əsaslandırır: «...Həmin qüvvələr vəkillər sistemini də alt-üst etdilər. Nümayəndəlik institutunu ləğv etdilər. Bu gün vətəndaşın normal müdafiə imkanları sıfıra enib. Çox ciddi problemlər var. Ona görə də islahat niyyəti hələ ki, prezidentdən aşağı səviyyələrdə əngəllə qarşılanır. Digər sahələrdə də elədir».

F.Mustafaya görə, ilk növbədə islahatın öz kadrlarını tapmaq lazımdır, daha sonra hakimiyyət eşelonunda olan insanlar müəyyən dərəcədə öz imtiyazlarından imtina etməyi göz önünə almalıdırlar: «Çünki imtiyazdan imtina etmədən islahat aparmaq olmaz. Aşağı səviyyədə problemlərin çoxu inhisarçılıqla, korrupsiya ilə bağlıdır. Bunlara qarşı müəyyən cəbhə açmaq üçün mütləq yuxarı eşelondakılar bundan imtina etməli, bu imtiyazlardan uzaqlaşmalıdırlar...».

İ.Əliyev Saatlıda yeni yolun açılışında. 2013
İ.Əliyev Saatlıda yeni yolun açılışında. 2013

«Yol salmaq, su çəkmək,..»

«Azərbaycan» qəzetində «Yol salmaq, su çəkmək, ev tikməkdən savab iş yoxdur» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar ölkənin ümumi inkişafı ilə yanaşı, sosial məsələlərin həllinə də xidmət edir.

Yazıda vurğulanıb ki, yol infrastruktur layihələri ölkənin bütün regionlarını əhatə edir: «Ümumiyyətlə, 2004-cü ildən bugünədək ölkə ərazisində ümumilikdə 15 min kilometrdən çox avtomobil yolu salınıb. Təkcə keçən il 2 min kilometr yeni avtomobil yolu çəkilib. Başqa sözlə, 920 kəndin yol infrastrukturunu yaxşılaşdırıb, yerli əhalinin rahat gediş-gəlişini təmin edib. Həmin yaşayış məntəqələrində 2.2 milyon insan yaşayır».

Yazıda bildirilir ki, Azərbaycanda su mənbələrinin sayı və həcmi elə də çox deyil: «Problemi aradan qaldırmaq üçün son dövrlər prezident İlham Əliyevin təşəbbüsü ilə «Şəmkirçay», «Taxtakörpü», «Tovuzçay» kimi nəhəng su anbarları yaradılıb ki, bu da ölkədə yüz min hektarlarla əkin sahələrinin suvarılmasına və minlərlə əhalinin içməli suya olan tələbatının ödənilməsinə imkan verir».

Müəllifin bildirməsinə görə, ölkənin inkişafında önəmli rol oynayan sosial infrastruktur layihələrinin icrasına da xüsusi önəm verilir: «Prezident İlham Əliyev sosial cəhətdən həssas təbəqə olan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Təkcə ötən il 5 min 800 köçkün ailəsinə yeni mənzillər verilmişdir. Cari ildə isə 5 min köçkün ailəsi üçün yeni mənzillər tikilir...».

XS
SM
MD
LG