Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 17:26

Hacıqabulda avtobus zavodunun təməli qoyulub


Təməlqoyma mərasimi

Aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində «Azərmaş Sənaye» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani iştirak edib.

Məlumat verilib ki, layihənin ümumi dəyəri 10 milyon avrodur. Zavodda ilkin mərhələdə 500, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobilləri istehsal olunmalıdır. Bir ədəd avtobusun qiyməti modelindən asılı olaraq 135-200 min avro, yük avtomobilinin qiyməti 70-90 min avro təşkil etməlidir.

Habelə bildirilib ki, istehsal prosesində İsveç, Almaniya, Türkiyə və İran avadanlıqlarından istifadə olunacaq.

Nazir: Azərbaycanda 1000-dək İran şirkəti var

«Son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub».

Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev aprelin 18-də İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

«Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran Azərbaycana 3.4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir. 2018-ci ildə zavodda 1000-dən çox avtomobil, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb», - nazir açıqlayıb.

Onun deməsinə görə, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu inşa olunacaq, Hacıqabul Sənaye Məhəlləsində isə avtobus istehsalı zavodunun təməli qoyulacaq.

Ş.Mustafayev qarşılıqlı ticarət sahəsində də əlaqələrin genişləndiyini qeyd edib: «Ötən il ticarət dövriyyəsi 74 faiz artıb, bu ildə də ticarət dövriyyəsində artım davam edir. Belə ki, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4.5 dəfə artıb. Bununla belə, ticarət əməkdaşlığının daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi üçün geniş imkanlar var».

Bununla belə, nazir iki ölkə arasında illik ticarət dövriyyəsinə aid ümumi rəqəm açıqlamayıb.

Görüşdə sənaye, kənd təsərrüfatı, ticarət, sahibkarlıq və başqa sahələrdə əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrə dair müzakirələr aparılıb.

R.Rəhmaninin başçılıq etdiyi nümayəndə heyəti aprelin 18-dən Azərbaycanda səfərdədir. O, aprelin 18-də prezident İlham Əliyevlə də görüşüb.

Multimedia

XS
SM
MD
LG