Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:04

Azərbaycan Mətbuat Azadlığı İndeksində yenə geriləyib


Karikatura
Karikatura

Jurnalistlərə nifrət zorakılıq formasını alır və bu da öz növbəsində qorxunun güclənməsinə səbəb olub. Jurnalistlərin tam təhlükəsizlik şəraitində işləyə biləcəyi ölkələrin sayı azalır, avtoritar rejimlər mediaya nəzarəti gücləndirirlər. Sərhədsiz Reportyorlar (RSF) Təşkilatı 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb.

Bu indeks hər il 180 ölkə və ərazidə jurnalistikanın durumunu dəyərləndirir. Qurum bir çox ölkələrdə siyasi liderlərin jurnalistlərə ifadə etdiyi düşmənçiliyin tez-tez ciddi zorakılıq forması aldığını, jurnalistlər üçün qorxu və təhlükəni görünməmiş həddə qaldırdığını bildirir.

RSF-in 2018-ci il Mətbuat Azadlığı İndeksi
RSF-in 2018-ci il Mətbuat Azadlığı İndeksi

Azərbaycan geriləyib...

Azərbaycan 180 ölkə içində 166-cı yeri tutub. Ötən il isə 162-ci idi.

***Buna da bax: Azərbaycanda media azadlığı 'qara' gündədir

“Prezident İlham Əliyev plüralizmin bütün formalarını əzməklə kifayətlənməyib, 2014-cü ildən bəri olub-qalan media tənqidçilərinə qarşı amansız müharibə aparır. Müstəqil jurnalistlər və bloqqerlər qısnama, döyülmə, şantaj və rüşvətə boyun əyməyincə absurd ittihamlarla həbs olunurlar. Zerkalo və Azadlıq qəzetləri kimi müstəqil media iqtisadi baxımdan boğulub. AzadlıqRadiosu zorla bağlanıb. Əsas müstəqil xəbər vebsaytları bloklanıb. Mühacirətdə müqaviməti davam etdirənləri susdurmaq üçün hakimiyyət onların Azərbaycandakı ailə üzvlərinə təzyiq göstərir. Rejim Gürcüstan və Ukraynada jurnalistləri həbs etdirməklə, Fransada məhkəməyə müraciət etməklə repressiyasını ixrac edib. Rejim yalnız təzyiq altında geri çəkilə bilər – belə bir təzyiqə həmişəkindən daha çox ehtiyac var”, – RSF bildirir.

Rəsmilər hələlik, bu indeksə münasibət açıqlamayıblar. Ancaq bir qayda olaraq, hakimiyyət təmsilçiləri ölkədə mətbuat azadlığının tam təmin olunduğunu, heç bir jurnalistin peşəsinə görə təqibə məruz qalmadığını deyirlər.

Gürcüstanda Əfqan Muxtarlıya azadlıq tələb olunur, 2017-ci il
Gürcüstanda Əfqan Muxtarlıya azadlıq tələb olunur, 2017-ci il

Qonşular isə...

Şərqi Avropa və Orta Asiya regionu indeksdə axırdan ikinci yeri tutur, yəni illərdir olduğu mövqeyini qoruyub saxlayır. Bu region ölkələrindən yarıdan çoxu indeksdə 150-ci yerə yaxın, yaxud ondan aşağıda qərarlaşıblar.

“Regionun ağırçəkililəri olan Rusiya və Türkiyədə müstəqil media orqanlarının təqibi davam edir. Türkiyə dünyada peşəkar jurnalistlərin ən çox həbsdə olduğu ölkədir. Həm də yeganə ölkədir ki, Cənnət Sənədləri (Paradise Papers) ilə bağlı reportajlarına görə jurnalist mühakimə olunub”, – qurum bildirir.

Ermənistan 9 pillə irəliləyərək 61-ci yeri tutub. Bu ölkədə “məxməri inqilab”dan sonra hökumətin dövlətə məxsus media üzərində nəzarətinin yumşaldığı bildirilir.

Gürcüstan isə 60-cı yerini qoruyub saxlayıb. Bu ölkədə medianın müstəqil, ancaq xeyli qütbləşmiş olduğu vurğulanır.

“2017-ci ildə Tbilisidə azərbaycanlı dissident jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı aparılan təhqiqat hələ ki ortaya inandırıcı nəticələr qoymayıb. Muxtarlının sirli şəkildə oğurlanması və daha sonra Azərbaycanda həbsi gürcüstanlıları sarsıdıb. Axı, bu ölkə adətən qonşuları üçün adətən bir sığınacağa çevrilmişdi”, – RSF bildirir.

İran dünyada jurnalistləri ən çox həbs edən ölkələrdən biridir, 170-ci yerdə qərarlaşıb.

Jamal Khashoggi
Jamal Khashoggi

Bəs Avropa?

Norveç artıq üçüncü ildir birinci yeri tutur. İkinci yerdə Finlandiya gəlir. Bu ölkədə mütəşəkkil cinayətkarlığı araşdıran iki jurnalist daimi polis qoruması altında yaşayır. Kiber qısnamanın artması nəticəsində İsveç üçüncü yerə düşüb. Dördüncü yerdə Niderlanddır.

Bir çox avtoritar rejimlər indeks üzrə geriləyiblər. Venesuela beş pillə geriləyərək 148-ci, Rusiya isə bir pillə düşərək 149-cu olub. Kremlin müstəqil media və internetə təzyiqi gücləndirmək üçün həbslərdən, qanunsuz axtarışlardan, məhdudlaşdırıcı qanunlardan istifadə etdiyi bildirilir.

İndeksin dibində Vyetnam (176), Çin (177), Eritrea (178), Şimali Koreya (179) və Türkmənistan (180) qərarlaşıb.

RSF bildirir ki, bu genişmiqyaslı düşmənçilik şəraitində korrupsiyanı, vergidən yayınmanı, mütəşəkkil cinayətkarlığı araşdırmağı davam etdirmək cəsarət tələb edir.

İtaliyada (43-cü yer) daxili işlər naziri və Liqa partiyasının lideri Matteo Salvini təklif edib ki, jurnalist Roberto Saviano-nun polis qoruması ləğv olunsun. Bu təklif jurnalist Salvinini tənqid edəndən sonra səslənib.

“Jurnalistlərin təqibi zamanı zorakılıqdan istifadənin artıq hüdudu yoxdur. Ötən oktyabrda səudiyyəli yazar Jamal Khashoggi-nin İstanbuldakı Səudiyyə konsulluğunda qətli Səudiyyə Ərəbistanının (172-ci yer) sərhədlərindən çox-çox uzaqlarda jurnalistlərə üşüdücü mesaj göndərdi. Sağ qalmaq qorxusu regionda bir çox jurnalistlərin özünə senzura qoyması, yaxud yazmağı tamam atmasıyla sonuclanıb”, – qurum bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG