Avropa İttifaqı ilə sazişin yubanması, ölkənin ixrac göstəriciləri, kənd təsərrüfatında pərakəndəlik və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«İnsan haqları məsələsində tərəflər fərqli düşünürlər»
«Yeni Müsavat» qəzetində «Avropa İttifaqı ilə saziş mayda imzalanmayacaq - rəsmi» sərlövhəli yazı oxumaq olar.
Yazıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasa istinadən bildirilir ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin mətni üzərində gərgin iş gedir: «Azərbaycanla yeni saziş üzərində çalışmaların 90 faizindən çoxunun tamamlandığını deyə bilərəm. Məqsədimiz bu işi mümkün qədər tez başa çatdırmaqdır. Danışıqları davam etdirmək üçün Azərbaycana daha bir nümayəndə heyətinin səfər edəcəyi gözlənilir...».
Müəllif Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin açıqlamasından belə bir nəticəyə gəlib ki, tərəfdaşlıq sazişi may ayında imzalanmayacaq: «Xatırladaq ki, sazişin may ayında imzalanmasının gözlənilmədiyi, imzalamanın böyük ehtimalla payızda baş tutacağı barədə hələ iki ay öncə «Yeni Müsavat» qəzeti yazmışdı. Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bu barədə qəzetimizə şərhində bildirmişdi».
Politoloq Elşən Mustafayev isə qəzetə deyib ki, prosesin bu qədər uzanmasının səbəbləri, çox güman, sənəddə nəzərdə tutulan bəzi bəndlərlə bağlı tərəflər arasında razılığın əldə olunmamasından irəli gəlir: «...İndiyə qədər aparılan danışıqların gedişatı ictimaiyyətə hər zaman bağlı olub və bu da sənədin hansı səbəblər üzündən yubanmasını detallı araşdırmağa mane olur. Ölkə daxilində hökumətin özünün razılaşmadığı bir çox sahələr də var ki, bu günə kimi sazişin uzanması səbəbi kimi göstərmək olar. Məsələn, insan haqları, siyasi islahatlar, media, mətbuat azadlığı məsələsində tərəflər fərqli düşünürlər».
Kənd təsərrüfatında pərakəndəlik
Modern.az saytında «Kənd təsərrüfatında pərakəndəlik - Nazirlik rəsmisi: «Tənzimlənməsinə ehtiyac var»» sərlövhəli yazı yer alır.
Yazıda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadənin düşüncələri təqdim edilir.
Müəllif yazıb ki, ölkədə iki il əvvəl soğan, keçən il də sarımsaq dəyər-dəyməzinə satılıb: «Amma diqqətçəkən məqam inişil kiloqramı 20-30 qəpiyə təklif edilən soğanın bu il ərzində 1 manat 40 qəpiyədək bahalaşmasıdır. Soğanla eyni aqibəti kələm və kartof da yaşayır. Elə bu səbəbdəndir ki, hökumət adıçəkilən məhsullara ixrac rüsumu tətbiq etmək qərarına gəldi».
F.Fikrətzadə sayta açıqlamasında bildirib ki, pərakəndəliyin aradan qaldırılmasından ötrü planlaşma olmalıdır: «Məsələnin köklü şəkildə həlli üçün iki istiqamətdə iş aparılır. Birincisi, elektron kənd təsərrüfatının tətbiqi ilə fermerlərlə bağlı informasiya sistemi tam qurulur. Bu sistemin qurulması hesabına müşahidə edə bilirik ki, fermerlər tərəfindən hansı regionda hansı məhsullar yetişdirilir. Məlumatlar ilin sonunda bazaya oturanda bunu daha dərindən təhlil etmiş olacağıq».
F.Fikrətzadə hesab edir ki, bazarın tənzimlənməsinə də ehtiyac var: «Bunun özü də vacib faktdır ki, bazarın əlverişsiz şəraitində müdaxilə olunandan sonra hər hansı məhsulun əkinində təcrübəsi olan fermerlər kənara çəkilməməli, gələn il yeri ixtisaslaşmayan fermerə verməməlidir. Bu iki istiqamətdə işlər paralel aparılır. Önəmli olan odur ki, qısa müddətdə bazara müdaxilə etməklə vəziyyətdən çıxa bilsin...».
Nazirlik rəsmisi qeyd edib ki, çox yaxın vaxtlarda «bu il soğan bahadır, gələn il soğan əkim, yaxud kələm bahadır, kələm əkim» trendi aradan qalxacaq.
İxrac göstəriciləri...
«Azərbaycan» qəzetində «İndi Azərbaycan dünyada təkcə neft-qaz ixrac edən ölkə kimi tanınmır» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, ölkə iqtisadiyyatı şaxələndikcə, qeyri-neft sektoru üzrə yaranan istehsal sahələrinin sayı artır, Azərbaycan brendinin nüfuzu güclənir, ölkənin ixrac imkanları genişlənir: «Bu gün müdafiə sənayemiz ordumuzu müasir silahlarla təchiz etməklə yanaşı, xarici bazarlara çıxış əldə edir. Dünya standartları səviyyəsində qurulan gəmiqayırma, bərk məişət tullantılarının yandırılması zavodları, sənaye və yüksək texnologiyalar parkları, sənaye məhəllələri qeyri-neft sektorunun inkişafını sürətləndirir. Xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yaradılmış «Azərxalça» ASC-nin artıq 30-dan çox müəssisəsi fəaliyyət göstərir. Bütün bu addımlar həm də idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldır, ixrac potensialını artırır».
Müəllifin iddiasına görə, aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların verilməsi, güzəştli kreditlər sisteminin tətbiqi, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması kənd təsərrüfatında inqilabi yeniliklərə nail olmağa imkan yaradıb.
Yazıda qeyd edildiyinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-cu ilin mart ayı üzrə hazırladığı hesabatda göstərilir ki, bu ilin ilk iki ayı ərzində ölkə üzrə ixracın dəyəri 3.2 milyard təşkil edib: «2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral ayları ərzində qeyri-neft məhsullarının ixracı 16.5 faiz artmışdır...».
Yazıda idxal göstəriciləri isə yer almır.