Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Poroshenko-Zelenskiy debatı aprelin 19-da olacaq


Petro Poroshenko (solda) və Volodymyr Zelenskiy
Petro Poroshenko (solda) və Volodymyr Zelenskiy

Ukraynada komediya aktyoru və prezident seçkisi kampaniyasının lideri Volodymyr Zelenskiy və hazırkı prezident Petro Poroshenko aprelin 19-da 70 minlik Olimpiya stadionunda keçiriləcək debatda qarşılaşacaqlar.

AFP agentliyinin yaydığı xəbərdə deyilir ki, Zelenskiy-nin komandası bu tədbiri sosial mediada təşviq edir və ictimaiyyəti “Ukraynanın tarixində qalacaq bu hadisənin iştirakçısı olmağa” çağırır.

Poroshenko-nun kampaniya komandası aprelin 17-də bildirmişdi ki, tərəfdarların stadiona aparılması üçün pulsuz avtobuslar təşkil ediləcək.

Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib ki, debatın tamaşasına 60 min nəfərin qatılacağı gözlənilir.

O əlavə edib ki, hər iki namizədin nümayəndələri ilə birlikdə təhlükəsizlik tədbirlərini müzakirə edir.

Onun bu bəyanatından əvvəl, aprelin 17-də Ukrayna hakimiyyət orqanları Rusiya hərbi kəşfiyyatının “vurucu komandasını” aşkar etdiyini xəbər vermişdi.

Rəsmilər deyiblər ki, seçkinin ikinci dövrəsinin ərəfəsində Ukrayna hərbi kəşfiyyatçısına sui-qəsd hazırlayan bu qrupun üzvləri həbs ediliblər.

***

Bundan əvvəl xəbər verilmişdi ki, Ukraynada prezidentliyə namizədlər arasında debatla bağlı daha bir əngəl ortaya çıxıb.

Prezident Petro Poroshenko-nun sözçüsü Oleh Medvedev deyib ki, prezident aprelin 19-da Kiyev Olimpiya Stadionunda debata getməyəcək, çünki rəqibi Volodymyr Zelenskiy debatın vaxtını dəyişmək istəyir. Debatın saat 4-dən 6-dək keçirilməsi nəzərdə tutulur.

Zelenskiy-nin komandası hələlik, son qərarı təsdiqləməyib.

Medvedev daha öncə demişdi ki, hər iki namizədin müşavirləri debatın aprelin 19-da stadionda keçirilməsinə dair müqavilə imzalayıblar. Ancaq o, tərəflərin hələ də qaydaları müzakirə etdiyini bildirib.

“Hələlik, baxışlarımız fərqlidir”, – o söyləyib.

Medvedev-in sözlərinə görə, Zelenskiy tərəf debatın saat 7-də başlamasını tələb edir.

Petro Poroshenko stadionda çıxış edir, 14 aprel, 2019-cu il
Petro Poroshenko stadionda çıxış edir, 14 aprel, 2019-cu il

Poroshenko teledebata gedəcək

Bu halda, onun fikrincə, namizədlər ikinci debata gedə bilməyəcəklər. İkinci debat Mərkəzi Seçki Komissiyasının tələbilə həmin gün axşam İctimai Televiziyanın studiyasında başlanmalıdır. Bu debat axşam 7- 10 arası canlı yayımlanmalıdır.

Sözçü deyib ki, Poroshenko “əsasən İctimai Televiziyanın debatına gedəcək, çünki bunu qanun tələb edir, qalanı vacib deyil”.

Stadionda aprelin 19-da debat keçirilməsini Zelenskiy tələb edib. Poroshenko sonucda buna razılaşaraq aprelin 14-də debata gedəcəyini söyləyib. Həmin gün prezident stadiona getsə də, Zelenskiy gəlməyib.

Bu arada 20-dək media orqanı aprelin 16-da Zelenskiy-ə açıq məktub yazaraq onu seçkinin ikinci raundu öncəsi onların suallarını cavablandırmağa, medianı “gözardı” etməyə son qoymağa çağırıb.

Media orqanları prezidentliyə namizədin yalnız say-seçmə mediaya müsahibə verdiyini, yerli jurnalistlərlə açıq təmasdan qaçdığını deyirlər.

Martın 31-də seçkinin birinci raundunda Zelenskiy Poroshenko-dan iki dəfə artıq səs yığıb, ancaq bu, qalib gəlməkdən ötrü yetərli olmayıb.

Bir çox rəy sorğuları onun ikinci raund qabağı da Poroshenko-dan üstün mövqedə olduğunu göstərir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG