Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:01

Poroshenko Kiyev stadionuna gedib, rəqibi gəlməyib


Petro Poroshenko selfi çəkir
Petro Poroshenko selfi çəkir

Dünən – aprelin 14-də Ukrayna Prezidenti Petro Poroshenko Kiyev Olimpiya Stadionuna prezident debatına gedib, ancaq rəqibi Volodymyr Zelenskiy gəlməyib.

Poroshenko debatın aprelin 14-də, Zelenskiy isə 19-da keçirilməsində təkid edirdi.

Ukrayna prezidenti həyat yoldaşı və övladlarıyla birlikdə stadionla ona bitişik otel arasındakı şüşə otağa daxil olub. Burada jurnalistlər yığışmışdı. O, səhnəyə çıxıb, aparıcı da yerini tutub. Onlar Zelenskiy-in gəlmədiyini qeyd ediblər

“Debat üçün yeri mən deyil, bir nəfər təklif etmişdi”, – Poroshenko izləyicilərə deyib. O, daha sonra Zelenskiy-ə müraciət edib. “Bilirəm ki, baxırsan”, – o, ironik şəkildə əlavə edib ki, yəqin, Zelenskiy Fransa Prezidenti Emmanuel Macron ilə görüşdüyü Parisə səfərdən sonra istirahət edir.

Poroshenko stadionda
Poroshenko stadionda

Poroshenko Zelenskiy-ni stadiona gəlməyə çağırıb, əks halda onu hər gün televiziya ilə debata dəvət edəcəyini söyləyib. “Qorxma. Debat dəhşətli bir şey deyil”, – o deyib.

Jurnalistlərdən biri soruşub ki, rəqibi seçkini udarsa, onunla əməkdaşlıq edəcəkmi. Poroshenko deyib: “Allah eləməsin, o seçilsə, bu, Ukrayna xalqının seçimi olacaq və bu seçimə sayqıyla yanaşacağam”.

Stadion qarşısına 2 minədək adam yığışıb, Poroshenko-nun bəyanatlarını, onun jurnalistlərə verdiyi cavabları dinləyib.

Prezident daha sonra onları stadiona dəvət edib və orada dövlət himnini oxuyublar.

Tərəfdarları ilə qucaqlaşan Poroshenko onlarla selfi çəkdirib, “Ukraynaya eşq olsun!” şüarını səsləndirib.

Sözçüsü Svyatoslav Tseholko AzadlıqRadiosu-na deyib ki, stadion içindəki tədbir hazırlıqsız alınıb, prezidentin ideyası olub.

Təhlükəsizlik rəsmilərinin deməsinə görə, onlar Poroshenko-nun tərəfdarlarını stadiona aparacağını gözləməyiblər.

Petro Poroshenko (solda) və Volodymyr Zelenskyy
Petro Poroshenko (solda) və Volodymyr Zelenskyy

***

Poroshenko stadionda nəzərdə tutulan debata tək getmək fikrindədir

Ukrayna prezidenti Petro Poroshenko aprelin 14-də Kiyevdəki “Olimpiya” stadionunda görüşə tək getmək fikrindədir.

Prezident seçkisinin ikinci mərhələsində onun rəqibi olan şoumen Vladimir Zelenski isə həmin gün Poroshenko ilə debatdan imtina edib və rəqibinə depatı aprelin 19-da keçirməyi təklif edib.

Amma Ukrayna prezidentinin rəsmi saytı Poroshenkonun aprelin 14-də stadiona gedəcəyini və jurnalistlər üçün akkreditasiyanın açıq olduğunu yazır.

Poroshenko ilə Zelenski aprelin 12-də “1+1” televiziya kanalı ilə canlı yayımda debatın yeri və vaxtı üstündə mübahisə ediblər.

Poroshenko birbaşa studiyaya gəlib, Zelenski isə onunla Parisdən telefonla danışıb.

Poroshenko rəqibini aprelin 14-də debata çağırıb. Zelenski isə deyib ki, onlar başqa vaxta- qanuna əsasən namizədlər arasında rəsmi debatın nəzərdə tutulduğu vaxta-aprelin 19-na danışıqblar.

Daha sonra Zelenski Poroshenkonun etirazına qulaq asmadan dəstəyi asıb.

Buna da bax: Poroshenko və Zelenskiy-nin tərəfdarları əlbəyaxa olublar

Şoumen Vladimir Zelenski seçkinin birinci mərhələsində Poroshenkonu xeyli səs fərqi ilə qabaqlayıb.

Seçkinin birinci mərhələsindən sonra o, Poroshenkonu stadiona debata çağırıb, amma vaxt göstərməyib.

Poroshenko isə təklifi qəbul edib və onu aprelin 14-də “Olimpiya” stadionbunda debata çağırıb.

Amma Zelenski iddia edir ki, o aprelin 19-nu nəzərdə tuturmuş.

“Olimpiya “stadionunun mətbuat xidməti debatın aprelin 19-da keçirilməsinə hazır olduğunu bildirib.

Amma qurumun yaydığı məlumatda deyilir ki, bu rəsmi debat olmayacaq, çünki Mərkəzi Seçki Komissiyasının qərarına əsasən debat İctimai televiziyanın studiyasında keçirilməlidir.

Seçkinin birinci mərhələsində 3-cü olan keçmiş baş nazir Yuliya Timoshenko Zelenski ilə Poroshenkonu prezident postunu nüfuzdan salmamağa, alçaltmamağa çağırıb.

Fransa prezidenti Emmanuel Macron bu ərəfədə Zelenski ilə Poroshenkonu qəbul edib.

Petro Poroshenko, Emmanuel Macron, Volodymyr Zelensky
Petro Poroshenko, Emmanuel Macron, Volodymyr Zelensky

O, hər iki namizədlə Ukraynaya dəstək məsələsini və Donbas münaqişəsinin həlli yollarını müzakirə edib.

Seçkinin ikinci mərhələsi aprelin 21-də olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG